Şekspirin Şərq Rəvayəti

      Share

      Qərbi Avropanın Renessans dövrünün ədəbi-estetik fikir tarixində hz. Məhəmməd Peyğəmbərin həyatına, şəxsiyyətinə dair çoxsaylı nəşr və mühakimələrə rast gəlmək mümkündür.

       Bununla belə bu dövr ədəbiyyatında Şərqin Peyğəmbər obrazının incələnməsi istər-istəməz müxtəlif suallar doğurur və onların şərh olunmasına ehtiyac duyulur.

      İngiltərənin kraliçası I Yelizavetanın sədaqətli saray əyanı Ser Valter Ralleyin (1554-1618) “Dünyanın tarixi” adlı birinci kitabının birinci fəslində müqəddəs Peyğəmbərimiz haqqında, lakin o qədər də inandırıcı olmayan belə bir təsvir verilmişdir. Müəllifin dili ilə desək: “Belə söyləyirlər ki, Məhəmməd Peyğəmbərin bir göyərçini varmış. Qulağına qoyduğu buğda ilə həmin göyərçini yemləyərmiş. Bu göyərçin ac olanda Peyğəmbərin çiyninə qonar, dimdiyi ilə öz qidasını onun qulağından götürərmiş. Məhəmməd Peyğəmbər isə kobud və sadəlövh ərəbləri inandırarmış ki, bu məsləhəti müqəddəs ruhdan alıbdır.” Şərq ölkələrinin mütəxəssis dinşünas alimləri təbii ki, elmi-dini ədəbiyyatda qeyd olunan hadisənin yanlış olduğunu söyləyə bilərlər. Lakin Qərb ədəbiyyatında yuxarıdakı mülahizənin geniş şəkildə yayıldığını, hətta cahanşümul ingilis dramaturqu Vilyam Şekspirin (1564-1616) “VI Henri” adlı məşhur tarixi xronikasında bu məqama toxunaraq həmin hadisənin qısa şərhini verdiyini görürük. Təbii ki, bu kimi hadisələrin təsvirinin müəyyən səbəbləri vardır. Hər şeydən əvvəl, həmin dövrdə Şərq ölkələrində olmuş bir çox səyyah, tacir və salnaməçilər Məhəmməd Peyğəmbər haqqında qeyri-adi, elmi əsası olmayan şayiə və söyləmələri həqiqət kimi qəbul etmişlər. Ona görə ki, onların böyük qismi ərəb dilində dini ədəbiyyatı, yaxud əlyazmaları oxuya bilmədiyindən daha çox söylənilən, nəql olunan hər hansı bir hadisənin həqiqət olub-olmadığının fərqinə varmamışlar.

      Şekspirin “VI Henri” adlı tarixi pyesinin birinci hissəsinin ikinci səhnəsində yuxarıda qeyd etdiyimiz təsvirə diqqət yetirək:

      Was Mahomet inspired with a dove?

      Thou with an eagle art inspired, then.

      Sonralar Fransanın kralı olan Çarlz Daufinin dili ilə verilən həmin beytin sətri tərcüməsini aşağıdakı kimi təqdim edirik:

      Elə isə sən qartalın hücumundan (sənətindən) zövq alan kimi

      Görəsən Məhəmməd (Peyğəmbər) də göyərçindən xumarlandımı?

      “Əgər o qadın yalanı, riyakarlığı təsdiq etsə, onda mən heç bir peyğəmbərə inanmayacağam” deyən Çarlzın mühakiməsində Şekspirin hər misrasında Qərb və Şərq dünyasının həqiqət və fərziyyələrinə şair-dramaturq baxışı şeiriyyətin dili ilə poetik ifadəsini tapmışdır. Lakin dramaturqun Çarlzın dili ilə söylədiyi fikri heç də onun Allahsız, dinsiz-imansız olduğunu deməyə zəmanət vermir. Əslində Şekspir öz şeiri-sənəti ilə zirvələrə yüksələn dahi bir söz adamı olmuşdur.

      İstər-istəməz, tələbkar oxucu marağından doğan yuxarıdakı beytin ikinci misrasındakı “qartalın hücumundan (sənətindən) zövq almağın” nə məna verdiyini də açıqlamaq istərdik. Əvvəla, ingilis missioneri məşhur Ser Antoni Şirley Rusiyada, İranda və Azərbaycanda gördüyü bir çox hadisələri özünün məşhur “Səyahət” kitabında təsvir etmişdir. Hətta sonralar onun kitabından sitat gətirən Börton 1767-ci ildə Londonda nəşr etdirdiyi kitabında XIII əsr Tartar xanının “iki yüzə qədər qırğı və qartal saxladığını, onlardan bəzilərini canavar ovlamaq üçün məşq etdirdiyini” göstərmişdir.

      “Moskvanın hökmdarları qartallara dişi maralların, tülkülərin üstünə şığıyıb onların cəsədini geri gətirməyi öyrədirdilər. Belə qartallardan biri kraliça Yelizavetaya hədiyyə kimi göndərilmişdi” yazan Robert Börton təbii ki, Renessans dövründə İngiltərə həyatı üçün maraqlı görünən həqiqət və şayiələrdən yan keçə bilməmişdir.

      Şekspirin bir beytində iki hadisənin təsviri oxucunu da, tədqiqatçını da düşündürür. Müqəddəs Peyğəmbərimizin qulağına qoyduğu buğda dəni ilə göyərçini yemləməsi əslində onun sülh adamı kimi (axı göyərçin elə ən gözəl sülh rəmzidir) bütün dünyada çox məşhur olduğunu söyləməyə rəvac verir. Peyğəmbər şəxsiyyətinə, şəninə qoşulan bu rəvayət yalnız insanların Ona hədsiz sevgisi və ehtiramı ilə əlaqələndirilə bilər. Bu, hər şeydən əvvəl, bütün bəşəriyyət və insanlıq üçün sülhün yaradıcısı olan varlıq nuru Peyğəmbərimizin düşüncə dünyamızda oyatdığı duyğuların mücəssəməsi kimi diqqəti cəlb edir.    

      • Hits: 668 clicks

      Tecox component by www.teglo.info