Tövbə Və Göz Yaşi / Osman Nuri Topbaş

      Share

      Bir dərzi saleh bir nəfərdən soruşdu:

      “- Rəsulullah (s.ə.s)-in “Allah təala günahkar bəndəsinin canı boğazına gəlmədən etdiyi tövbəsini qəbul edər.” hədisi-şərifi haqda nə buyurursunuz?”

      O saleh insan da:

      “- Doğrudur. Amma sənin peşən nədir?” –deyə soruşdu.

      “- Dərziyəm, paltar tikirəm.”

      “- Dərzilikdə ən asan şey nədir?”

      “- Qayçını tutub parçanı kəsmək.”

      “- Neçə ildir bu işlə məşğulsan?”

      “- Otuz ildir.”

      “- Canın boğazına gəldiyi zaman parça kəsə bilərsənmi?”

      “- Xeyr, kəsə bilmərəm.”

      “- Ey dərzi, bir müddət zəhmət çəkib öyrəndiyin və otuz il asanlıqla gördüyün bir işi o zaman edə bilmirsənsə, ömründə heç etmədiyin tövbəni o an necə edə bilərsən? Bu gün gücün yerində ikən tövbə et! Yoxsa son nəfəsdə istiğfar və hüsnü-xatimə nəsib olmaya bilər… Sən “Ölüm gəlməzdən əvvəl tövbə etməyə tələsin!” hədisini eşitmədinmi?” Bu cavabı alan dərzi ixlasla tövbəyə sarıldı və salehlərdən oldu.

      Bu qissədə gördüyümüz kimi insanların önündə min bir dünya və nəfsaniyyət çuxurları vardır ki, bunların ən təhlükəlisi də səmimi tövbəni daima sonraya saxlamaqdır. Halbuki tövbəyə sarılmaq bütün ömrümüzün zəmanətidir. Rəsulullah (s.ə.s) də əshabına “ən böyük dərdin günah dərdi, əlacın da gecə qaranlığında istiğfar” olduğunu bildirmişdir. Çünki Allaha yönəlmək və qəlbin ülvi səviyyə qazanmasında mühüm yeri olan istiğfar mənəvi kirlərdən təmizlənməyin də yeganə vasitəsidir.

      Məqbul bir tövbə bəndə ilə Allah arasındakı maneələri və pərdələri qaldırır ki, əməlisalehlər üçün bu hal son dərəcə mühümdür. Hədəfə çatmağa mane olan xüsusları ortadan qaldırmaq və beləcə qəlbi əsl qayəyə hazır hala gətirmək lazımdır. Buna görə ruhi təkamül üçün bütün təsəvvüf yollarında səhərlər edilən zikr dərsinə istiğfar ilə başlanır.  

      İlk tövbə ilk peyğəmbər Hz. Adəmlə başlamışdır. O, tövbəsində:

      “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” (əl-Əraf, 23) deyə dua etmişdi. Bu dua onlardan sonra qiyamətə qədər gələcək övladlarına bir istiğfar nümunəsidir.

      Allah dostları tövbəni üçə ayırır:

      1.      Avamın (sadə camaatın) tövbəsi: Bunlar günahlarına tövbə edərlər.

      2.      Xavas, yəni seçkin bəndələrin tövbəsi: Bunlar qafil olmaqdan tövbə edərlər.

      3.      Xassul-xavassın, yəni ən seçkin xas bəndələrin tövbəsi: Bunlar da Allaha daha yaxın olmaq üçün tövbə edərlər.

      Ancaq hər saleh əməldə olduğu kimi tövbədə də səmimiyyət və ixlas şərti vardır. Belə ki, bir çox Allah dostu etdiyi tövbələrə də tövbə etmişdir. Yəni tövbəyə möhtac tövbələrdən Allaha sığınmaq və ayədə buyurulan “tövbətən nəsuha” sirrinə nail olmaq zərurəti vardır. Çünki nəfs və şeytan qəlbi ovlamağa yol tapmadıqda doğruluq donuna girərək gözəllikləri və yaxşılıqları təlqin edir. Bununla da bəndəni tələyə salaraq tövbələri zədələyirlər. Davamlı olaraq tövbədən dönmək axirət səadətini qaraldacaq bir afətdir. Allah təala buyurur:

