155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Çarəsizlik, yoxsa Acizlik / Dr. Abbas QURBANOV

      Share

      Son günlər xəbərlərdə oxuduğum bəzi məlumatlar məni kədərləndirdi və oturub uzun-uzadı düşünməyə vadar etdi. Belə ki, bu, son bir həftə ərzində oxuduğum ikinci xəbər idi.

       Cəlilabadda 10 yaşlı və Qusarda 16 yaşlı bir gənc intihar etmişdi. Hətta son xəbərin axırında qeyd olunurdu ki, bu hadisə son iki ay ərzində şimal bölgəsində baş verən doqquzuncu intihar hadisəsidir. Bu məlumat məni kədərləndirməklə bərabər həm də, təəcübləndirdi. Öz-özümə ola bilməz dedim. Lakin bu məlumatların demək olar ki, bütün kütləvi xəbər agentliklərində verilməsi məni istəmədən inanmağa vadar etdi. Elə ona görə də buaykı məqaləmi gənclər arasında intihar mövzusuna həsr etmək məcburiyyətində qaldım.

      Ümumiyyətlə İntihara səbəb olan amil insanın çarəsizliyi və köməksiz qalmasıdır. Məsələn, Almaniyada intihar edən 70 yaşlı ər-arvad ölmədən əvvəl belə yazmışdı: “34 ildir qapıçıdan başqa heç kim qapımızı döymədi. Artıq bundan sonra yaşamağımızın bir mənası yoxdur.” Başqa bir hadisə isə Türkiyədə cərəyan edir. 17 yaşındakı bir qız yazdığı məktubda bu hərəkətini valideyinlərinə sitəm edərək belə izah edir. “Heç vaxt məni sevmədiniz, məni başa düşmədiniz, mənə köməklik etmədiniz, hətta mənə qulaq belə asmadınız və hər zaman özünüzü fikirləşdiniz. İndi mənsiz qalın.” Hər iki intihar hadisəsinin səbəbi hamımıza məlum və tanışdır.

      Axı nədir bu “intihar” deyilən mərəz?

      İntihar – şəxsin duyğusal, ruhi və ya sosial səbəblərin təsiri ilə öz həyatına qəsd etməsi kimi izah olunur.

      İnsan bu dünyada yaradılmışların ən dəyərlisi və ən qiymətlisidir. Elə buna görə də ona əşrəful-məxluqat deyilir. Ömrünün nə qədər davam edəcəyi sadəcə Allaha məlum olan insan, dünyaya gəldiyində bir ailəyə, bir nəslə və yüzlərlə insana sevinc gətirir. Elə buna görə də yaşamaq hər bir insanın ən təbii haqqıdır. Bir insanın başqa birisinin həyatına müdaxilə etməyə heç bir haqqı yoxdur. Yalnız müharibə şəraitində, özünü və namusunu müdafiə edərkən belə bir haqq verilir insana. Bir insanın öz həyatına müdaxilə edərək intihar etməsi isə heç bir vaxt yol verilməzdir. Uca kitabımız olan Quranda kiməsə həyat vermənin sanki bütün insanlığa həyat verməyə, bir cana qəsdin də sanki bütün insanlığı öldürmək kimi böyük günah olduğu bildirilmişdir.

      “...hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur... ” (əl-Maidə, 5/32)

       Hətta dinimizə görə insanın özünə qəsd edərək həyatına son qoyması ilə əbədi cəhənnəmlik olacağı haqqında hədislərdə xəbər verilmişdir. İnsanın hansı problemlə qarşılaşmasına baxmayaraq ondan qorxub çəkinməsi, çarəsizlik içində öz acizliyini göstərərək intihar etməsi nə səbəblə olursa olsun qəbul edilməməkdədir.

      İnsanların, xüsusən də gənc yaşda olanların intihar etmələrinin səbəblərinə gəldikdə isə bunlardan ilk ağlıma gələn iman zəifliyinin olmasıdır. Belə ki, heç bir haqq dində insanın canına qəsd qəbul edilməməkdə və bu əməl rəğbətlə qarşılanmamaqdadır. Gənclərin qəlbində Allaha və axirət gününə imanın olmaması onların bu addımı atmalarına səbəb olan amillərdən biridir.

      Gənclərin xüsusən qarşılaşdıqları digər problemlər içərisində isə eşq, xəyanət, yoxsulluq, işsizlik, hər hansı bir xəstəlik, ailədaxili münaqişələr və ya yaxınını itirmək kimi hadisələrin dayandığı da ortaya çıxmaqdadır. Gənclərin öz problemlərini həll etmə səriştəsizliyi və bununla yaşanan stress, ümidsizlik onları çıxılmaz vəziyyətə salır. Bəzən də gənclər güclərinin və qabiliyyətlərinin çox-çox üstündə duran məsələlərlə məşğul olmağa başlayır və nəticədə bacara bilmədikləri zaman ətrafdakıların “fərasətsiz” demələrini özərinə sığışdıra bilmirlər.  Bu hallarda isə gənclərə nəzarət və onlara nəsihət verərək doğru yola gətirmək ailədəki və ətrafdakı insanların boynuna düşən vəzifələrdəndir. Gənclərin düşdükləri bu kimi çıxılmaz hallar və vəziyyət onların doğru qərar vermələrinə mane olur. Bu vəziyyətə düşənləri anlamaq, onları qanadının altına almaq, yol göstərmək, dayaq olmaq, onları xilas etmək yuxarıdakı ayənin fəziləti çərçivəsində dəyərləndirilməlidir.

      İntihar hadisələrinə qarşı ilk mübarizə də gənclərn özlərindən başlamalıdır. Onlar həyatın və yaşamağın ilahi və sosial qayda olduğunu dərk etməlidirlər. Bu mənada gələcəkləri üçün planlar qurmalı, hədəflərini müəyyənləşdirməli və yaşamağa daha da həvəsli olmaları lazımdır. Eyni zamanda valideynlər gənclərin yaş həddi ilə əlaqədar olaraq keçirə biləcəkləri duyğusal və ruhi problemlərdə onlara kömək etməli və öz təcrübələrindən nəsihət verməlidirlər.

      • Hits: 704 clicks

      Tecox component by www.teglo.info