Osman Nuri TOPBAŞ - HAQQ DOSTLARINDAN HİKMƏTLƏR - YUNUS ƏMRƏ - 11

      Share

      Yunus Əmrə həzrətləri buyurur:

      Dərvişlik olaydı tac ilə xirqə,

      Biz dəxi alardıq otuza qırxa!

      Dərvişlik ruhsuz qəlibdən və məna dərinliyi olmayan bəzi simvol və hərəkətlərdən ibarət mərasimlər məcmusu deyil. Dərvişlik qəlbi əhya etməkdir.

      Hədisi-şərifdə buyurulduğu kimi:

      “Şübhəsiz ki, Allah-Təala sizin bədənlərinizə və surətlərinizə baxmaz, lakin qəlblərinizə nəzər salar”. (Müslim, Birr, 33)

      Buna əsasən deyə bilərik ki, zahiri görünüş və geyim insanı dərviş etməz. Çünki mərifət və kəramət dərvişin geyimində, tacında, yaxud bu kimi simvolik əşyalarda deyil.

      Beləliklə, zahiri görünüşə əhəmiyyət verərkən daxili aləmə laqeydlik göstərməmək lazımdır. Çünki hər hansı bir zərfin dəyəri onun içindəkinə bağlıdır. İçi boş olan bir zərfin zahiri nə qədər bəzəkli olsa da heç bir qiymət ifadə etməz. Əsil dəyər zahir və batin, şəkil və ruh, maddə və mənanın ahəngli şəkildə sintez edilməsidir.

      Ona görə dərvişlik də İslamın “şəriət, təriqət, həqiqət və mərifət” bütünlüyü ilə insanın özünə, sözünə, gözünə, əlinə, belinə, dilinə, bir sözlə, bütün hal və davranışlarına hakim olmasıdır.

      Bu mənəvi kamillikdən məhrum olduqdan sonra zahiri görkəm və simvollar insanı təsəvvüf əhli etməz. Bu, tamamilə quru təqliddən ibarət olar.

      Bununla birlikdə zahiri görünüşə və geyim-kecimə əhəmiyyət verməyin lüzumsuz olduğunu düşünmək, belə bir qənaətə gəlmək də yanlışdır. Çünki saç-saqqalının dağınıq olması, pal-paltarının baxımsız olması əsla bir möminə yaraşmaz. Necə ki, Rəsuli-Əkrəm r daima sadə, lakin təmiz paltarlar geyinərdi. Gözəl ətirdən istifadə etməyi unutmaz, mübarək bədəni və libası gül ətri verərdi.

      Həzrət Peyğəmbər bir gün əyninə kirli paltar geyinmiş bir nəfərə heyrət edərək:

      “Bu adam paltarını yumağa su tapmırmı?”, - buyurmuş və müsəlmanlara təmiz və nizam-intizamlı olmalarının lüzumunu bildirmişdir. (Bax. Əbu Davud, Libas, 14/4062; Nəsai, Zinət, 60)

      Həmçinin əyin-başın düzəldilməsini əmr edən, geyim-kecim xüsusunda dağınıqlığı xoş görməyən Peyğəmbərimiz r saç-saqqalın dağınıq olmasını qəbul etməzdi. Bir dəfə saç-saqqalı bir-birinə qarışmış bir nəfər məscidə gəlmişdi. Rəsulullah r əli ilə ona saç və saqqalını düzəltməsini işarə etdi. Həmin adam bu əmri yerinə yetirdikdə Allah Rəsulu r belə buyurdu:

      “Bu hal sizdən hər hansı birinin şeytan kimi saç-saqqalı dağınıq gəzməsindən daha yaxşı deyilmi?”. (Muvatta, Şaar, 7; Beyhəqi, Şuabul-İman, V, 225)

      Hər bir müsəlman dinini təmsil etdiyi üçün bacardığı qədər geyim-kecimi ilə, hal və davranışları ilə daima İslamın nəzakət və alicənablığına yaraşan şəkildə ömür sürməli, olduğu hər mühitə hüzur verməlidir.

      Yunus Əmrə həzrətləri buyurur:

      Dərvişlik dedikləri

      Xirqə ilə tac deyil,

      Könlün dərviş eyləyən,

      Xirqəyə möhtac deyil!

      Mənəvi həyatın özünə deyil, sözünə etibar edən, qəlbdən çox qəlibə əhəmiyyət verən qafillərə xəbərdarlıq mahiyyətli bu hadisə necə də mənalıdır:

      Müridlərindən biri Bəyazid Bəstami həzrətlərinə deyir:

      “Əfəndim, kürkünüzdən bir parça versəydiniz, təbərrük niyyəti ilə üstümdə gəzdirərdim”.

