Model Şəxsiyyət

      Share

      Əsrimiz özündən və özünü formalaşdıran dəyərlərdən uzaqlaşan və bununla da özünə yadlaşan və yalqızlaşan insanların əsridir. Kürəsəlləşərək kiçilən dünyanın insanları yaxınlaşdırdıqca

       bir-birindən uzaqlaşdıran binalar kimi fiziki mənada bir-birinə yaxınlaşarkən, ruh cəbhəsində bir-birindən günbəgün uzaqlaşmaqdadır. Yadlaşan və yalqızlaşan insan böhrana məhkumdur. Unutmamaq lazımdır ki, psixologiya 20-ci əsrin bəhrəsidir. Böhrandan xilasın çarəsi isə insanların arasına, qəlbinə girməkdə, sevmək və paylaşmaqdadır. Layiqli öndər və əxlaq adamlarını, həyat qəhrəmanlarını tanımaq və yanlarında, yaxınlarında olmaqdadır. Dəyərlərimizi can və qanlarıyla əmanət qoyan milli və mənəvi qəhrəmanları tanımaq və tanıtmaqdadır. Bu mənada İrfan jurnalının öncə toplumların sosial tablosunu əks etdirən böhran mövzusunu, ardından da uzun illər kölgəsində qaldığımız və qalacağımız ulu çinarlar olan, böhranlardan qurtuluşun öndərləri milli və mənəvi şəxsiyyətləri gündəmə gətirməsi təqdirəlayiq haldır.

      Millətlər qəhrəmanlarının ardınca gedərək ucalır və yol qət edirlər. Əgər siz həqiqi qəhrəmanları səhnəyə çıxarmazsanız, saxta qəhrəmanlar meydan sulayar. Çünki insanın şəxsiyyət təşəkkülündə ən mühüm ünsürlərin başında “model şəxsiyyət” gəlir. Bunun üçün də ilk insan olan Hz. Adəm bir peyğəmbər və ilk “model şəxsiyyət”dir. Ardından göndərilən hər ilahi kitabı yaşayan bir peyğəmbər gəlmişdir. Yer üzünün gördüyü ən böyük “model şəxsiyyət”, yaxud Quran ifadəsi ilə “üsveyi-həsənə” isə Hz. Məhəmməddir.

      Quranda peyğəmbər qissələrinin davamlı təkrarlanmasının hikməti yalnız tarixin təcrübəsini anladaraq ibrət alınmasını tövsiyə etmək deyil, “daşlar içərisində yaqut kimi olan Nəbilər silsiləsinin” ən seçkin vəsflərini ortaya qoyaraq insan oğluna “kimə bənzəməli” və “necə” olması gərəkdiyini xatırlatmaq, ondakı “örnək alma” və “təqlid etmə” yönünə cavab verməkdir. Bu, bir şəxsiyyət inşasıdır.

      Dini cəmiyyətdən ayırıb, yalnız vicdana məhkum edən toplumlar müqəddəsatı yox sayarkən yalnız dini “model şəxsiyyət” olan peyğəmbərləri həyatdan çıxararaq kitab sətirləri arasına sıxışdırmadı, eyni zamanda müqəddəs olan milli dəyər, adət-ənənədən uzaqlaşaraq milli qəhrəmanlarını da sətirlərə məhkum etdi. Bunların yerini isə virtual və saxta qəhrəmanlar tutmağa başladı. Müasir gənclərin qəhrəmanları ya kino ulduzu, ya müğənni, ya da futbolçulardır. Nəsilləri ruhsuzlaşdırmanın ən qısa yolu budur. Nəsilləri kölgələndirən ulu çinarın kölgəsində yetişən alaq otlarını çinar kimi təqdim etmək.

      Bizim mədəniyyətimizdə “əhdə vəfa” deyilən çox mühüm bir qavram vardır. Dini, sosial və psixoloji yönləri olan bu söz Azərbaycan xalqı tərəfindən iki ulu çinar olan Nizami və Füzulinin adlarının şəhərlərə verilməsiylə yaşadılmaqdadır.

      Bu mənada Bakı İslam Universitetinin Zaqatala Şöbəsində çalışan müəllim heyəti və fədakar tələbələri tərəfindən çox mühüm bir layihə həyata keçirilməkdədir. Azərbaycanın bütün şəhərlərində yaşamış alim və şairlər başda olmaq şərtilə o şəhərin inkişafı naminə əmək sərf edən yerli və milli qəhrəmanları ilə onların ortaya qoyduğu hər bir əsərin ətraflı olaraq ələ alındığı diplom işləri hazırlanmaqdadır. Bununla da Azərbaycan hüdudları daxilində yaşamış və yaşamaqda olan, adları unudulmuş və ya kifayət qədər tanınmayan qəhrəmanlar yeni nəsillərə tanıdılaraq bir yandan onlara qarşı vəfa borcu ödənməkdə, digər yandan Azərbaycanın abidə və şəxsiyyət ensiklopediyası hazırlanmaqdadır.  

      İnsanlıq, insanın həyatını inşa etməklə başlar. Həyatının məqsədlərini, öyrənməli olduqlarını və öyrəndiklərini bilgidən feilə çevirdikcə, insanın şəxsiyyət formalaşması başlar. Bu inşa prosesində insanın gözü daima abidə şəxsiyyətlərdə olar. Ata-ana ilə başlayan bu abidə nümunələr müəllimlə davam edər və nəhayət dağ kimi uca şəxsiyyətlərin ətəyində sona çatar. Hər bir böyük qəhrəmanın yanında və ya arxasında daha böyük bir şəxsiyyət vardır.

      Bu mənada Fateh Sultan Mehmed ilə ustadı Ağşəmsəddin arasında keçən bir dialoq böyük əhəmiyyət ərz etməkdədir. Ağşəmsəddin Sultan Fatehə “Övladım, İstanbulu sən fəth edəcəksən” deyir. Bu söz gənc Fatehin çox xoşuna gəlir və soruşur: “Ustadım, məndən əvvəl neçə-neçə böyük komandanlar bu fəth üçün cəhd etdilər, amma qismət olmadı. Mən daha gəncəm.” Ağşəmsəddin həzrətləri tələbəsinə bu ibrətli cavabı verir: “Övladım onların hamısı şərtlərə məhkum oldu, sən isə şərtləri məhkum edəcəksən.” Bu sözlərin mənəvi dəstək və işarəti ilə Sultan Mehmed şərtləri məhkum etməyin yollarını axtarır. Dənizdə gedən gəmiləri qurudan keçirərək fəthi gerçəkləşdirir və “Fateh” olur.

      Dünyanın bütün təlim modellərində istifadə olunan ən mühüm ortaq metodların başında “model şəxsiyyət” göstərmək gəlir. Dini şüur, vətən və millət sevgisi, qəhrəmanlıq duyğusu, əxlaq və irfan həmişə onların dili və halı ilə təqdim olunur. Qəhrəmanlar keçmişlə gələcək arasına atılan körpüdür. Qəhrəmanları tanıtmaq tarixi yaşamaqdır.

         

       

      • Hits: 951 clicks

      Tecox component by www.teglo.info