      “(Tövbə edəcəyiniz təqdirdə) ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin! Əgər siz (yenidən yaramaz əməllərinizə) qayıtsanız, Biz də (sizi yenidən cəzalandırmağa) qayıdarıq.” (əl-İsra, 8)

      Tövbə mövzusunda bu xüsus da çox əhəmiyyətlidir:

      Camius-Sağir adlı hədis kitabında insanların əməllərini yazan mələklərdən günahları qeyd edən mələyin bir günahı işləndikdən altı saat sonra yazdığı, bu zaman içində tövbə etmə ehtimalı olar deyə gözlədiyi bildirilir. Bu səbəblə “Tövbəmi tuta bilmirəm, yenə günah işləyirəm, buna görə də tövbə etməyim!” deməməli, daima istiğfar etməliyik. Allahın lütfü ilə tövbənin pozulmayacağına inanmaq lazımdır. Ancaq bilmək lazımdır ki, tövbə bir əfv diləmə olduğu üçün səmimi peşmanlığın gerçəkləşməsi və bağışlanması istənən günahın bir daha işlənməməsi xüsusundakı qəti əzmi lazımdır. Bunun üçün Allah təala belə buyurur:

      “Şeytan sizi Allaha arxayın edib (Allah Öz bəndələrinə mehribandır, onların hamısını bağışlayacaq, günahlarından keçəcək deyə) tovlamasın!”  (Loğman, 33)

      Hz. Peyğəmbərin “Tövbə peşmançılıqdan ibarətdir” hədisi insanı günaha düşürməyəcək bir tövbədən xəbər verir. Eyni zamanda bu hədis tövbənin peşmanlıqla başlamasının zərurətini bəyan edir. Bu da günah kirlərinin səmimi göz yaşları ilə təmizlənməsi deməkdir.

      Rəvayət olunur ki, tövbə və peşmanlıq içindəki bir günahkara yuxu ilə oyanıqlıq arasında ikən günahlarının siyahısı verilmiş və “oxu!” deyilmişdi. Bu hal qarşısında günahkar bəndə o qədər ağladı ki, göz yaşlarından kağızdakı günahlarını görməz hala gəldi. Nəhayət bu səmimi göz yaşları bütün günahlarını yuyub apardı. Beləliklə də əfv olundu.

      Bəzən bir günahın əfvi üçün min göz yaşı lazım gəlir, bəzən də bir damla yaş min günahı təmizlər.

      Göz yaşı ilahi məhəbbət bağına girənlər üçün tövbə çeşməsidir. Günahları yuyub aparar. Rəbbə qarşı şükürdür. Göz yaşı Allahın ümid dərgahıdır. Bütün ümidlərin kəsildiyi bir anda bu dərgahın qapısında ağlaya bilənlər bəxtiyardırlar.

      Səmimi göz yaşları ilə aləmi seyr edənlər üçün o yaş damlalarının hər biri bağrında min bir okean sərgiləyən aynalar kimidir ki, hər zərrədə ilahi sirlər ayan olur. Oxuna bilməyən neçə-neçə hikmət səhifələri onunla oxunur. Göz yaşı kəlmələrin daşıya bilməyəcəyi mənaları yüklənən və ifadə edə bilən ilahi bir dildir ki, bəndə onunla özünün də xəyal edə bilməyəcəyi şeyləri Rəbbindən istəmiş olur...

      Allah üçün gözlərdən süzülən bir damlanın dəyərini bu qissə nə gözəl ifadə edir:

      Cüneyd Bağdadi (q.s) bir gün yolda gedərkən göydən mələklərin endiyini və yerdən nə isə qapışdıqlarını gördü. Birindən soruşdu:

      “- Qapışdığınız nədir?” Mələk cavab verdi:

      “- Bir Allah dostu buradan keçərkən bir “ah!” çəkdi və gözündən bir neçə damla yaş axdı. Bu vəsilə ilə Allahın rəhmət və məğfirətinə nail olmaq üçün o damlaları qapışırıq.”