      Həzrət isə sırf şəkillə ruhi dərinliyə nail oluna bilməyəcəyini ifadə edərək belə buyurur:

      “Oğlum, sən özünü düzəltmədikdən sonra nəinki Bəyazidin kürkünə, dərisinə də bürünsən, heç bir faydası olmaz”.

      Yəni təsəvvüfi həyatın tələbi olan saleh əməlləri, gözəl əxlaqı, mərifətullah dərinliyini, ehsan şüurunu, ixlas və təqva həssaslığını yaşamadıqdan sonra təsəvvüfün ismini, cismini, şəkil və etiketini, simvolik əşyalarını mənimsəmək əsla insanı arif, müttəqi, dərviş, mürid, mürşid, bir sözlə, təsəvvüf əhli etməz.

      Necə ki, tarix boyu təsəvvüfün cəmiyyət nəzərindəki etibarından istifadə edərək özlərinə şan-şöhrət qazanmaq istəyən din tacirləri və insanların mənəviyyatını istismar edən yalançılar da meydana çıxmışdır. Onlar da qəlblərində olmayan təsəvvüfi məfhumları dillərinə əzbər etmiş, ruhlarında olmayan dərvişlik xislətini geyim-kecim və qondarma davranışlarla var kimi göstərmək riyakarlığı sərgiləmişlər.

      Qiymətli olan hər şeyin saxtası da mövcuddur. Bu kimi saxtakarları əslindən ayırd edə bilməyin ən mühüm yolu dinin zahiri tərəfi olan şəri hökmlərə nə qədər riayət etdiklərinə baxmaqdır. Çünki şəriətin qoyduğu yolda düzgün addımlamayan, nəfsani mənfəət düşüncələrinin boyunduruğundan qurtula bilməyən, bayağı arzuların ardınca sürüklənən adamların həqiqətmərifət sahəsində söz söyləməyə can atması ya qəflət və cəhalət, ya da riyakarlıq və saxtakarlıqdır. Çünki həqiqət və mərifət şəriətin ehsan şüurunda və təqva səviyyəsində yaşanmasıdır.

      Ona görə də bir adamın mənəvi cəhətdən kamil olduğuna hökm verərkən sadəcə zahirinə baxmaq aldadıcı ola bilər. Qeyd edəcəklərimiz bu həqiqəti necə də gözəl ifadə edir:

      Həzrət Ömər t -in yanında bir nəfəri tərifləyəndə mədh edən adamdan soruşdu:

       

      “Sən onunla qonşu oldunmu, birlikdə səfərə çıxdınmı, yaxud onunla ticarət etdinmi?” Sual verdiyi adam bu sadalananların heç birini etmədiyini bildirdikdə:

      “Mənə elə gəlir ki, sən onu sadəcə məsciddə Quran oxunarkən başını aşağı salmış halda görmüsən”, - dedi.

      “Bəli, ya Ömər”, - cavabını aldıqdan sonra isə belə buyurdu:

      “Elə isə çox da mədh etmə! Çünki ixlas qulun boynunda yazılmayıb”.

      Hədis raviləri də hədis öyrənmək məqsədi ilə yanına getdikləri adamın atını çağırmaq üçün ona yem göstərib aldatdığını gördükləri zaman sırf bu hərəkətinə görə həmin adamı hədis rəvayət etməyə layiq görməzdilər.

      Deməli, bir adam haqqında doğru qənaət sahibi olmaq üçün onun sadəcə namazına və orucuna baxmaq kifayət deyil. Əsl namaz insanı pis əməllərdən uzaqlaşdırmalı olduğu kimi, layiqincə tutulan oruc ruhən yumşaldıb şəfqət və mərhəmətin inkişafına səbəb olduğu kimi əsl təsəvvüf həyatı da qəlibdən daha çox qəlb işidir. Mənəvi təkamülün ən böyük ölçüsü ədəb, həya, təvazö, şəfqət, mərhəmət, comərdlik, isar kimi duyğuların qəlbdə inkişafı, Allah yolundakı xidmət və fəaliyyətlərə rəğbətin artmasıdır. İnsanın hal və hərəkətlərində bu kimi keyfiyyətlər yoxdursa, onun mənəvi təkamülündən söz açıla bilməz.

