Didişməyin Fəsadları / Saleh Şirinov

      Share

      Uca Rəbbimiz qəlbimizə sevgi toxumları əkmiş, qardaşlıq duyğuları yerləşdirmiş, qəlbimizi şəfqət və mərhəmətin mərkəzi etmiş, anlayışla təmizləyərək bəzəmişdir.

      Bu gözəl məkanı ayrılığın, didişməyin, kin və nifrətin, fitnə və fəsadın, anlaşmazlığın, bir-birindən üz çevirməyin, sui-zənnin yandırıcı və məhvedici fırtınalarından uzaq tutmamızı istəmiş, o qorxunc fırtınaların bizi nə hala gətirəcəyini də xatırladaraq:

      “Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz” buyurmuşdur. (əl-Ənfal 46)

       

      Qamçı qədər yer

      Əziz Peyğəmbərimiz də bir-biri ilə didişməyin pis nəticələrinə hər fürsətdə işarə edirdi. Yenə bir gün bu məqsədlə belə buyurdu:

      “Mən sizin Allaha şərik qoşacağınızdan qorxmuram. Amma dünya hərisliyi ilə didişib çəkişməyinizdən qorxuram” buyurdu.

      Beləliklə Allah Rəsulu dünyanı, dünyalığı əldə etmək üçün bir-birimizlə savaşmağımızdan qorxduğunu dilə gətirmişdir. (Buxari, Müslim)

      Gördüyümüz kimi, dəyərli Peyğəmbərimiz bizim “dünya hərisliyi səbəbilə” çəkişməyimizdən qorxurdu. Dəyərsiz dünya malına əhəmiyyət verərək gözümüzdə böyütməyimizdən, “bu dünya malı sənin olmayacaq, mənim olacaq” deyə bir-birimizi yeməyimizdən qorxurdu.

      Halbuki önümüzdə cənnət adlı sonsuz bir gözəllik var...

      Həzrət Peyğəmbər “Cənnətdə qamçı qədər bir yerin bütün dünyadan və dünyadakı hər şeydən daha dəyərli olduğunu” bizə  xəbər verirdi (Buxari).

      Bizi sanki tilsimləyən, ağlımızı başımızdan alan və bizi bir-birimizə qarşı gətirən o cazibəli dünyanın, əslində cənnətin bir qarış torpağı qədər belə bir dəyərə sahib olmaması nə qədər düşündürücüdür.

      Bir daha düşünək:

      Görəsən biz nə üstə didişirik?

      Bir-birimizi hansı dəyərli şey üçün qırır, üzür, incidirik?

      Həm Allah, həm də Rəsulullah müsəlmanların sakit, davasız, səssiz bir həyat sürməsini istəməkdədir. İki nəfər arasında bir anlaşmazlıq çıxdıqda, haqlı olanın belə haqsız olanla mübahisəsini doğru görməməkdədir.

      Peyğəmbərimiz “müsəlman qardaşınla münaqişəyə girmə  və ona lağ etmə!” buyurur. (Tirmizi)

      Hədisi-şəriflərdə nə qədər haqlı da olsa qarşısındakı ilə mübahisə etməyən kimsəyə cənnətin kənarında bir köşk veriləcəyi bildirilir. (Əbu Davud, Tirmizi)

      Hədislərdə buyurulanlara əməl edəcəyimiz təqdirdə həyatımızı gözəlləşdirəcək, dünyanı cənnət halına gətirəcəyik. Çünki Sevimli Peyğəmbərimizin xəbər verdiyinə görə cənnəti cənnət edən gözəlliklərdən biri, orada davasız, sakit bir həyatın olmasıdır. Əziz Peyğəmbərimiz bunu belə dilə gətirir:

      “Cənnətliklərin qəlbi, tək bir adamın qəlbi kimi eyni duyğuları daşıyacaq... Bu səbəblə onlar arasında anlaşmazlıq olmayacaq, hər hansı bir çəkişmə meydana gəlməyəcək...” (Buxari, Müslim)

       

      Meşə və balta

      Bizi bizdən başqa məhv edəcək heç bir güc yoxdur. Heç bir düşmənin bizi pərişan etməsi mümkün deyil. Bizi yalnız özümüz məhv edə bilərik. Bir meşəni sapı özündən olan baltanın yox etməsi kimi.

      Bir gün Rəsuli-Əkrəm Allahın lütfü ilə bəzi qeybə aid şeylər gördü. Bunu əshabına belə xəbər verdi:

      “Allah təala yer üzünü qarşıma sərdi. Mən də şərqi ilə, qərbi ilə bütün dünyanı gördüm. Ümmətimin hökmranlığı  mənə göstərilən  yerlərə qədər mütləq çatacaqdır.

      Mənə biri qırmızı digəri bəyaz olan iki xəzinə verildi (yəni İran və Bizansın xəzinələri önümə sərildi, ümmətim oraları fəth edəcək).

      Mən Rəbbimdən ümmətimi ümumi bir qıtlıqla yox etməməsini, onların üzərinə özlərindən başqa bir düşməni salaraq köklərini qurutmamasını niyaz etdim. Bunun üzərinə Rəbbim mənə belə buyurdu:

      “Məhəmməd! Mən bir hökm verərəmsə o geri çevrilməz. Mən sənə ümmətini ümumi bir qıtlıqla yox etməyəcəyimi, onlara özlərindən başqa bir düşməni ürcah edib köklərini kəsməyəcəyimi vəd edirəm. Onlar bir-birini həlak edib əsir almadıqca, bütün yer üzünün xalqı toplanaraq onlara hücum etsə belə mən onların yox olmasına icazə verməyəcəyəm.” (Müslim, Əbu Davud, Əhməd b. Hənbəl)

      Demək ki, bizə pislik özümüzdən gələcəkdir. Biz bir-birimizlə didişərək özümüzü pərişan etmədikcə Allah təala bizə sahib çıxacaqdır.

       

      Didişməyin nəticəsi

      Bir-birimizlə didişib-çəkişəriksə başımıza bunlar gələr:

      Gücümüzü itirərik; cəsarətimizi itirərik; ümidsizliyə düşərik.

      Bir-birimizi sevməməyə, bir-birimizdən nifrət etməyə başlayarıq.

      Aramızda fitnələr baş qaldırar.

      Bunun nəticəsində qanımızı tökər, canımızı itirərik.

      Dünyada pərişan olar, axirətdə ilahi əzaba düçar olarıq.

      Nəticədə biz itirərik, uduzarıq, şeytan və düşmənlərimiz bayram edər.

      Daha da pisi odur ki, buyuruqlarını tutmadığımız üçün Rəbbimiz bizə nifrət edər.

      Uca Rəbbimiz bizi didişməkdən, qarşıdurmadan və onun acı aqibətindən qorusun (Amin).

       

       

      Yazının hazırlanmasında

      Prof. Dr. M. Yaşar Kandemirin

      yazılarından istifadə edilmişdir.

      • Hits: 581 clicks

      Tecox component by www.teglo.info