İşi Gözəl Görmək / Prof. Dr.Ömer Çelik

      Share

      İnsan gözələ məftundur. Çünki onun mayasında gözəllik iksiri var. Onu yaradan gözəl yaratmış, maddəsini, mənasını ən gözəl qılmış, qəlbini gözəllik duyğularıyla bəzəmişdir.

      Bu gözəllik insandan başqa bütün varlıqlarda da özünü göstərir. Mikrodan makroya milyonlarla varlıq hər biri ilahi sənət xariqəsi sərgiləməkdədir.

      Əsən küləkdə, göy üzündə aramla axıb gedən buludda, yağan yağışda, çağlayan bulaqda, açılan çiçəkdə, qanadlarını çırparaq uçan quşdakı gözəlliklər ibrətlə baxa bilən gözlər üçün görəsən nələr anladır, duyan qulaqlara hansı nəğməni pıçıldayır.

      Bütün gözəlliklərin yaradıcısı şübhəsiz ki, Rəbbimizdir. O, təmizdir, təmiz olanı sevər. O, gözəldir, gözəl olanı sevər:

      “Yaradanların ən gözəli olan Allah nə qədər uludur!” (əl-Muminun, 14)

      İnsan geydiyinin gözəl olmasını istər. Yediyinin, içdiyinin, evinin, miniyinin də gözəl olmasını istər. Bu xüsusiyyət insanın ruhunda vardır. Aldığı bir şeyin saxta çıxmasını, qüsurlu olmasını istəməz. Aldadılmağı şəninə sığışdırmaz. Lakin özünün gördüyü işlərdə də gözəllik arandığını heç düşünməz. Başqalarından gözəllik gözlədiyimiz kimi özümüz də başqalarının gözəllik gözlədiyini düşünərək daima hər şeyi gözəl etməyə cəhd göstərməliyik.

      Bir müəllim məktəbə göndərdiyi övladına dərsin ən gözəl şəkildə öyrədilməsini istər, lakin özünün də müəllim olduğunu, valideynlərin tələbini unudar.

      Bir mömin məsciddə arxasında namaz qıldığı imamın namazı gözəl qıldırmasını istər, amma özü namaz qılarkən Rəbbinə qarşı o diqqəti göstərirmi?

      Bu misalları artıqmaq olar. Hər kəs olduğu məqamda etdiyini ən gözəl şəkildə edərsə bütün dünya gözəlliklərlə dolacaqdır. Elə isə etdiyimiz işləri daha gözəl etmək yolunda tərbiyələnməli və hər gün daha yaxşıya doğru inkişaf etməliyik.

      Şübhəsiz ki, Allah etdiyi işi gözəl edən qullarını sevər və onların mükafatlarını əsla zay etməz. Qurani-Kərimdə “yaxşılıq etmək, etdiyi işi ən gözəl etmək” mənasında “ehsan” və “muhsin” kəlmələri 168 dəfə keçir. “Allah muhsinləri sevər” ifadəsi Quranda tez-tez rastımıza çıxır. Hz. Peyğəmbər də “Allah hər şeyi ən gözəl şəkildə etməyi əmr buyurdu” deyərək bundan xəbər verir. (Müslim, Sayd, 57)

      “Biz yaxşı işlər görənlərin mükafatını zay etmərik!” (əl-Kəhf, 30)

      Bu ayə xeyirli işlər ən gözəl şəkildə görüldükdə gerçəkləşəcək nəticədən xəbər verir. Bəs etdiklərimizi mükəmməl etməzsək, əməllərimiz qüsurlu isə nəticə necə olacaq? Bunu fərqinə varmadan istehsal etdiyi bütün mallar nöqsanlı çıxan və müflis olan bir fabrik sahibindən soruşmaq yerinə düşər. Möhtərəm Kemalettin Altuntaş xoca əfəndi anlatmışdı. Xalı istehsalı ilə məşğul olacaq bir nəfər Almaniyadan tikiş maşınlarını gətirib fabrik qurur. İstehsal başlayır, lakin səbəbi bilinməyən bir nasazlıq üzündən xalılar qüsurlu çıxır. Təmir üçün Almaniyadan usta gətirilir. Uzun sürən təmirin ardından usta geri qayıdır. Fabrik çalışmadığı üçün xalıları tikib sezona çatdırmaq üçün qızğın iş başlayır. Mallar sezona çatdırılır. Lakin göndərilən malların ağzı açıldıqda qorxunc nəticə ilə qarşılaşırlar: bütün mallar qüsurlu, pərişan. Bütün mallar geri toplanır, ardından da iflas gəlir.

      Biz indi o fabrik sahibinin çarəsiz və pərişan halını tsəvvür edək. Sabah məhşər günü dirildikdə, hesab üçün əməl dəftərimiz açıldıqda orada əməllərimiz qüsurlu çıxarsa halımızın nə qədər pərişan olacağını düşünün. Buna görə mükafatımızın zay olmaması üçün əlimizdən gəldiyi qədər işlərimizi, əməllərimizi ən gözəl şəkildə etməyə səy göstərməliyik.  

      Namazımızın, orucumuzun, həccimizin, zikrimizin, fikrimizin, infaqımızın, əxlaqımızın, bütün yönləriylə qulluğumuzun Allahın əmr etdiyi və Rəsulunun tətbiq etdiyi şəkildə ən gözəl və mükafatının bol, feyzli, bərəkətli olmasını diləyiriksə, eynilə Rəsuli-Əkrəmin Hz. Muaza tövsiyə etdiyi kimi dua edək. Rəsulullah (s.ə.s) bir gün Muaz b. Cəbəlin əlini tutaraq:

      “Ey Muaz, Allaha and içirəm ki, səni həqiqətən sevirəm” -buyurdu. Muaz (r.a) da:

      “Anam-atam sənə fəda olsun, ya Rəsulallah! Mən də sizi çox sevirəm” -dedi. Daha sonra Peyğəmbər (s.ə.s) belə buyurdu: “Ey Muaz, sənə hər namazın sonunda “Allahım, Səni zikr etmək, Sənə şükür etmək və Sənə gözəl şəkildə qulluq edə bilmək xüsusunda mənə yardım et!” duasını bezmədən etməyi tövsiyə edirəm.” (Əbu Davud, Vitr, 26/1522)

      • Hits: 1066 clicks

      Tecox component by www.teglo.info