Uşaq Ədəbiyyatı: Uşaq Və Ədəbiyyat

      Share

      Uşaq ədəbiyyatı tarixinin bəşər övladının yaşı qədər çox qədim dövrlərdən başladığını söyləmək mümkündür. Laylalar, yuxuları ərşə çəkən sehrli nağıllar uzun əsrlər boyu mədəni, ruhani dünyamızın zəngin sərvəti olmuşdur.

       Əslində uşaq ədəbiyyatı irili-xırdalı bütün insanların ən çox sevdiyi bir ədəbiyyatdır. Və bu ədəbiyyat ilahi varlığın yaradıcı, təfəkkür sahiblərinin ürəyindən, düşüncəsindən qopub gələn ən qiymətli söz incisidir.

      Dünyanın ən uca sərkərdələri, sənət dahiləri belə uşaq ədəbiyyatının gözündən “su içib” zaman-zaman dünyamızın tarixində adını, şöhrətini ürəklərə həkk etmişlər. Uşaqlıq çağlarımızdan bu günə qədər şirinliyi, həzinliyi qulağımızdan getməyən analarımızın laylaları indi də düşüncələrimizə hakim kəsilib.

      13-15 noyabr 2008-ci il tarixdə Bakıda Qafqaz Universitetində “Türk Xalqları Ədəbiyyatı” konqresinin keçirildiyi günlərdə bu ədəbiyyatın sehrli cazibəsində bir daha elə bil uşaqlığıma qayıtdım.

      Dünyanın ayrı-ayrı ölkələrindən, xüsusilə Türk dünyasından gələn iki yüzə qədər müsafir yazar və alimlər dünyamıza yaraşıq olan uşaq ədəbiyyatının insanlara hava, su, günəş kimi nə qədər gərəkli olduğunu bir daha xatırlatdılar. Bu ədəbiyyatın dəyərləri və onun dünya dillərinə tərcüməsi və yayılması problemlərinin yollarını arayıb-araşdırdılar.

      Uşaq ədəbiyyatının görüntülərində məni daha çox bir məsələ - bu konqresin keçirilməsini təmin edən xeyirxah insanların əməli işləri oldu. Bu çox böyük tədbir “Bank Asya”, “Texnikabank”, “Kaynak Kültür Yayın Qrupu”, “Azərsun Holdinq”in xeyriyyəçiliyi ilə keçirildi.

      Dünya uşaq ədəbiyyatının tarixini düşünərkən fransız yazarı Viktor Hüqonun (1802-1885) söylədiyi “Xristafor Kolumb sadəcə Amerikanı kəşf etdi. Mən isə uşaqlığı kəşf etdim” sözləri yada düşür. Lakin Qərb ədəbiyyatında uşaq ədəbiyyatı yazarlarının tarixi XVIII əsrin ünvanına yazılsa da yazılmayan, yaxud yazıya çox gec alınan uşaq ədəbiyyatının tarixinin qədim dövrlərdən başladığına şübhə qalmır.

      Türk dünyasında çocuq, yaxud uşaq ədəbiyyatının tarixini və onun şedevrlərini nəzərdən keçirəndə bu tarixin nə qədər zəngin və bu ədəbiyyatın yazarlarının böyük təfəkkür sahibləri olduğunu duyub dərk edirsən. Uşaq ədəbiyyatı yazarlarının uşaqların mənəvi ruhani dünyasına gətirdiyi bir-birindən mənalı əsərlər saysız-hesabsızdır.

      Qafqaz Universitetində keçirilən uşaq ədəbiyyatı konqresində Prof. Dr. Ömer Okumuş bəyin gələcəkdə geniş bir “Türk Dünyası Çocuk Şiirleri Antolojisi”nin hazırlanması fikrinin gerçəkləşməsini yalnız alqışlamaq azdır. Onun həyata keçirilməsi üçün bu işdə xeyriyyəçiliyi və köməyi olan insanların bu çağırışa qoşulması vacib və əhəmiyyətli işdir.

      Türk xalqları uşaq ədəbiyyatının ayrıca kitab şəklində yaxın gələcəkdə nəşri də konqresin çox vacib və əhəmiyyətli məsələsi kimi gündəmə gətirildi.

      Uşaq və ədəbiyyat dünya uşaq ədəbiyyatının biri-birindən ayrılmaz tərkib hissəsidir. Amma bu ədəbiyyatın yaradıcıları ömrü boyu yaşını, böyüklüyünü sanki unudub həmişə “uşaq olan” qələm və istedad sahibləridir. Onlar dünyanın həmişə yaşıl küknar ağaclarına bənzəyərlər.

      Bu yazıma bir ştrix də əlavə etmək istədim. Təxminən 10-15 il əvvəl Azərbaycanın görkəmli uşaq yazıçısı mərhum Nəriman Süleymanov haqqında “Cik- cik” adlı bir uşaq qəzetində bir yazı çap etdirmişdim. Qəribə də olsa, qohumum olan bir həkim matəm günlərində bu yazının “Cik-cik”də yox, sanki bir anlığa düzəliş verib ani olaraq onun “Qartal”da çap olunduğunu deməyə cürət etdi. Əlbəttə, onun bu cür deməsi heç də təsadüfü deyildi.

      Dünyanın xəritəsində sanki qartalı xatırladan Azərbaycan, öz uşaq ədəbiyyatı ilə qartallar yetişdirəcək bir məmləkətdir. Çünki qartallar yuvasından yalnız qartallar çıxa bilər.

      Sevgi və şəfqətə çox böyük ehtiyacı olan uşaqlar onlara ana südü qədər gərəkli olan uşaq ədəbiyyatının islami dəyərlərə söykənmiş sözünə isə həmişə ehtiyac duyur

      • Hits: 1111 clicks

      Tecox component by www.teglo.info