Ya Muqallibəl Qulub! / Salih Zeki MERİÇ

      Share

      Ən çətin mövzu mücərrəd məsələ haqda yazmaqdır. Görünməyən, əllə tutula bilməyən və toxunulmayan haqda yazmaq.

      Şübhəsiz ki, insan qəlbi bəsit bir ət parçası deyil. İnsan bədəninində hiss deyilən şeyin duyulduğu yeganə yerdir qəlb. Bir növ, insanın kompası kimidir. İnsanın daxilindəki əsas mühərrikdir. O necədirsə, insan da elədir. Nə hiss edər, necə istiqamətləndirərsə insan da o istiqamətdə yol alar. Ağlın insanın başında deyil, qəlbində olduğu söylənir. Şübhəsiz ki, qəlb sadəcə bir ət parçası deyil.

      Mövlana nə gözəl deyir: “səssiz ol, qəlbinin səsini dinlə.” İnsan nə zaman qəlbinin səsini dinləsə, vicdanının səsini dinləmiş olur. Vicdan fitri olanı tövsiyə edər. Fitri olan da islamidir. İnsan sevər, məhəbbət duyar. Sevməzsə kin duyar. Ya da sükuta bürünər. Susar. İnkar etməz. Mənəvi olan hər şeyi qəlb süzgəcindən keçirər. Ağıl bir şeyi mühakimə edər. Hər hansı bir qərara gələr. Amma o qərarın insani olub-olmadığını soruşacağı qapı qəlbdir. Qəlb məşvərət olunan məqamdır. Ağıllı adam kimidir. Duyğusaldır, amma duyğusal qərar verməz. Hisslə doludur, amma hissə görə qərar verməz.

      Vəhyin ab-havası ilə qidalanan qəlb ülviyyətin təmsilçisi olar. Daima Allahın ölçülərinə görə tövr alar. Oyanıqdır. Qəflətdən uzaqdır. Qorxusuzdur. Ən kiçik xətaya qarşı belə daima diqqətlidir. Vəhydən qidalanan qəlb ölməz. Ölmədiyi kimi, Allahın hayy sifətinin təcəllisi olaraq başqalarına da həyat verir. Ya hayyu, ya Qəyyum.

      Bir Allah dostu necə də gözəl təsnif edir qəlblləri.

      Ümumi təsnif etibarilə qəlbləri üç qismə ayırır:

      Birincisi, yaradılış qayə və heysiyyatını qoruyan qəlblər: o qəlblər kamil iman sahibi insanların rəqiq qəlbləridir. O qəlblərdə əmniyyət və sükunət vardır. Hər gələn onda rahatlıq tapır. Hər dərdə dəva axtaran mütləq əlac tapır. O qəlblər nəzərgahi-ilahidir. Məhəmməd Mustafanın məhəbbəti vardır o qəlbdə. Bir qəndil kimi yanar, amma tükənməz. Daima başqalarını aydınladırlar, amma aydınlıqlarından zərrə qədər əskilməz.

       İkinci, möhürlənmiş və ölü qəlblər: ilahi kəlamdakı ifadəsi ilə Xatəməllahu alə qulubihim və alə səmihim və alə əbsarihim ğişəvətun və ləhum azəbun əlim. Nə həzin aqibətdir qəlbin ölməsi. Qəlbin ölməsi aləmin ölməsi kimidir. Bir zəlzələ meydana gətirir insanda. Qəlb ölərsə, hansı əza çalışa bilər ki? Bədən tamamən iflasa uğrayar. Qəlb hissiyatını itirərsə, başqalarına qarşı da hissiyyatsız hala gələr. Ən acısı da Allaha qarşı hissiyyatsız olmaqdır. Allahı günlük həyatdan çıxarmaq nə böyük qəflətdir. Ölü qəlblər, möhür vurulmuş qəlblər… İnsanın daxili aləmində qəndillər yanmalıdır. Əgər yanmazsa insan qorxunc görünər. Qəlbin əksi üzə vurar. Üz qəlb nisbətində gözəldir. Parlayan bir üzə baxmaqdan doymaq olarmı? Bilal Həbəşinin də qəlbi elə deyilmi? Allahın Rəsulu Əbu Zərə elə deməmişdimi? “Sən onun qəlbini yarıb açsan, günəşin qarşısına qoysan, onun nuru günəşin ziyasını kəsər.” Onun üzü zahirən qara idi. Bunun nə fərqi vardı? İman parlaqlığı bir almaz kimi aydınlatmışdı onu və üzünü. Qəlbin ölməsi fəlakətdir.

      Üçüncü isə, xəstə və qafil qəlblərdir. Ən acınacaqlı olan qəlb budur. Fərqində olmaq, amma etməmək. Bilmək, lakin əməl etməmək. Balla dolu qabı çöldən yalamağa bənzəyər. İnsan bundan nə qədər dad ala bilər ki? Gülü uzaqdan necə qoxlamaq olar ki? Ya da bir ana öz balasının qoxusunu şəkildən nə qədər ala bilər? Qafil qəlb ən acınacaqlı halda olan qəlbdir. Heç bir tərəfə yar olmayan qəlb. Nə gülər, nə də kədərlənər. Daima şübhə içindədir. Qorxu və təlaşdadır. Daima narahatdır. Allahdan qorxmalı olduğunu bilər, amma günahdan da uzaq durmaz. Günah işləyər, amma ruhu parça-parça olar. Etməli deyiləm deyər, amma nəfsinə hakim ola bilməz. Ah çəkər, amma peşmanlığı uzun sürməz. Ağlayar, amma gözündən yaş çıxmaz. Nə etdiyini özü də bilməz. Xəstə qəlb bir hüzn yurdudur, amma hüznünü də dərk edəcək halda deyil.

      Xülasə, qəlbləri çəkib-çevirən, sevgi verən Odur. Allah sağlam qəlblərə vədud sifəti ilə təcəlli edər. Ölü qəlblərin başı sağ olsun. Ya muqallibəl qulub, səbbit qalbi alə dinik deməkdən özümüzü saxlaya bilmirik. Rəsulullah demirmi: “insanda bir ət parçası var. O islah olarsa bütün vücud islah olar. O ət parçası qəlbdir.” Ey qəlbləri çəkib-çevirən! Qəlbimizi dinin üzərə sabit qıl!

      • Hits: 1026 clicks

      Tecox component by www.teglo.info