      Həmçinin təsəvvüf hər hansı pərdə altında gizlənərək, məqam və mövqeyə sığınaraq dünyəvi və nəfsani mənfəət arayışı ilə insanın özünü göstərmə vasitəsi deyil. Əksinə, nəfsi təzkiyə edərək, qəlbi dünya təmayüllərindən təmizləyərək, bayağı arzulardan uzaqlaşaraq ədəb, təvazö, heçlik və yoxluq hissiyyatı ilə halını Allaha ərz edib özünü aciz bəndə olaraq görməkdir.

      Dərvişlik libasına bürünüb dünyalıq ehtirasına qapılanlar nə qədər təsəvvüf əhli olduqlarını iddia etsələr də, əslində, dünya əhlidirlər. Bunun müqabilində zahirən dünya ilə məşğul olsalar da, qəlbən Allahla bərabər olanlar əhlullah, ricalullah, yəni Haqq dostu olan əməlisaleh qullardır. Allah-Təala onları belə mədh edir:

      “O kəslər ki, nə ticarət, nə də alış-veriş onları Allahı anmaqdan, namaz qılmaqdan və zəkat verməkdən yayındırar. Onlar qəlblərin və gözlərin çevriləcəyi (iztirab çəkəcəyi) bir gündən qorxarlar”. (ən-Nur, 37)

      Bu hadisə sözünü etdiyimiz həqiqəti necə də gözəl izah edir:

      Şah Nəqşbənd həzrətlərinin yetişdirdiyi böyük Allah dostlarından Muhamməd Parsa həzrətləri həccə gedərkən Bağdad şəhərində nur üzlü gənc bir zərgərlə rastlaşır. Gəncin müştərilərlə qızğın alver etdiyini görüb vaxtını dünyəvi məşğuliyyətlərlə keçirdiyini zənn edərək kədərlənir:

       “Təəssüf! Tam da özünü ibadətə verəcəyi bir çağda dünyəvi işlərlə məşğuldur”, - deyə qəlbindən keçirir.

      Bir anlıq müraqibəyə daldıqda isə qızıl alıb-satan həmin gəncin qəlbinin Allahla olduğunu heyrətlə müşahidə edir. Bu səfər:

      “Maşallah! Əl karda, könül Yarda!”, - deyərək gənci təqdir edir.

      Muhamməd Parsa həzrətləri Hicaza gəldikdə isə Kəbənin örtüyündən yapışıb için-için ağlayan ağsaqqal bir qoca ilə qarşılaşır. Əvvəlcə qocanın için-için ağlamasına və Allaha yalvarmasına baxaraq:

      “Kaş, mən də belə ağlayaraq Allaha yalvara biləydim”, - deyir. Sonra onun da qəlbinə təvəccöh edib bütün dua və ağlayışlarının fani bir dünyəvi istək üçün olduğunu anlayır və kədərə qərq olur.

      Muhamməd bin Əli Tirmizi g belə buyurur:

      “Bir adamın himməti (yəni bütün çalışması və əhəmiyyət verdiyi xüsus) din olarsa, himmətinin hörmətinə bütün dünyəvi işləri də dini hal alar. (Bunun əksinə) bir adamın himməti dünya olarsa, niyyəti səbəbi ilə bütün dini işləri də dünyəvi hal alar”.[1]

      Demək, qəlbən Allahla olan və niyyəti Allahın rizasını qazanmaqdan ibarət olan bir insanın dünyəvi işləri belə ibadət mahiyyəti daşıyır.

      Lakin bunun əksinə, bütün niyyəti fani və nəfsani mənfəət əldə etmək olan və qəlbən dünyəvi arzuların işğalı altında olanların özlərini abid və zahid kimi göstərməsi isə yalnız özlərini aldatmaqdan ibarətdir. Qəlblərin pəncərəsi Allaha açıqdır. Allah-Təala qəlblərdə olanı ən yaxşı biləndir.

      Yunus Əmrə həzrətləri buyurur:

      İşbu əcəl şərbətini

      Əlbət dadısarsın,[2]

      Dadışına şəkk yoxdur,

      Şimdi onu daddın tut.

