Hörmət Yoxsa...? / Samir Həmzəyev

      Share

           Modernləşmə adı altında gündən-günə maddiləşən dünyamızda  bir cox mənəvi dəyərlərin təhrifi danılmaz həqiqətdir. Bu dəyərlərin təhrifi  məsələsiylə hamımız bir nəfər kimi razılaşırıq amma bu  dəyərlərin təhrif olunmasında nə qədər  payımız var bunu çox vaxt tərəzinin gözünə qoyaraq  ölçməkdə,

       qiymət verməkdə gecikirik ya da tərəddüd edirik. Müasir həyat və iş standartları o şəkildə formalaşdırılmışdır ki, köhnə dövrlərlə müqayisədə bu gün vəzifəpərəstlik daha qabarıq və daha cəlbedici  formada təzahür etməkdədir.

       Əslində isə vəzipərəstlik, yaltaqlıq, riyakarlıq, ikili standartlarla münasibət ta qədim dövrlərdən  məlumdur. Misal olaraq vəzir, vəkil, əyan və əşrafların şaha qarşı bəslədiklədikləri yersiz hüsn-rəğbət bunun bir təzahür formasıdır. Həmçinin cahilliyyə dövrünün Məkkəsində şairlərin  Məkkə sahibi Əbu Süfyana mədhiyyələr yazması kimi. Bu anlayış müxtəlif dövrlərdə müxtəlif şəkildə təzahür edib. Dövrün tələbinə, ictimai şüura, düşüncəyə və s. görə. Bir növ tələb və təklif formasını almışdır. Bəşər tarixi boyunca bu prosesi kimlərsə inkar etsə belə həqiqətin özü budur. Təəssüf olunacaq bir hal odur ki, əslində bu cür normal olmayan hallar zamana, məkana və fərdlərə görə fərqli şəkildə şərh olunur və qiymətləndirilir. Razıyam ki, vəzifə sahibi bir kimsəyə vəzifəsinin gərəyi kimi hörmət və ehtiramın göstərilməsi normal bir haldır və hətta bir çox məqamlarda  lazım məsələdir. Bir orduda komandanın sözünün dinlənməsinin, bu ordudakı disiplinin yüksək  səviyyədə olmasına və bunun hansı səviyyədə  vacib olmasına  dəlalət etməsi kimi. Həmçinin bir tələbənin özünə elm qapılarını açan müəlliminə qarşı bəsləməli olacağı hörmətin həddi. Bir kəlmə ilə həqiqi mənada hörmət və ehtiramdan bir zərər gəlməz, əksinə xeyir vəd edər. Üstəlik qarşınızdakı adam bunun hansı məna ehtiva etdiyini anlayacaq səviyyədədirsə. Bunlar normal haldır.

           Bəs bizim bu hörmət və ehtiramımız həmin kimsənin təmsil etdiyi vəzifənin gərəyidir? Müəəyyən bir çərçivə daxilindəmi tazahür edir? Yoxsa tam əksinə, şəxsiyyətə pərəstişə aparır bizi? Bu məsələ həyatda kimisə örnək və rəhbər kimi qəbul etmək məsələsiylə qarışdırılmamalıdır. Birincidə nəyə görəsə pərəstiş (maddiyyat,vəzifə və s.), ikincidə mənəvi və şəxsi keyfiyyətlər. Birincidə qarşılıq gözləmək və acizlik hissi. İkincidə qarşılıqsız və könüllülük. Bir sözlə bu iki məfhum eyni müstəvidə qiymətləndiriləcək məsələ deyil. Bəs bu şəkildə formalaşdırılan münasibətlər bizə nələr vəəd edir?    Təkəbbür, lovğalıq, yaltaqlıq, riyakarlıq və s. kimi şəxsiyyəti məhv edəcək fəsadlar vəd edir. Bəs bunlar müsəlman şəxsiyyətiylə bir arada mövcud olacaq xüsusiyyətlərdirmi? Şübhəsiz ki, cavab xeyr olacaq. Amma həqiqi mənada həyata baxsaq, həyat bizə yaşadıqlamızı göstərir. Bir vəzifənin gərəyi kimi vəzifənin haqqını qorumaqla, hər halda vəzifənin verdiyi səlahiyyətlə özümüzü bizdən vəzifəcə aşağı kimsələrdən şəxsiyyət olaraq üstün görməyimiz (ucüb) arasında böyük fərq var. Hər halda tədbirli olmaq həm vəzifəmiz, həm adımızın gərəyi, həm də Allahın bizə buyurduğudur. Allah qürrələnənləri sevməz (ən-Nəhl, 23) Allahın hökmləri  və hədislər bizə hər şeyi tam aydınlığıyla ifadə edir. Deməli,  bizə düşən vəzifəmizdən asılı olmayaraq daim diqqətlə bu vəzifəni yerinə yetirərkən kimlərisə kiçik görərək əzməmək prinsipinə əsaslanmalıdır. Həmçinin rəhbərliyimiz altında olan kimsələrlə o şəkildə bir münasibət sərhədləri müəyyənləşdirməliyik ki, bu nə bizim ucüb, lovğalıq və təkəbbürə düşməyimizə, nə də qarşımızdakıların riyakarlıq və yalataqlıqlarına səbəb olsun. Çünki biz rəhbərliyində olduğumuz kimsələrə qarşı təkəbbürlə yanaşır, onları kiçik görür və onlardan özümüzə qarşı fərqli münasibət gözləyiriksə, bu, hər halda səmimi olmayan, ancaq məcburiyyətdən qaynaqlanan riyakar münasibətlərin formalaşmasına zəmin yaradacaqdır.  Biz bir növ aşağı vəzifədə hər hansı işlə məşğul olarkən yaltaq və riyakar bir işçi, yuxarı vəzifədə olarkən isə təkəbbür dolu bir idarəçi olacağıq. Belə olan təqdirdə həm Allahın sevməyəcəyi bir qul olma vəsfinə sahib olacaq, həm də digər müsəlman qardaşımızın şəxsiyyət və vüqarını zədələmiş olacaq və onun həqiqi bir müsəlman şəxsiyyəti kimi formalaşmasına bugünkü davranış modelimiz mənfi örnək olacaq. Sual verilsə ki, bu şəkildə formalaşdırma bizim sadəcə Allaha qul olma düsturumuza uyğundurmu? “O rüku olmasa dünyada əyilməz başlar” deyən M. A. Ersoy da müsəlman şəxsiyyətinin həqiqi ucalığını ifadə etmirmi? Həmçinin bu gün bu formatda yetişdirilən bir nəsil sabah dəyərlərini fədakarcasına və şəxsiyyətini əzdirmədən qoruya biləcəkmi?! Yoxsa pis vərdiş formasını alan bu dəyərsiz dəyərlər anlayışıyla yaşayacaq? Kim hansı dəyərlərlə yaşayırsa o dəyərlərin daşıyıcısdır. Həmçinin Allahın bir quluna müstəsna olaraq verdiyi bir şəxsiyyəti  kimsənin məhdudlaşdırma  hüququ varmı?! Cavab yoxdursa deməli yol aydındır. Biz adımıza yaraşan şəkildə müsəlman şəxsiyyətinə sahib olmalı və müsəlmanlıqla bir araya sığmayan hər haldan Allaha sığınmalıyıq!

       

      • Hits: 888 clicks

      Tecox component by www.teglo.info