İbrət İstəyən Varmi? / Kamran Məmmədov

      Share

      ƏGƏR İMANIN OĞURLANSAYDI?

      Bir kişi böyük alim Səhl  bin Abdullah Tüstərinin yanına gəlib belə dedi:

      - Evimə oğru girib bəzi əşyalarımı oğurlayıb. İndi mən nə edim?

      Səhl (r.a) o adama:

      Sən Allaha şükür et! -dedi.

      O adam:

      Mən evimə oğru girdi deyirəm. Siz isə şükür etməyimi istəyirsiniz. Evinə oğru girən adam şükür edərmi?

      Səhl (r.a): “Sən evinə oğru girdiyi üçün yox, şeytanın qəlbinə girmədiyi üçün şükür et! Əgər şeytan qəlbinə girib sənin imanını(inancını) oğurlasaydı, müsibət o zaman olacaqdı.” -deyə cavab verdi.

       

                                                        DƏVƏLƏRİ HARA BAĞLAMALI?

       

      Bir gün varlı bir adam Əbu Hənifənin yanında halından şikayət edərcəsinə belə dedi:

      - Ey İmam! Mənim bir az sərvətim var. Namaz qılmağa başladıqda dəvələrim xəyalıma gəlir. Amma siz bu qədər var-dövlətə sahib olduğunuz halda rahatlıqla namaz qılırsınız. Bunu necə bacarırsınız?

       Əbu Hənifə (r.a) belə cavab verir: “Mən dəvələrimi qəlbimə yox, tövləyə bağlayıram”.

       

      GÖZLƏNİLMƏYƏN RUZİ

       

      Hicri 32-ci ildə böyük səhabə Abdullah b. Məsud (r.a) xəstələnmişdi. Xəlifə Osman(r.a) ziyarətinə gəlmişdi. Aralarında belə bir söhbət keçdi.

      - Ey Abdullah, bir şikayətin varmı?

      - Günahlarım.

      - İstədiyin bir şey varmı?

      - Rəbbimin rəhməti.

      - Sənə həkim çağıraqmı?

      - Ey Osman! Həkim mənə baxdı. Xəstəliyi verən də Allahdır, məni rəhmətinə qərq edən də.

      - Sənə xəzinədən yardım göndərəkmi?

      - Heç bir şeyə ehtiyacım yoxdur.

      - Qızların üçün olsun.

      - Mən onlara “Vaqiə” surəsini öyrətmişəm. Bu surəni hər axşam oxuyan yoxsulluğa düçar olmaz və Allah ona heç gözləmədiyi yerdən ruzi verər.

       

      • Hits: 1081 clicks

      Tecox component by www.teglo.info