Ey Şanlı Türk Əsgəri / Elşən RZAYEV

      Share

      Əsrlər boyu apardığı azadlıq mübarizəsində qəhrəmanlıq salnamələri yazmış Azərbaycan xalqının keçdiyi yol çətin və şərəfli olmuşdur. Uzun illər yadelli işğalçıların müstəmləkəsinə 

      çevrilmiş xalqın mübarizə əzmini qırmaq mümkün olmamışdır.Hətta, azərbaycanlı gənclərin döyüş əzmini qırmaq üçün və onları qorxaq yetişdirmək məqsədilə ordu sıralarına alınmasına belə mane olmuşlar. Buna baxmayaraq xalqın kökündə olan azadlıq eşqi sönməmiş, əksinə mübarizlik ruhu daha da möhkəmlənmişdir.

      XX əsrin əvvəllərində Azərbaycan torpaqları qısa zaman ərzində baş verən bir sıra hadisələrə səhnə olmuşdur. 1918-ci ilin mart soyqırımı kimi dəhşətli faciə yaşamış Azərbaycan xalqının 28 may İstiqlal Bəyannaməsi ilə ölmədiyini sübut etməsi öz məntiqi sonluğunu - paytaxt Bakının da işğaldan azad edilməsini tələb edirdi.

      Bakı S.Şaumyanın başçılıq etdiyi bolşevik-daşnakların əlində idi və onlar 1918-ci ilin mart qırğınlarından sonra da dinc əhaliyə divan tutmağa davam edirdilər. Azərbaycanın qərbində, Zəngəzurda, habelə Qarabağ və Naxçıvanda da erməni hərbi birləşmələri azərbaycanlılara qarşı soyqırım həyata keçirirdilər. Belə bir şəraitdə Bakını bolşevik qüvvələrindən azad etmək, erməni daşnakların qırğınlarını dayandırmaq lazım idi. Ancaq yenicə yaranmış və hələ tam şəkildə formalaşmamış bir dövlətin təcrübəli və amansız düşmənlə mübarizəsi çox çətin idi. Təbii ki, bu yolda bizim ən böyük güvən yerimiz Anadoludakı qardaşlarımız olmalı idi və oldu da.

      Milyon və milyardlar şəhəri adlanan Bakının qapıları önündə bir neçə gündür qələbə quşunun qanadlarını tutmaq istəyən Qafqaz İslam Ordusu bu gözəl şəhəri fəth edə bilməsəydi, türkün və onun ordusunun şərəfini indi üzərində dayandığımız torpaqlara basdırmış olacaqdı. Əgər şanlı türk əsgərləri bu sərvət və qızıl şəhərini fəth edə bilməsəydi, Qafqaz türkləri və Türküstan müsəlmanlarının ürəyinə sancılmış xəncərin üzərinə "Heyif ki, türk bizə köməyə gəlmədi" cümləsi yazılacaqdı. Qafqaz fəryad edəcək, Türküstan ağlayacaqdı. Əgər şanlı türk əsgərləri bu böyük İslam şəhərini fəth edə bilməsəydi, Allah deyənləri ortadan qaldırmaq istəyən düşmənlər bizi əhatə edəcək və qıcanmış dişlər yeni zülmlər üçün qana batmış olacaqdı. Əgər şanlı türk əsgərləri dəmir quyulardan dünyaya sərvət axıdan bu hərb şəhərini fəth edə bilməsəydi, tarix qarşısında utanaraq yerə baxacaqdı. Və bütün dost-düşmən ölkələrdə ən kiçik evdə, ən işsiz adamların belə dillərinin əzbəri olan Bakı şəhəri uğrunda savaşın pərişanlığı türklərin pərişanlığı ilə sona çatacaqdı. Düşmənlər böyük və çox böyük bir zəfərin açarını ələ keçirdiklərini bəlkə də bir az haqlı olaraq elan edəcəkdilər. Dostlar isə belə bir itki üçün peşmanlıqlarını gizlətməyəcəklər və bizi kədərləri ilə məhv edəcəkdilər.

      Ey şanlı türk əsgəri! Əgər sən bu şəhəri almasaydın, Bakıda sənin üçün hazırlanan süfrələr qonaqsız qalacaqdı, sənin üçün tikilən geyimi düşmənlərimiz geyinəcəkdi. Sənin üçün verilən qurbanlar qəbul edilməyəcək, sənin üçün kəsilən qurbanlar düşmənə qalacaqdı. Əgər sən bu şəhəri ala bilməsəydin, İslam gəlinlərinin duvaqlarını kafirlər yırtacaq, yenə mübarək İslam qanı qırmızı şərablar kimi vəhşi işgəncələrin yolunda axacaqdı. Sənin zəfərin üçün dua edən əlləri zalımlar kəsəcəkdi. Əgər sən bu şəhəri ala bilməsəydin, qadınlar saçlarını yolacaq, ağlını itirəcəkdi. İndiyə qədər axan qanlar boş yerə axmış olacaq, sən də bu toz-torpaqlı yerlərdə pərişan və səfil olacaqdın. Türkün gözlərini çıxarıb iplərə düzən düşmənləri şənləndirəcəkdin.

      1918-ci ilin 15 sentyabrında Bakı igidlik tacının almaz qaşı olmuşdur. Azərbaycanın istiqlal tarixində bu günün müstəsna yeri var. Bu, təkcə milli dövlətçiliyimizin - Xalq Cümhuriyyətinin özünün paytaxtına qovuşduğu gün deyil, daha geniş kontekstdə götürdükdə, Azərbaycan və Türkiyə qardaşlığının tarix durduqca yaşayacaq möhtəşəm bir xatirəsidir.

      Çox maraqlıdır ki, Bakının azad olunması mübarək bir günə - Qurban bayramına təsadüf etmişdi. Bəli, Bakının işğaldan azad edilməsi üçün tökülən qanlar Azərbaycan və Anadolu türkünün Allaha birgə və ən böyük qurbanlarından biri kimi tarixə əbədi olaraq yazılıb. Və onu nə siyasətçilərin nadanlığı, nə insanların cəhaləti, nə də düşmənlərin məkri unutdura bilər.

      Əminəm ki, Azərbaycanın bütün ləyaqətli oğul və qızları Azərbaycan Cümhuriyyətinin baş naziri Fətəlixan Xoylunun 1918-ci il 19 sentyabr tarixli müraciətinə imza atmağa hazırdırlar: "Qafqaz İslam Ordusunun Komandanı Səadətli Nuru Paşa cənablarına! Komandanlığınız altındakı cəsur türk əsgərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşməndən təmizlənməsi münasibəti ilə millətimin şəxsinizə və dünyanın ən cəsur və soylu əsgəri olan türkün oğullarına minnətdar olduğunu ərz etməklə iftixar duyuram."

      lər�/p�?�P�le='mso-bidi-font-style: normal'>

       

       

       

      • Hits: 1023 clicks

      Tecox component by www.teglo.info