      Hədisi-şərifdə buyurulur:

      “Allah nəzərində bu iki damladan daha sevimli damla yoxdur. Bunlardan biri gecənin qaranlığında sırf Allah eşqi və qorxusu üçün tökülən göz yaşı, digəri isə Allah yolunda mücadilədə tökülən qan damlasıdır.”

      Həzrət Mövlana kirləndikdən sonra buxara çevrilərək yer üzünə yenidən bərraq bir rəhmət halında qayıdan sulardan belə bəhs edir:

      “Suyun duruluğu qalmayıb bizim kimi palçığa batınca o da yer üzündə kirləndiyi üçün kədərlənər...

      Fəryad edib Allaha yalvarmağa başlayar. Bu fəryadlar və yalvarışlara görə Allah onu buxarlandırıb göyə alar. Orada müxtəlif mərhələlərdən keçirərək tərtəmiz edər. Sonra da bəzən yağış, bəzən qar, bəzən də dolu halında yer üzünə yağdırar. Nəhayət sonsuz bir dənizə çevirər.”

      Şübhəsiz ki, bu simvollar Allahın qurtuluşa çatdırmaq istədiyi günahkar bəndələrinə qarşı göstərdiyi mərhəməti və sevgini ifadə etməkdədir. Günah kiri ilə qəlbi palçığa batmış kəslərdə tövbə suyu ilə peşmanlıq günəşi bir araya gələrsə, Allah o könülləri göylərə aparar. Tozdan, torpaqdan və bütün nəfsani kirlərdən təmizləyər. Yenidən varlıqların ən şərəflisi olaraq, yəni bir rəhmət halında yer üzünə göndərər. Bu halın ən geniş mənada təcəllisi də namazlarda gerçəkləşir ki, bu baxımdan dosdoğru qılıma bilən namazlar üçün “möminin meracıdır” buyurulur. Ancaq insan oğlu bu həqiqəti çox zaman dərk etməyib dünyaya dalır və ağlamaq yerinə qəhqəhəyə boğulur. Bunun üçün Allah təala:

      “Həm də gülürsünüz, heç ağlamırsınız! Siz (qəflət içində) oynayır-əylənirsiniz.” (ən-Nəcm, 60-61) buyurmuş və Rəsuluna “Qazandıqlarının (qazandıqları günahların) cəzası (əvəzi) olaraq az gülüb çox ağlasınlar!” (ət-Tovbə, 82) deyərək tənbeh etmişdir.

      Yəni, Allah öz bəndəsindən tövbə və göz yaşı ilə günahlarını təmizləməsini istəyir. Hz. Mövlana göz yaşının əhəmiyyətini belə dilə gətirir:

      “Şam ağlayıb göz yaşı dökdükdə daha parlaq hal alır. Ağac yarpağı da ağlayan buludun bərəkəti və günəşin hərarəti ilə yaşıllaşır, təzələnir. Yəni, bir meyvənin yetişməsi üçün hərarət və su lazımdır.

      Eynilə bunlar kimi tövbələrin də qəbulu üçün bulud və şimşək, yəni göz yaşı və könül yanğısı lazımdır.

      Könül şimşəyi çaxmaz, göz buludu yağış yağdırmazsa, nəfsin qəzəb atəşi və günah alovları necə sönər? Vüslətin feyzi, yəni ilahi təcəlli nurunun parlaqlığı könüldə necə zühur edər. Məna çeşmələri necə coşub çağlayar? Yağmurlar yağmasa gül bağçası yaşıllığa necə sir söyləyər. Bənövşə yasəmənlə necə əhd-peyman bağlayar?

      Qoy təbiət hıçqıra-hıçqıra ağlasın. Bu torpaqlar sudan ayrı düşdükdə quraqlaşır. Bulaqlardan, dərələrdən ayrı qalan, uzaq düşən sular da saralır, iylənir, bulanır.

