İnsan İnsan Olur... / Elşən Rzayev

      Share

      Uca Allahın “əhsəni-təqvim” olaraq  yaratdığı insan sanki kainatın özəyidir. Çünki Allahın bütün sifətlərindən az və ya çox hissə almış tək varlıq insandır.

       Elə buna görə də insan varlıqların ən şərəflisi olaraq vəsf edilmişdir.  

      Ancaq insanda onu ucaldan ülvi sifətlər olduğu kimi, eyni zamanda onu ən aşağı səviyyəyə qədər alçaldan mənfiliklər də mövcuddur. Yəni insan həyatı bir-birinə zidd iki qütb arasında əbədi bir mübarizə səhnəsidir. Bu həqiqət kainatdakı bənzər ziddiyətlərin insan adlı “kiçik kainat”dakı bir təzahürüdür. İnsanı insan edən əsl xislət isə, onun bu mübarizədən yaradılışındakı cövhəri qoruyaraq çıxa bilməsidir. Bunu bacaranların isə bir adı var: -Mənəviyyat insanı.

      Bilinən bir həqiqətdir ki, insan təktərəfli bir varlıq deyildir. O, bədəndən ibarət olduğu kimi, ruha da sahibdir. İnsanın bədəni torpaqdan hasil olan qidalarla bəsləndiyinə görə onun bədəninin əsli torpaqdır. Ruh isə mənəvi bir varlıqdır və Allahdandır.

      İnsan torpaqdan yaradıldığı üçün  torpağın xüsusiyyətlərini ozündə əks etdirir. Necə ki, torpaq zaman-zaman quruyur, istidən qovrulur, suya həsrət qalır, bəzən qışın cəfasına qatlanır. Vaxt olur bahar yağmurlarıyla yenidən dirilir, canlanır. Eləcə də insan həyat ehtiraslarının girdabında səhradakı qum fırtınaları kimi sovrulur. Ancaq ülvi hisslərinin təsiri ilə insan mənəviyyat qazanır. Torpağın bahar yağmurundan həyat tapdığı kimi, könlünü ülvi duyğularla bəzəyənlər də paklaşaraq məxluqata xidmət edəcək mənəviyyat insanı olur. Necə ki, yer üzündəki çirkli sular səmaya qalxdıqdan sonra saf olaraq yeniden geri qayıdırsa, insan ruhu da səmaya yüksəldikdə  saflaşır, paklaşır. İnsanı səmaya yüksəldən, ülviləşdirən isə onun ruhudur. Çunki insanın torpaqdan olan bədəni torpaqdan qidalandığı kimi, ruhu da səmadan qidalanır. Beləcə, ona gələn nemətləri bir bahar bərəkətinin gözəlliyi və bolluğu ilə münbit torpaqlar kimi ətrafına saçar.

      Ruhunu Allaha bağlayaraq kamilləşən mənəviyyat insanının sözləri hikmət, əməlləri salehdir.

      Mənəviyyat insanı Uca Yaradanın eşq və məhəbbətinin təzahürləri ilə nəfsani arzularından sıyrılaraq saflaşmışdır. Beləliklə nurani bir mərkəz halına gəldiyi üçün digər insanlar da qeyri-ixtiyari olaraq onu sevərlər. Elə bunun nəticəsidir ki, insanlığın fəzilət tarixinin mərkəzində hər zaman mənəviyyat insanının siması görünür.

      Mənəviyyatımızın mənbəyi bütün aləmləri, o cümlədən şüurlu varlıq olan bizləri yaradan Allahın göndərdiyi Qurani-Kərim və Onun son elçisi, şanlı Peyğəmbərimizin həyat tərzidir.

      Tarix boyu insanların həyatda yaşamaq üçün seçə biləcəkləri üç yol olmuşdur:

      1.  İnsanlar heç kəsi dinləməyəcək, hərə öz ağlının kəsdiyi, kefinin istədiyi kimi yaşayacaqdır;

      2. İnsanalar daha ağıllı hesab etdikləri başqa insanların ağlından istifadə edəcək, onların dedikləri, öyrətdikləri kimi yaşayacaqlar;

      3. İnsanlar mükəmməl bir varlıq olaraq Allah tərəfindən yaradıldıqlarını dərk edib Onun əmrlərinə uyaraq yaşayacaqlar.

                  Bu yolların sonuncusunu seçənlər hər zaman yaradılış məqsədlərinə uyğun həyat yaşayaraq insanlıq şərəf və ləyaqətini qoruyub saxlamışlar. Bu, insanın ruhuna qida verən və mənəviyyatı formalaşdıran ən ülvi yoldur.

      Çox insan var bu yalan dünyada. Yalan ruhlarını ələ keçirmiş…

      Çox insan var bu alçaq dünyada. Alçaqlıq hayatlarını ələ keçirmiş…

      Çox insan var bu riyakar dünyada. Riyakarlıq düşüncələrini ələ keçirmiş…

      Çox insan var bu utanmaz dünyada. Utanmazlıq üzlərini ələ keçirmiş…

      Çox insan var bu zalım dünyada. Zalımlıq ürəklərini ələ keçirmiş və zülm ürəklərini daşa çevirmiş.

      Və bir də mənəviyyat insanları var ki, bütün bunlara meydan oxuyan...

      Yalanı ruhundan,

      Alçaqlığı həyatından,

      Riyakarlığı düşüncələrindən,

      Utanmazlığı üzündən

      Və zulmü qəlbindən söküb atmış...

      • Hits: 1042 clicks

      Tecox component by www.teglo.info