      İmam Qəzzali həzrətlərinin oğluna etdiyi bu nəsihət çox ibrətlidir:

      “Oğul! Fərz et ki, bu gün öldün. Həyatında keçirdiyin qəflət anlarına nə qədər təəssüflənəcəksən. Ax, kaş ki, deyəcəksən. Lakin heyhat! (Geri qayıdış artıq mümkün deyil)

      Hər mömin sübh namazını qılandan sonra bunları xatırlamalıdır:

      “Məmin sərmayəm ömrümdür. Ömrüm əldən getdikdən sonra sərmayəm də əldən çıxar və artıq qazanmaq imkanım da olmaz. Başlayan gün yeni bir gündür. Allah-Təala bu gün də mənə lütf etdi. Əgər canımı alsaydı, əlbəttə, bir günlüyünə də olsa dünyaya geri qaytarılıb saleh əməlləri artırmağı istəyərdim.

      İndi fərz et ki, öldün və bir günlük dünyaya qayıtmağına izin verildi. Elə isə bu gün qətiyyən günahlara yaxınlaşma! Əsla bu gününün bir anını belə boş keçirmə. Çünki hər nəfəs bahabiçilməz nemətdir”.

      Ayeyi-kərimələrdə buyurulur:

      “Sizdən birinizin ölümü gəlib çatmazdan əvvəl sizə verdiyimiz ruzidən infaq edin ki, sonra o: “Ey Rəbbim! Kaş yaxın bir vaxta qədər məni (ölümümü) təxirə salaydın. Beləcə, mən də sədəqə verər və salehlərdən olardım!” - deməsin. Allah əcəli çatan heç kimin ölümünü təxirə salmaz. Allah sizin etdiklərinizdən xəbərdardır”. (əl-Münafiqun, 10-11)

      Necip Fazıl da bu həqiqətə işarə edərək belə deyir:

      Xəsis sərraf, özünə başqa bir kisə tikdir;

      Məzarda keçər axça nəysə onu birikdir!

      Allah-Təala həyat nemətini axirətdən qafil şəkildə hədər edib cəhənnəmə düçar olanların dərin peşmanlığını belə xəbər verir:

      “Onlar orada:

      “Ey Rəbbimiz! Bizi (cəhənnəmdən) çıxart ki, (daha əvvəl) etdiyimiz (pis) əməllərin yerinə yaxşı əməllər edək!” - deyə fəryad edərlər. (Bu zaman onlara belə deyilər:)

      “Orada (dünyada) sizə düşünən bir kimsənin düşünə biləcəyi qədər ömür vermədikmi?! Sizə xəbərdar edən bir peyğəmbər də gəlmişdi. Ona görə də dadın (əzabı)!”. (əl-Fatir, 37)

      Deməli, ömür sərmayəsini qəflət içində puç edənlər dünyaya qayıtmaq üçün yenidən möhlət istəyəcəklər. Lakin ömür bir səfərə məxsus verilən nemətdir. Əldən çıxdıqdan sonra təkrarı imkansızdır...

      Üstəlik Haqq-Təala bizi hər gecə ölümün qardaşı olan yuxuya daldırır və hər səhər bir növ “ölümdən sonra diriliş”i yaşadır. Beləliklə, Rəbbimiz hər səhər ömür təqvimindən yeni bir səhifə açaraq sanki bizə yeni bir möhlət lütf edir.

      Bu ilahi tənzim bizə öldükdən sonra yenidən dünyaya qayıtmaq istəyənlərin dərin peşmanlığını düşündürməli və axirətə yönəlik səylərimizi artırmağa vəsilə olmalıdır. Əslində bu şüur və cəhdin özü bir müdriklik göstəricisidir. Eynilə bir hədisi-şərifdə buyurulduğu kimi:

      “Ağıllı adam nəfsinə hakim olub onu hesaba çəkərək ölümdən sonrası üçün çalışan, axmaq isə nəfsini (dünyəvi) istəklərinə ram etdiyi halda Allahdan xeyir umandır”. (Tirmizi, Qiyamət, 25/2459)

      Ona görə təsəvvüfi tərbiyədə “təfəkküri-mövt” böyük əhəmiyyət kəsb edir. Parça qundaq içində göz açdığımız dünyadan taxta qundaq içində ayrılacağımızı düşünərək faniliyi unutmamaq qəlbi nəfsani arzuların istilasından qorumaq üçün ən təsirli metoddur.

      Ulu əcdadımız da qəbiristanlıqları şəhər mərkəzində və məscidlərin yanında salmaqla oradan gəlib-keçən hər kəsə gələcəyi seyr etdirərək fani günlərin qəflətlə keçirilməsinə əngəl olmaq istəmişdir.

