Qul Haqqı / Saleh ŞİRİN

      Share

         Yer üzündəki varlıqların ən mükəmməli insandır. Çünki o, ən gözəl şəkildə yaradılmış, ağıl nemətilə zinətləndirilmişdir. İnsan üçün başqa insanlarla tanış olmaq, yardımlaşmaq, onlarla birlikdə yaşamaq ən təbii ehtiyacdır.

       Yer üzündə firavan həyat sürmək, Allahın saysız nemətlərindən məşru ölçülər içərisində faydalanmaq, nəslinin davamı üçün və ehtiyaclarını qarşılamaq, toplu halda yaşamağa bağlıdır. Cəmiyyət halında yaşamaq qarşılıqlı haqq və məsuliyyətləri də bərabərində gətirməktədir.

         İnsanlar arasındakı bütün əlaqələr “fərdlərin qarşılıqlı haqları” içərisində yer almaqdadır. Ata-ana, ailə-övlad, qonşu, yoldaş, işçi-müdir haqları bu növ haqlardandır. İnsanları şərəfli və ən gözəl surətdə Yaradan, onlara sayılmayacaq qədər çoxlu nemətlər və bəzi haqlar da lütf etmişdir. Bu haqların qorunması üçün də bəzi qanun və qaydalar qoymuşdur. Allah-Təala qullarına bəxş etdiyi belə bir haqqı tapdamağı günah saymaqdadır. Rəbbimiz Özünə qarşı edilən xəta və günahları bağışladığı halda, qul haqqını bu əfvin xaricində tutmuşdur. Qul haqqını bağışlamağı haqsızlığa uğrayan bəndəsinin öhdəsinə buraxmışdır. Ona görə də hər hansısa bir qul haqqı səbəbilə bir kimsə tövbə edəcəksə, əvvəlcə haqqına girdiyi, haqqını yediyi kimsədən halallıq alması şərtdir.

         Qul haqqı o qədər ciddi bir məsələ və o qədər mühüm bir haqdır ki, Allah-Təala şəhidin bütün günahlarını bağışladığı halda, üzərində kiminsə qul haqqı varsa, o haqqı, o xətanı bağışlamır. Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Allah-Təala şəhidin, qul haqqından başqa bütün günahlarını bağışlayar.” (Müslim). Canını Allah yolunda qurban edən bir şəhid üçün vəziyyət belədirsə, digər insanların tapdadıqları qul haqlarını halallaşmadan bağışlatmaları mümkün olarmı heç?!

         Qul haqqına girməyin axirətdəki çətin aqibətini, əzabını Peyğəmbərimiz (s.ə.s) belə bildirir: “Kimin üzərində din qardaşının namus, heysiyyət və ya malıyla əlaqəli bir zülm varsa, (yəni bir qul haqqına giribsə), qızıl və gümüşün olmadığı qiyamət günü gəlmədən əvvəl o insanla halallaşsın! Əks təqdirdə, etdiyi haqsızlıq ölçüsündə onun yaxşı əməllərindən alınıb haq sahibinə verilər. Əgər yaxşılığı (savabı) yoxdursa, haqq sahibinin günahından alınıb haqsızlıq edən kimsəyə yüklənər.” (Buxari)

         Başqa bir hədisi-şərifdə isə Peyğəmbərimiz səhabələrinə: “Müflis kimdir, bilirsinizmi?” -deyə soruşur. Onlar da: “Bizə görə müflis pulu və malı olmayan kimsədir” -şəklində cavab verirlər. Rəsulullah (s.ə.s) isə belə buyurur: “Şübhəsiz ki, ümmətimin müflisi bu kimsədir; qiyamət günü namaz, oruc və zakat savabı ilə gələr. Lakin ona söydüyü, buna iftira atdığı, onun malını yediyi, bunun qanını tökdüyü, onu döydüyü üçün yaxşılıqlarının savabı ona-buna verilər. Üzərindəki qul haqları qurtarmadan savabları qurtararsa, bu dəfə haqq sahiblərinin günahları o kimsəyə yüklənər və nəticədə (həmin kəs) cəhənnəmə atılar.” (Müslim, Tirmizi, Əhməd).

         Qul haqqı yemək haram olduğu üçün insanın mənəviyyatı üzərində mənfi təsir göstərər. İnsanların xalis və saleh əməllər işləməyə müvəffəq ola bilməmələrinin əsas səbəbi, harama, şübhəli şeylərə və qul haqqına kifayət qədər diqqət etməmələridir. İbadətlərdə xüşu halında ola bilmək Allahın əmrlərini sevərək, şövqlə yerinə gətirə bilmək ancaq qul haqqına diqqət, qul haqqından qorunaraq həssas bir təqva həyatı yaşamaqla mümkündür.

         Qul haqqının ən dəhşətli şəkillərindən biri faiz alıb-verməkdir. Başqa biri də tərəzidə aldatmaqdır. Bunlara əlavə olaraq, birinin malını oğrulamaq və ya icazəsiz olaraq almaq, şərəf və heysiyyətini ləkələmək (təhqir etmək); insanları zarafatla da olsa incitmək və ya qorxutmaq; aldatmaq; rüşvət alıb-vermək; borucunu gecikdirmək və ya ödəməmək, hər hansı bir müsəlman qardaşının qəlbini qırmaq, kobudluq etmək kimi xüsusların hamısı da qul haqqına girməkdir.

        Qul haqqı və halallaşmaq o qədər əhəmiyyətlidir ki, Rəsulullah bir peyğəmbər olmasına baxmayaraq, hər cür haqqa diqqət etməsinə baxmayaraq, bütün əshabının qarşısınında onlarla halallaşmaq istəmişdi.

        Bir gün bu fani həyat sona çatacaq, həqiqi həyat dediyimiz axirət həyatı başlayacaq və hər kəs dünyadakı həyatından, yaşantısından, əməllərindən hesaba çəkiləcəkdir. Ağıllı və bəsirətli insan Allaha və Onun qullarına qarşı vəzifələrini yerinə yetirən, haqq və hüquqa sayğı göstərib hesab gününə borcsuz və günahsız olaraq getməyə çalışandır. Bu həqiqət heç vaxt unudulmamalıdır. Kim yaxşılıq və pislik olaraq nə edibsə, mütləq qarşılığını görəcəkdir. Allah-Təala Qurani-Kərimdə buyurur: “Kim zərrə qədər xeyir işləyibsə onu görər. Kim də zərrə qədər pislik edibsə onu görər.” (əz-Zilzal 7-8)

        Xülasə, bir müsəlman hesab gününü düşünərək yaşamalı və heç kimin haqqına təcavüz etməməlidir. Bu mövzuda da Peyğəmbərimiz (s.ə.s) buyurur: “(Əsl) Müsəlman, dilindən və əlindən müsəlmanların zərər görmədiyi kimsədir..” (Buxari). 

      • Hits: 1030 clicks

      Tecox component by www.teglo.info