Alpay ƏHMƏD - VƏTƏN MÜHARİBƏSİNİN SİYASİ-HƏRBİ ASPEKTLƏRİ

      Share

      Məşhur hərb nəzəriyyəçisi Klaus fon Klauzeviçin “Müharibə - siyasətin başqa yollarla aparılma vasitəsidir” aforizmi 44 günlük Vətən müharibəsində tam təsdiqini tapmış oldu. Artıq dünyanın aparıcı ölkələrinin (Rusiya, Almaniya və s.) müdafiə nazirlikləri belə Azərbaycan ordusunun apardığı əməliyyatların (xüsusilə Şuşanın azad olunması) öyrənilməsinin vacibliyini etiraf edirlər.

      Mən hərbi ekspert deyiləm, sadəcə, sonuncu Qarabağ savaşından bu yana məsələnin hərbi və siyasi aspektləri ilə bağlı oxuduğum materiallar əsasında ümumi fikirlərimi bölüşmək istərdim. Düzdür, “Qalibləri mühakimə etmirlər” aforizminin öz yeri var, amma onu da qeyd etmək lazımdır ki, Azərbaycan məhz “ədalətli müharibə”də qələbə çaldı, bu qələbə isə siyasi və hərbi faktorların lazım olan vaxtda üst-üstə düşməsi ilə təmin olundu.

      Bu gün sosial şəbəkələrdə tez-tez səslənən fikirlərdən biri də budur ki, ölkəmiz müharibəni hansısa dövlətlərin icazəsi ilə udub, eyni zamanda bu fikri söyləyənləri kəskin qınayaraq, onları ordumuzun işinə kölgə salmaqda günahlandıranlar da var. Məsələyə soyuq başla nəzər salanda aşağıdakı nəticələrə gələ bilərik:

      Azərbaycan rəhbərliyi, sözsüz ki, torpaqları azad etməyə start verməzdən öncə geosiyasi reallıqları nəzərə alıb, eləcə də üzləşəcəyi risk və təhdidləri təhlil edib. İstənilən halda, ölkə üçün ən vacib olan məqam RF-nin ən azından, neytral mövqe sərgiləməsi idi ki, buna qismən nail olundu. Söhbət rəsmi Moskvanın müharibənin gedişatına birbaşa irihəcmli hərbi birləşmələr səviyyəsində müdaxiləsindən gedir. Düzdür, Azərbaycan prezidenti İlham Əliyev xalqa olan telemüraciətlərinin birində etiraf etdi ki, Rusiyadan Ermənistana silah-sursat səviyyəsində hərbi yardımlar edilir, ancaq o, öz çıxışında birbaşa rəsmi Moskvanı məlum səbəblərdən qınamadı. Rusiya, bəlli olduğu kimi, istər prezident administrasiyası, istərsə də xarici işlər nazirliyi səviyyəsində hərbi əməliyyatların ilk günlərindən etibarən bir neçə dəfə “Müharibə Azərbaycan ərazisində gedir” bəyanatları verməklə bir növ neytral mövqe sərgilədi. Sadəcə Azərbaycan Fransanın və bir sıra Avropa ölkələrinin siyasi təzyiqi ilə üzləşdi ki, onları da sırf müharibəni dayandırmaq baxımından effektiv saymaq olmazdı. Hətta 10 noyabr atəşkəsindən sonra deyil, hərbi əməliyyatlar zamanı Fransa və Belçikanın qanunverici orqanları Azərbaycana qarşı məlum bədnam qətnamələri qəbul etsəydi belə, bu sənədlər deklarativ xarakter daşıdığına görə proseslərə bizim maraqlara zərbə vuracaq səviyyədə təsir etməzdi.

      Bir sözlə, Azərbaycan uyğun geosiyasi şəraitdə düzgün seçim etməklə bacara biləcəyi işləri görə bildi. Biz hətta 1991-92-ci illərlə müqayisədə daha çox Dağlıq Qarabağ ərazisinə nəzarət əldə edə bildik ki, - ətraf 7 rayonun azad olunması öz yerində, - bu özü ciddi uğur sayılmalıdır.

      Qaldı ki, 44 günlük müharibənin hərbi aspektlərinə, bu barədə istər yerli, istərsə də xarici mətbuatda ilkin təhlil yazılarına rast gəlmək olar. O yazılardan çıxan nəticələri tezislər şəklində vermək istərdik:

      • Bu müharibə xarakter etibarilə hardasa blitzkriq (hərfi tərcüməsi: ildırımsürətli), yəni qısamüddətli sayıla bilər.
      • Azərbaycan ağıllı hərbi planlaşdırma hesabına torpaqlarını azad edə bildi və sonda işğalçıların mərkəzi Xankəndiyə daxil olmaq imkanı əldə etdi. (Xankəndinin alınmaması başqa söhbətin mövzusudur.) Üstəlik, Ermənistan prezidenti Nikol Paşinyanın özünün etiraf etdiyi kimi, on beş minlik erməni hərbi qruplaşması mühasirəyə düşdü ki, məhz onların məhv olma mümkünlüyü Ermənistanı 9 noyabrda atəşkəs imzalamağa məcbur etdi.
      • Azərbaycan ənənəvi (döyüş təyyarələri, ağır texnika, artilleriya və s.) və modern (Türkiyə, İsrail və yerli  istehsal PUA-lar) silahların sintez şəklində istifadəsi hesabına uğurlu əməliyyatlar həyata keçirə bildi.
      • Azərbaycanın qələbəsini təmin edən faktorlardan biri – hava məkanında üstünlük və düşmənin hava hücumundan müdafiə qüvvələrini (S 300 qurğuları və s.) məhv etməsi idi, bu da öz növbəsində müharibənin gedişatına həlledici təsir göstərdi.
      • Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri (XTQ) bu müharibənin qısa müddətli olmasını təmin edən əsas elementlərdən biri oldu və Şuşanın alınmasında atıcı silahlarla silahlanmış XTQ-nin göstərdiyi şücaət hərb tarixinə düşdü.

      Bir sözlə, Azərbaycan siyasi reallıqlarla hesablaşaraq mövcud iqtisadi və hərbi potensialı daxilində çox ciddi uğurlara nail ola bildi. Bundan sonrakı proseslər isə dağılmış ərazilərdə tikinti və infrastruktur işləri, iş yerlərinin açılması, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması və ən əsası, Dağlıq Qarabağın bütün ərazilərində suverenliyimizin bərpası ilə bağlı olacaqdır.

      • Hits: 20 clicks

      Tecox component by www.teglo.info