Dr. Səfa MURADOV - BİR HƏDİS

      Share

      عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: مَنْ قَاتَلَ فِي سَبِيلِ اللَّهِ فَوَاقَ نَاقَةٍ وَجَبَتْ لَهُ الجَنَّةُ

                  Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "Kim dəvənin sağıldığı vaxt qədər qısa bir müddət də olsa Allah yolunda savaşarsa, onun cənnətə girməsi vacib olar". (Tirmizi, Fəzailul-cihad, 17)

                  Məlum olduğu kimi, İslam dinində Allah yolunda savaşaraq şəhid olmağın önəmli bir yeri vardır.  Uca Allah Quranda şəhidlərin ölmədiyini bəyan edərək onların ülvi bir məqama sahib olduqlarını bildirmişdir. (əl-Bəqərə, 2/154) Bundan əlavə, Uca Allah şəhidlərə öz dərgahında nemət verildiyini və bu səbəblə onların sevindiklərini də xəbər vermişdir. (Ali-İmran, 3/170). Quranda şəhidlərin özlərinə məxsus mükafatlarının və nurlarının olduğu da Allah tərəfindən bəyan edilmişdir. Bütün bu və buna bənzər ayələrdən şəhidlik məqamının insanların əldə edə biləcəkləri ən yüksək mənəvi məqam olduğu anlaşılmaqdadır.

                  Qeyd etdiyimiz hədisdə isə Allah Rəsulu (s.ə.s), qısa bir müddət olmuş olsa belə, Allah yolunda savaşan insanların cənnətə girməsinin vacib olduğunu açıqlayaraq şəhidlik yolunun nə qədər ali bir yol olduğunu buyurmuşdur. Hədisdən, savaşaraq şəhid olmasa da, Allah yolunda savaşa qatılmağın insanın axirətini qazanması üçün önəmli olduğu anlaşılmaqdadır. Beləliklə, savaşa qatılmaqla insanın cənnətə girməsi vacib olar, savaşa qatılaraq şəhid olan insanın isə məqamı daha yüksək olar.

                  Allah Rəsulunun (s.ə.s) bu hədisi söyləməsinin səbəbi də önəm ərz etməkdədir. Belə ki, səhabələrdən biri şirin sulu bulaqları olan bir qövmün yanından keçərkən o yerin mənzərəsi xoşuna gəlmiş və belə demişdi: "Kaş insanlardan uzaqlaşıb gözəl mənzərəsi olan bu yerdə məskunlaşa bilsəydim. Amma Rəsulullahdan (s.ə.s) izin istəmədən bunu edə bilmərəm". Bundan sonra Rəsulullahın (s.ə.s) yanına gələrək ürəyindən keçənləri söyləmiş və Rəsulullah (s.ə.s) ona belə cavab vermişdi: "Bunu etmə! Sizdən birinin Allah yolunda cihadda qısa bir müddət olsa belə iştirak etməsi yetmiş il evində qılacağı nafilə namazdan daha dəyərlidir. Allahın sizi bağışlamasını istəməzsinizmi? Elə isə Allah yolunda vuruşun". (Tirmizi, Fəzailul-cihad, 17)

                  Hədis Allah yolunda vətəni, dini, namusu, canı, malı qorumaqla savaşa getməyin əhəmiyyətini gözəl bir üslubla diqqətə çatdırmaqdadır. Rəsulullah (s.ə.s) bu hədisində dünyəvi rahatlığı təmin etmək yerinə üxrəvi rahatlıq üçün fədakarlıq göstərməyin zəruriliyinə dair önəmli mesaj verir. Bu hədis bu gün torpaqların müdafiəsi uğrunda savaşa qatılan hər bir əsgərimizə xatırladılmalı və çıxdıqları bu yolun nə qədər ülvi bir yol olduğu onlara təlim edilməlidir. Bu inancla yola çıxan bir ordunun qarşısında heç bir qüvvə tab gətirməyəcək və düşmən məğlub olmağa məhkum olacaqdır. 

       

      • Hits: 52 clicks

      Tecox component by www.teglo.info