Bizə Qalan Yadigarlar / Salih Zeki Meric

      Share

      Həzrət Peyğəmbərimizin Uca Rəbbimiz tərəfindən tərbiyə edilən və qorunan şəxsiyyəti ilə bərabər onun Əhli-beyti də Rəbbimiz tərəfindən bəşəriyyətə təqdim olunmuş müstəsna insanlardır.

       O və onun ailə fərdləri hər yönü ilə ideal şəxslərdir.

      Peyğəmbər (s.ə.s)-in ailə fərdlərini model ailə olaraq ələ aldığımız zaman bu müstəsna insanların həm öz aralarındakı münasibətləri, həm də digər insanlarla olan münasibətləri hər bir insan üçün mümunələrlə doludur. Bu mənada Allah Rəsulunun ailə fərdləri ilə münasibətində göstərdiyi həssaslıq da bizi heyran edir.

      Alimlər Peyğəmbərimizə gələn vəhyi iki qismə ayırırlar: Birincisi; bizim bildiyimiz və bizə gəlib çatan Qurani-Kərim, ikincisi isə; Uca Rəbbimizin Peyğəmbərimizi istiqamətləndirməsi ilə ortaya çıxan və Qurani-Kərimdə “O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir.” (ən-Nəcm, 2-3) ayəsi ilə ifadə edilən, Peyğəmbərimizin sözləri, feilləri və təqrirləri olaraq ortaya çıxan vəhydir. Dolayısı ilə Rəsulullahın bütün bəşəri münasibətlərində Allahın birbaşa müdaxiləsi mövcuddur. Bu müdaxilə əslində Rəsulullahın şəxsində bütün ümmətə və insanlığa bir model formalaşdırmaqdan ibarətdir. Rəsulullahın hər hərəkəti və hər sözü bəşəriyyət üçün nümunə sayılacağı üçün onun öz-özündən danışmadığı kimi nəfsi istəklərindən dolayı da bəzi hərəkətlər etmədiyini anlayırıq.

      Həyatın hər mərhələ və hər məqamındakı insanın Allah Rəsulundan alacağı saysız-hesabsız nümunələrin olduğu şübhəsizdir.

      Peyğəmbərimiz (s.ə.s) uşaqlıq dövrü ilə uşaqlara nə qədər nümunədirsə, bir lider, ailə böyüyü və bir ordu komandanı olaraq da model şəxsiyyətdir.

      Bəşəri münasibətlərdə yeganə öndərimizin ailədaxili münasibətləri də bizə nümunə olmalıdır.

      Qurani-Kərimdə Peyğəmbərimizin xanımlarının fəzilətlərini bildirən ayeyi-kərimələr həm onların digər insanlardan daha məsul, həm də fəzilətdə daha üstün olduqlarından xəbər verir. Bu mənada Əhzab surəsinin 6-cı ayəsindəki bu ifadələr onlara göstərməli olduğumuz sevginin ölçüsünü bildirir: “Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. (Onun) xanımları da (möminlərin) analarıdır”

      Ayeyi-kərimə Peyğəmbərin xanımlarının bütün möminlərin anaları olduğunu bildirir. Onlara göstərəcəyimiz və ya göstərməli olduğumuz sevgi və məhəbbətin incəliyini Uca Rəbbimiz ayeyi-kərimə ilə ortaya qoymuşdur. Bu ölçü insan üçün ən çətin və fədakarlıq tələb edən bir xüsusdur. “Özlərindən daha yaxındır” ifadəsi fədakarlığın ən son həddidir hər halda. Bu, Peyğəmbərin xanımları xüsusunda da keçərlidir.

      Eyni surənin 30-cu ayəsində “Ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşkar bir çirkin (günah) iş görsə, onun əzabı ikiqat olar. Bu, Allah üçün asandır!” buyurulur. Cəzanın ikiqat verilməsi məsuliyyətin nə qədər ağır olduğundan xəbər verir. Peyğəmbər xanımı olmaq üstünlüyü eyni zamanda onları ümmətin anaları olma şərəfinə qovuşdurmuş, ardınca da xətalarının digər xanımların xətaları kimi qəbul edilməyəcəyi vurğulanmışdır.

      Hz. Peyğəmbərin göz bəbəkləri, uşaqları və nəvələri eyni zamanda ümmətin də göz bəbəkləri olmuşlar. Əhli-beytlə əlaqəli bütün hədisi-şəriflər onların bu sevgi və məhəbbət dairəsi içərisinə alınmasının labüdlüyünü və Allah Rəsulunu sevməyin yolunun onları sevməkdən keçdiyini ifadə etməkdədir. 

      Zikr edəcəyimiz hədisi-şəriflər də bu gerçəyin təzahürüdür:

      “Ya Rəbb! Həsən ilə Hüseyni sevirəm. Onları Sən də sev, bunları sevənləri də sev!” (Tirmizi) “Fatimə məndən bir parçadır, onu incidən məni də incitmiş olur.” (Hakim) “Fatiməni Əlidən çox sevirəm. Əli mənə Fatimədən daha qiymətlidir.” (Hakim)

      Tarix boyu Əhli-beytlə bağlı müxtəlif ayrı-seçkiliklər olmuşdur. Lakin müsəlman olan və Allahın bir, Peyğəmbərimizin də Onun qulu və Rəsulu olduğunu qəbul edən hər bir insanın Əhli-beyti sevməmək və ya Əhli-beytə lazımından artıq sevgi ilə yanaşmaq kimi bir seçimi yoxdur. Çünki onları sevməmizin labüdlüyünü bizə Allahın Rəsulu bildirmişdir. Əhli-beyti lazımından artıq sevmənin nəticəsində varacağımız nöqtə xürafatdan başqa bir şey deyildir. Hz. Əli, Hz. Fatimə anamız və onların sevimlisi Həsənlə Hüseynini necə sevəcəyimizi bizə o ailənin başçısı, islam ümmətinin öndəri, Allahın Rəsulu bildirmişdir. Sevgidə həddi aşaraq məqsəddən uzaqlaşmağa da gərək yox, bu seçkin insanlara olan ünsiyyətimizdə onlara qarşı biganə qalmağa da gərək yox. Uzun sözün qısası, Əhli-beytə mənsub olan hər insan bizə Allah Rəsulundan qalan yadigardır. Onlar bizə daha sevimli və hər şeydən daha qiymətlidirlər.        

       

      • Hits: 1081 clicks

      Tecox component by www.teglo.info