O Kitab... / Nurlan Məmmədzadə

      Share

      Bizi yoxdan var edən və kainatı içindəki xariqələrlə birlikdə sənət əsəri olaraq ortaya qoyan Uca Yaradan müqəddəs kitabında belə buyurur:

      “Nun! And olsun qələmə və (onunla) yazılanlara...” (əl-Qələm, 1)

      Mahiyyətini bilməsək də, əslində bilməmizə bir o qədər gərək olmasa da qələmlə ilk yazan Allah təaladır. Və O, yazdıqlarının bir qismini bəşər övladının qavrama səviyyəsinə görə ilkin dövrlərdə səhifələr halında, sonra kitab halında bizə çatdırmışdır. Çünki bəşər övladı ilahi mesajları oxumadığı zaman səfər etdiyi axirət yolçuluğunda yolunu azmaq təhlükəsi ilə üz-üzə qalır.

      Hz. Məhəmmədə, onun timsalında bütün insanlığa ilk əmri “oxu” olan Allah bizdən oxumağımızı istəyir. “Oxu!” deyir Yaradan. Oxu!..

      Çünki oxumaq insan həyatını formalaşdıran ən mühüm ünsürlərdəndir. Oxumadan nə yazmaq olar, nə də sözün əsl mənasında yaşamaq. Bəlkə də bu gün dünya çapında dahi yazarlar yetişdirə bilməməyimiz səbəbi bütün dünyada oxuma səviyyəsinin aşağı düşməsidir?!

       

      ***

       

      Qurani-Kərimin bir neçə surəsində “o kitab” deyə başlayan ayələr var. Ayələr üçün də “o ayələr” ifadəsi işlənir bir çox yerdə. O kitabdan məqsəd sözsüz ki, Allahın bizə göndərdiyi, Hz. Məhəmmədə nazil etdiyi müqəddəs kitabımız Qurandır. Yeri gəlmişkən onu da vurğulayaq ki, elə Quran da ərəb dilində qaraə felinin məsdəridir, oxumaq deməkdir. Müqəddəs kitabımıza Allah tərəfindən bu adın verilməsi onun çox oxunmasına və qiraətinin lüzumuna işarədir. Eyni zamanda dünyada ən çox oxunan kitab olması da bu mənada diqqət çəkir.

      Bəs görəsən nə üçün “O kitab” deyir bizi yaradan?

      Bəqərə surəsinin ikinci ayəsində də yer alan “zəlikəl-kitəb” ifadəsi çox vaxt tərcüməçilər tərəfindən “bu kitab” kimi tərcümə edilsə də, bu bir gerçəkdir ki, “zəlikə” o deməkdir və Uca Yaradan “O kitab” deyir, “bu kitab” demir.

      Çünki hər nə qədər biz kitabı, yəni Quranı əlimizlə tutsaq da onun həqiqətinə, həqiqi məhiyyətinə gedib çata bilməmişik. Onsuz da əsl həqiqətinə bütünlüklə vaqif olmağımız mümkün olmayan kitabımızın sirlərindən az da olsa ağah olmağın şərti oxuyaraq həmhal olmağa bağlıdır. Və Quranı qavramamız təqvamız nisbətində gerçəkləşir. Bəlkə də ayədə “O kitab” deyilməsindən məqsəd bizim onu əlçatmaz zirvədə görməli olduğumuzun lüzumundan irəli gəlir. Çünki bu düşüncədə olan insan ona qovuşmaq üçün, onu anlamaq üçün can atar, əlindən gələni əsirgəməz, Quranın olduğu zirvəyə doğru yol qət etməyin dərdinə düşər. Bizi kitaba aparan hər şeyi oxumaq cəhdi içərisində olar.

      Oxumaqla bağlı başqa bir deyim də “Kainat kitabını oxumaq”dır. Əslində kainat da bizi Allaha aparan bir kitabdır. Hər qarışı bir vərəq, bir səhifə nisbətindədir. Qurani-Kərimdə də tez-tez üzərində durulan bu mövzu da hər bir insan üçün əhəmiyyət kəsb edir. Kainat kitabı iki cür oxunur. Bir; Allahı axtarış, haqqı arayış prosesində. İki; Allaha ram olduqdan sonra. Birinci oxuyuş bizi Allaha, Qurana, haqq dinə aparır; ikinci oxuyuşsa artıq ilahi feyzlərlə aydınlanmış qəlb gözü ilə gerçəkləşdiyindən hər kəsin görə bilmədiyi sirlərdən agah edir. Kainat kitabını bu cür oxumaq da ancaq “O Kitabı” oxumaqla mümkündür. Həqiqi mənada oxumaqla.

       

      • Hits: 1032 clicks

      Tecox component by www.teglo.info