Şairlər Məcnundur, Səhra Bir Leyla... / Nurlan MƏMMƏDZADƏ

      Share

      Görəsən bir şair və yazar nə düşünür, necə yaşayır ki, sənət xariqələri qoyur ortaya? Bu sual, demək olar ki, hər birimizin ağlından keçmişdir. Çünki onlar bəzən əsrlər keçməsinə baxmayaraq insanlar üzərində öz təsirini davam etdirirlər.

       Bü gün hələ də Nizamilərdən, Füzulilərdən söhbət açmırıqmı? Əsərlərində baş verən hadisələr öz dövrlərinin diliylə təsvir edilməsinə baxmayaraq kürəsəlləşən dünyada müasir texnologiyaya ayaq uydurmağa çalışan çağdaşlarımız tərəfindən hələ də oxunmaqda, incələnməkdədir. Əcəba, bu gün hər şeyin modern olmasına çalışan, BMW, MERCEDES kimi model maşınlarda gəzən və marka kostyumlar geyən əsrin adamına qaba yundan əlbisələr geyinən Məcnun niyə bu qədər cazib gəlsin ki?..

      Əgər üstü-başı dağınıq Məcnun hələ də modern insanımıza xitab edə bilirsə bunda mütləq bir sirr vardır. Halbuki dünən yazarlıq arenasına çıxan, lakin bu gün unudulan o qədər yazar və şair var ki, adlarını belə xatırlamırıq.

      Qeyd etmək lazımdır ki, yazar dedikdə ilk növbədə qələm yada düşür. Qələm... Allahın, adına and içdiyi müstəsna varlıqlardan biri. Hər birimizin qədərini yazan qələm, elə yazmış ki, heç kimin həyat hekayəsi bir-birinə bənzəmir. Bir yazarın ən çətin, lakin şərəfli vəzifəsi də əlində tutduğu qələmi Allahın adına and içdiyi qələmdən bir cüz halına gətirə bilməkdir. Bunun da yeganə yolu qələmi nəfsə deyil, ilahi qüdrətə təslim etməkdən keçir. Məhz bu nöqtədən dəyərləndirərsək şairlə yazıçı arasında heç bir fərqin olmadığını düşünürəm. Çünki hər ikisi də eyni məsuliyyəti daşımaqdadır.

      Fəlsəfə ağlın məhsulu ikən, şeir təxəyyül nəticəsində ortaya çıxar. Bu xüsusda mühüm olansa hər ikisini bir araya gətirə bilməkdir. Necə ki, bəziləri bunu etməyi bacarmış və əsrlər sonrasına hökm etməyə müvəffəq olmuşlar. Məsələn, Füzuli bir eşq fəlsəfəsi qoymuş ortaya və hələ də haqqında əsərlər yazılır. Digər tərəfdən ərəblərin məşhur “Mualləqa şairi” İmrul-Qays dildəki ən bəliğ vasitələri qələmə almasına rəğmən Füzuli qədər müvəffəq olmamışdır. Səbəbi isə sırf təxəyyüldən yola çıxması və ədəbiyyatı nəfsinin əsarətinə ram etməsi olmuşdur.

      Nəcib Fazilin bayağı şeir üçün istifadə etdiyi təbir çox möhtəşəmdir. Ustad “Məna pərdəsi düşmüş şeir” deyir və açılıb-saçılan qadını da bu növ şeirə bənzədir. Türk dilində bayağı şairləri qəsd edən “qaldırım şairi” deyə bir deyim vardır. Qaldırım, küçələrdə və yol kənarında çıxıntılı daşlarа deyilir. Bu deyim, sözün dəyərini düşürən “şair”lər üçün söylənən möhtəşəm təşbeh. Söz söyləmək bir sənətdir və bu səbəbdən şair olmaq, yazar olmaq çox çətindir. Bir az əvvəl söz açdığımız dəngələrə hakim ola bilməkdən keçir bunun yolu. Ağıl və təxəyyül... Bunlardan biri olmadığı zaman iş yarımçıq qalar.

      Bəzən, düşündükləri hər şeyi insanlarla asan paylaşa bildiklərini düşünərək həsəd aparırıq onlara. Amma əsla... Bəzən tam tərsi, o qədər yazıb-pozmalarına rəğmən özlərinə məxsus çox özəl sirləri  saxlarlar, fəqət heç kim fərqinə varmaz. Bəzən yazdıqları əsərlərində özlərini anladarlar, amma heç kim anlamaz bunu. Çünki kimsənin anlamasını istəməmişdir. Rəsul Rza bir şeirində

      “Dünya dolu adamdır, dərdimi kimə deyim?” –yazırdı.

      Onlar çox vaxt bu qədər adam içində açığa vura bilmədikləri sirlərin acısını duyar, iztirabını çəkərlər. Həm də insanların ən yaxşı anladanları olduqları halda. Bu da ilahi feyzlərə məzhər olan hz. Zəkəriyyənin susma orucu tutmasına bənzəyir sanki. Bəzən düşünürəm ki, Məcnun dedikləri əcəba, Füzulinin özümü?!. Bu məqamda mərhumun

      “Məndə Məcnundan füzun aşiqlik istedadı var.

      Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var.” -misrası yadıma düşür.

      Bəlkə də hər zaman arayış içində və xalqa nə isə çatdırmaq cəhdində olduqları  üçün  dərdləri üstlənirlər. Bəlkə də bu səbəbdən onlara qarşı edilən haqsızlıqlar və kiçik diqqətsizliklər qarşısında çox həssas olurlar. Yenə Füzulidən misal vermək gərəkirsə məşhur “Şikayətnamə”si var ustadın. Yazma səbəbi doqquz axçalıq maaşının verilməsində çıxarılan süründürməçilik olmuşdur. “Doqquz axça nədir ki?” deyə bilərik, amma şairi yazmağa sövq edən səbəb doqquz axça deyil, fərqli bir duyğu. Şairi incidən qələm sahibinə, söz sənətinə qarşı edilən hörmətsizlik olmuşdur. Bu sətirləri yazarkən məktəbdə oxuduğum illəri xatırlayıram. O zamankı ağlımla anlamadığım üçün hər zaman qınayardım Füzulini:

      “Doqquz axça üçün adam şikayət edərmi?” –deyə. Amma indi anlayıram. Qələm əhli həssas olurmuş, incitməmək lazım. Hamının tanıdığı bir rus şairi var, Mayakovski. O qədər süründürməçiliyə salmışlar ki, bürokratlardan bezib intihar etmiş. Bir şərq yazarı ilə qərb yazarı arasındakı ən bariz fərqlərdən biri də budur. Birisi çilə və sıxıntılara səbr edə bilməyib intihar edərkən, digəri Rəbbinə sığınmış.

      Son olaraq deyə bilərik ki, bir şairi şair edən ən əsas ünsür yanıb-tutuşma xəstəliyinə yaxalanmaqdır. Şair ola bilmənin yolu bir az da Məcnun olmaqdan keçir. Şairin dediyi kimi:

      Qeyb olan şeiri çağırmaq üçün

      Şairlər Məcnundur, səhra bir Leyla...

          

      • Hits: 886 clicks

      Tecox component by www.teglo.info