      Haqq dostlarından Rəbi bin Heysəmin bu halı ölüm və sonrasına hazırlıq xüsusunda diqqət çəkən bir misaldır:

      Rəbi bin Heysəm həzrətləri evinin həyətində bir məzar qazmışdı. Nə vaxt qəlbinin qatılaşdığını hiss etsə, həmin məzara girər, bir müddət orada uzanardı. Mütləq bir gün dünya ilə vidalaşacağını və məzarda bir istiğfara və sədəqəyə belə möhtac olacağını təfəkkür edər, axirətdəki hesabını düşünərək dərin-dərin düşünərdi. Sonra bu ayəni oxuyardı:

      “Nəhayət, onlardan (müşriklərdən) birinə ölüm gəlib çatdığı zaman belə deyər: “Ey Rəbbim! Məni (dünyaya) geri qaytar!

      Ola bilsin ki, tərk etdiyim o yerdə yaxşı bir iş görüm”. Xeyr, onun dediyi boş bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər davam edən bərzəx aləmi (qəbir həyatı) vardır”. (əl-Muminun, 99-100)

      Rəbi həzrətləri məzardan çıxdıqdan sonra öz-özünə:

      “Ey Rəbi, bax bu gün geri qaytarıldın. Bu istəyinin qəbul edilməyəcəyi, dünyaya geri qaytarılmayacağın bir gün də gələcək. İndidən tədbirini al və saleh əməllərini, Allah yolunda səylərini artır və axirət tədarükünü gör”, - deyərdi.

       

      Biz də bu gün vəfat edə biləcəyimizi, kəfənlənərək tabuta qoyulacağımızı, o taxta qundaq içində dönüşü olmayan bir səfərə çıxacağımızı, bütün ailə üzvlərimizin və dostlarımızın bizi dəfn edib geri qayıdacağını, məzarda yalnız iman və əməlimizlə baş-başa qalacağımızı təfəkkür etməliyik. Ömür təqvimimizdə yer alan qəflət səhifələri üçün qəbirdə və axirətdə nə qədər ah-nalə çəkəcəyimizi bu gündən düşünüb lazımi tədbiri almalıyıq.

      Bu hadisə necə də ibrətlidir:

      Bir gün Bəhlul Danəndə həzrətləri Harun Rəşiddən soruşur:

      “Ey xəlifə, sənə üç sualım var:

      1. Yer üzündə ən çox olan nədir?

      2. Yerin altında ən çox olan nədir?

      3. Göy üzündə ən çox olan nədir?”

      Harun Rəşid bu sualı xəfifə alaraq belə cavab verir:

      “Yer üzündə ən çox olan canlılardır. Yer altında ən çox olan ölülərdir. Göy üzündə ən çox olan da qanadlılardır (quşlar, həşəratlar və s.)”.

      Bəhlul Danəndə isə Harun Rəşidə mənalı-mənalı baxaraq bu qarşılığı verir:

      “Xeyr, ey xəlifə, sən məsələnin zahiri tərəfini dilə gətirdin. Həqiqəti söyləmədin. Əslində yer üzündə ən çox olan tamah, ehtiras, qısqanclıq və bitməz-tükənməz nəfsani arzulardır. Yer altında ən çox olan peşmançılıq sədaları, ah-nalələrdir. Göy üzündə ən çox olan isə Ərşi-Əlaya yüksələn saleh əməllərdir”.

      Qurani-Kərimin bir çox ayəsində “يَا لَيْتَ / kaş” ifadələri yer alır. Allah-Təala bu ifadələrlə insanın axirətdəki peşmanlığından xəbər verərək bizə indidən xəbərdarlıq edir.

      Bir sözlə, Allahın əmri gəldiyi zaman, əcəl bizi haqladıqda “ah”, “kaş ki” deməyin heç bir faydası olmayacağı üçün yaşadığımız günləri Rəbbimizin rizasını qazanmaq yolunda dəyərləndirmək və qəbirdə peşmanlığa səbəb olacaq şeylərdən ciddi şəkildə uzaq durmaq lazımdır.

      Übeydullah Əhrar g belə buyurmuşdur:

      “Dünyasını dəyişəndən sonra Nəqşbənd həzrətlərini mötəbər zatlardan biri yuxuda görüb ondan belə soruşmuşdu:

      “Əbədi qurtuluşumuz üçün nə edə bilərik?” Xacə həzrətləri bu cavabı vermişdi:

      “Son nəfəsdə nə ilə məşğul olmalısınızsa, onunla məşğul olun!” Yəni son nəfəsdə tamamən Allaha yönəlməli olduğunuz kimi həyatınız boyu da eynilə bu cür ayıq-sayıq olun!”[3]

      Yunus Əmrə həzrətləri buyurur:

      Kişi, Haqqı bilmək gərək

      Haqq xəbərin almaq gərək

      Zində[4] ikən ölmək gərək

      Varıb anda[5] ölməz ola.