      Cənnət kimi yamyaşıl olan bağlar, bağçalar sudan ayrı qaldıqda saralıb-solur, yarpaqları quruyur, tökülür, xəstəlik yurduna çevrilir. (İnsan da belədir...)”

      Bu haldan qorunmaq üçün Şüeyb (ə.s)-ın gözləri ağlamaqdan kor olmuşdu. Hz. Peyğəmbər (s.ə.s) də:

      “Mənim bildiyimi bilsəydiniz, az gülər, çox ağlayardınız. Yediyiniz yeməkdən həzz almazdınız...” (Camius-Sağir, c. II, səh. 10) –buyurmuşdur.      

      Başda Peyğəmbərlər olmaqla bütün vəlilər, salehlər və sadiqlər sıxıntıda və bolluqda, kədərdə və sevincdə daima Allaha sığınmışlar. Çünki Peyğəmbərlər belə qeyri-ixtiyari bir xəta olaraq ifadə edilən “zəllə” işlədikləri üçün tövbə və istiğfara möhtacdırlar. Tövbə və istiğfar həqiqi mahiyyəti etibarilə bir peşmanlıq və sığınma olduğu üçün Allaha yaxınlaşmağın ən təsirli vasitəsidir.  

      Süfyan Sevri həzrətləri buyurur:

      “Ağlamaq on qismdir. Bunların doqquzu riyadır. Ancaq biri Allah üçündür. İl ərzində bir dəfə olsa belə Allah üçün ağlayan bəndə ümid edilir ki, cəhənnəmdən xilas olar.”

      Rəvayət olunur ki, əri ilə aralarında mübahisə baş verən bir qadın ağlayaraq Qazı Şüreyhə müraciət etmişdi. Bu əsnada orada olan Şabi ona belə dedi:

      “- Ya Ümeyyə, bu qadının məzlum olduğunu zənn edirəm. Görmürsənmi necə ağlayır?” Bu cavab qarşısında qazı Şüreyh:

      “Ey Şabi, Yusufun qardaşları da zalım olduqları halda ağlayaraq atalarının yanına gəlmişdilər. Bu göz yaşlarına baxaraq hökm vermək doğru olmaz!”

      Bu cür göz yaşları əlbəttə ki, mərduddur. Başqa bir mənfur ağlayış da miskinlik və zillət ifadə edən ağlayışlardır. Bunlar çalışmadığı halda xüsran çəkən kimsələrin boş-boşuna axan göz yaşlarıdır. Belələri haqda mərhum Mehmed Akif nə gözəl deyir:

      Bırakın matemi, yahu! Bırakın feryadı;

      Ağlamak faide verseydi, babam kalkardı!

      Göz yaşından ne çıkarmış? Niye ter dökmediniz?!.

      Bizim bəhs etdiyimiz muradi-ilahi olan ağlayış isə halımızı dost-düşmən qarşısında aşağılayacaq olan göz yaşı deyil, göylərə yüksəldəcək, qəlbə meracı yaşadacaq bir ağlayışdır. Geniş dəryalar çör-çöpü başında tutaraq onları dibə batmaqdan qoruduğu kimi, bizim göz yaşlarımız da bizi batmaqdan qoruyub başında daşıyacaq və mənzili-məqsuda çatdıracaq sular qəbilindən olmalıdır ki, bunlar gözdən çox könüldən axan və xalqa deyil, Haqqa ərz edilən damlalardan ibarətdir.

      Ağlamaq xüsusunda mühüm olan başqa bir məsələ də bu ağlayışın şikayət ağlayışı olmamasıdır. Çünki şikayətdə razı olmama halı vardır ki, bu da əsla məqbul bir davranış deyil. Çünki şikayətlər insanı üsyana qədər aparar və əlindəki bütün sərmayəsini yox edər. Bu isə Haqqın qəzəbini özünə cəlb edər. Bizim qəsd etdiyimiz ağlayış isə qəzəbi cəlb etmək deyil, dostu məmnun edə bilmək əndişəsi və günah kirlərindən təmizlənə bilmə vəsiləsidir.

      Ölüm gəldikdə bütün yatmışlar oyanır, yəni gözlərini açıb həqiqəti görürlər. Ancaq o son nəfəsdə həqiqəti görməyin artıq heç bir faydası olmaz. Eynilə Firona olmadığı kimi... Həzrət Mövlana nə gözəl buyurur:

      “Ağıllı insanlar öncədən ağlayarlar, cahillər isə işin sonunda başlarına vurarlar, ah-vah edərlər. Sən işin başlanğıcında sonunu gör ki, qiyamət günündə peşman olma!

      Ovçu tələsindəki buğdaları görüb özünü itirmiş, ağlını işlətməz hala gəlmiş quşun halı sənə ibrət olsun. Qeyri-ixtiyari olaraq buğdaları yeyib tələyə düşdü. Sonra başını bəladan qurtarmaq üçün nə qədər Yasin oxudu, Ənam oxudu, lakin nə fayda!.. Bəla gəldikdən sonra ağlamaq, fəryad etmək, sızlamaq nə işə yarayar? Bu ah və fəryad tələyə düşmədən öncə edilməlidir...”

      Necə ki, Lut qövmünün ilahi intiqamı cəlb edən azğınlıqları səbəbilə həlak ediləcəklərini öyrənən İbrahim (ə.s) onların nə dərəcədə bir üsyan içində olduqlarını tam bilmədiyi üçün onlara mərhəmətlə dua etmək istədikdə mələklər:

      “- Artıq dua vaxtı keçdi!..” demişdilər.

      Uca Allahın muradı ilə ölümün bizə harada, nə vaxt və necə gələcəyi bilinmir. Onun üçün qəlblərin “Ölmədən əvvəl ölün!” sirri ilə yoğrulması və hər an Rəbbinə qovuşmağa hazır olması lazımdır. Əks təqdirdə son nəfəs fəryadlarla dolu xüsran dəmi olar. Ayeyi-kərimədə buyurulur:

      “Ölüm bihuşluğu həqiqətən, gələcəkdir. (Ey insan!) Bu sənin qorxub qaçdığın şeydir!” (Qaf, 19)   

       Dolayısı ilə bəndələrin ən mühüm dərdi nəfs təzkiyəsi və qəlb təsfiyəsi olmalıdır. Buraya qədər anlatdığımız tövbə və göz yaşı bu hala nailiyyətin yalnız qapısı sayılır. Bu qapıdan içəri girdikdən sonra əlbəttə ki, edilməsi gərəkən bütün saleh əməlləri işləmək zəruridir. Fərz, vacib və sünnələri ədəbinə görə əda etdikdən sonra xüsusilə qul haqqı, ata-ana haqqı, Allah üçün infaq, bütün məxluqata mərhəmət, şəfqət və əfv ilə yaxınlaşa bilmək kimi gözəlliklərə sahib olmaq lazımdır. Məsələn, bu gözəlliklərdən bağışlama məziyyətinə qovuşa bilənlər ilahi əfvə daha çox layiq olarlar. “Bizə acıyın!” fəryadlarına könül verməyən məhəbbət və mərhəmət məhrumları həyatın çaşqın və həzin yolçuları olurlar.

      Bunun üçün könüllər tövbə və göz yaşı iqlimində bütü gözəl davranışları əldə edərək Rəbbə yönəlməlidir. Bu yönəliş də heç şübhəsiz ki, ömrün hər anını əhatə edər. Belə bir yaşayışla zinətlənmiş saleh könüllərə qiyamət günü bir peşmanlıq günü deyil, bayram səhəri olar.

      Rəbbimiz hər birimizə belə bir bayram səhəri nəsib etsin! Eşq, vəcd və səmimi göz yaşlarıyla ilahi rəhmət və məğfirətinə nail etsin!

      Amin!.. 

      • Hits: 1116 clicks

      Tecox component by www.teglo.info