      İrfan əhli “ölmədən əvvəl ölün”, buyurur. Buradakı “ölün” ifadəsi ilə nələr qəsd olunur?

      - Əcəl gəlib dünya ilə vidalaşmazdan əvvəl nəfsin qeyri-məşru istəklərini, bayağı arzularını, tükənmək bilməyən ehtiraslarını bu gün öz iradəmizlə tərk etməliyik.

      - Son nəfəs gəlmədən tövbə və istiğfarla halımızı islah etməliyik.

      - İlahi mizanda hesaba çəkilmədən əvvəl bu gün özümüzü hesaba çəkməliyik.

      Allahın muradı gərəyi ölümün bizə harada, nə zaman və nə şəkildə gələcəyi məchuldur. Ona görə qəlblərin “ölmədən əvvəl ölmək” sirrinin təfəkküründə dərinləşməsi və hər an Rəbbinə qovuşmağa hazır halda tutulması zəruridir. Əks təqdirdə son nəfəs “Aman Allah, hara belə?” fəryadları ilə verilər. Ayeyi-kərimədə buyurulduğu kimi:

      “(Ey insan!) Bu sənin qaçdığın ölüm sərxoşluğu mütləq gələcəkdir”, - deyiləcək. (Qaf, 19)

      Necip Fazılın bu mısraları ilahi həqiqətdən qafil qalaraq hədər edilən bir ömrü nə qədər də gözəl xülasə edir:

      Tam otuz yıl saatim işləmiş, bən durmuşum;

      Gökyüzündən xəbərsiz, uçurtma uçurmuşum...

      Məhz bu qəflət və peşmançılığa düçar olmamaq üçün Haqq dostları dünyanı sanki axirət pəncərəsindən seyr edirlər. Onlara “sabah öləcəksən” deyilsə belə gündəlik planlarında hər hansı bir dəyişiklik etmək ehtiyacı hiss etməyəcək dərəcədə son nəfəsə hazırlıq şüuru ilə yaşayırlar. Yəni qulluq səviyyələri ölüm mələyinə “xoş gəldin” deyə biləcək keyfiyyətdədir.

      Son nəfəsi bu rahatlıqla verə bilmək üçün ərəb şairlərindən biri belə tövsiyə edir:

       

      أَنْتَ الَّذِى وَلَدَتْكَ اُمُّكَ بَاكِياً

      وَالنَّاسُ حَوْلَكَ يَضْحَكُونَ سُرُورًا

      فَاعْمَلْ لِيَوْمٍ تَكُونُ فِيهِ اِذَا بَكَوْا

      فىِ يَوْمِ مَوْتِكَ ضَاحِكاً مَسْرُورًا

      Sən ki, anadan olub gəldiyin gün dünyaya,

      Ağlayırdın, gülürdü bütün aləm bir yanda.

      Elə ömür sür ki, indi, öləndə sən güləsən,

      Çağlasın göz yaşıtək bütün dünya arxanda...

      Həzrət Əli t-ın da gözəl bir nəsihəti var:

      “Elə bir həyat yaşa ki, yaşadığın müddətdə insanlar səni axtarsınlar, vəfatından sonra da həsrətini çəksinlər!..”

      Şeyx Sədi g-in bu sözləri də möminlərin xoş şəhadəti ilə bu dünyadan ayrılaraq əbədi aləmə köçə bilməyin səadətini təlqin edir:

      “Elə fəzilətli bir həyat yaşa ki, vəfat etdiyin zaman insanlar: “Bir günəş batdı, bir ulduz axdı”, - deyə səni rəhmət və həsrətlə yad etsinlər”.

      Allah-Təala hər birimizi bu fani dünyada xoş səda qoyaraq üz ağı ilə, vicdan rahatlığı və səlim qəlblə hüzuruna çıxan bəxtiyar qullarından etsin.

      Amin!..

       


      [1] Fəridəddin Əttar, Təzkirətul-Övliya, s. 566, İlim ve Kültür Yay. Bursa 1984.

      [2] Dadısarsın: Dadacaqsan.

      [3] Reşahat, s. 130.

      [4] Zində: canlı, sağ, diri; güclü, sağlam, dinc.

      [5] Anda: Onda, orada, o zaman.

       

      • Hits: 63 clicks

      Tecox component by www.teglo.info