Həzi ASLANOV - İSLAMIN İLK ZƏFƏRİ: BƏDR

      Share

      İnsan oğlu yarandığı gündən bəri haqq ilə batilin mücadiləsi davam etməkdə, batil yanlışlığına rəğmən baş qaldıraraq haqqın yolunu kəsməyə, haqq da onun bu hədsizliyinə qarşı mübarizə apararaq dünyada nizam və ədalətin qorunması və davam etməsinə çalışmaqdadır. Bu mübarizədə haqqın yanında yer alanlar qalib gəlmiş, batilin tərəfini tutanlar isə rəzil olmuş, xüsrana uğramışdır.

      Haqq ilə batilin mübarizəsinin ən böyük nümunələrindən biri də Bədr müharibəsidir. İslam tarixində İslamın ilk zəfəri olaraq bilinən Bədr, iman gətirib haqqın tərəfində olanlarla batilə tapan inkarçıların mücadiləsi, sonda inananların qalibiyyəti ilə nəticələnən zəfər döyüşüdür.

      İslam dini savaşı xoş qarşılamasa da, zülm, haqqın tapdanması və nizamın pozulması kimi bəşəriyyəti təhlükəyə aparacaq hallar qarşısında son çarə olaraq savaşmağı buyurmuş, “əmr bil-məruf və nəhy ənil-münkər - yaxşı işlərə dəvət və pis işlərdən uzaqlaşdırmaq” prinsipini ortaya qoymuşdur.

      Yaxşıların və yaxşı işlərin hardasa qəribsəndiyi bir dövrdə baş verən Bədr döyüşü batilin say baxımından nə qədər güclü və qüvvətli olmasına baxmayaraq Haqq qarşısında məğlub olduğunu, az olmasına rəğmən Haqqın batil üzərində qələbə çalmasını göstərmişdir.

      Bədr döyüşünün qısa tarixinə birlikdə nəzər salaq: Müsəlmanlar məkkəli müşriklərin zülm və işgəncəsindən qorunmaq üçün öz yurd-yuvalarından köç edərək Mədinəyə hicrət etmişdilər. Müşriklər savaş elan edərək onlara yeni yurdlarında da təhlükə törətməyə və onları narahat etməyə başlamışdılar. Hz. Peyğəmbər (s.ə.s)  müşriklərin bu təhlükəsinin qarşısını almaq məqsədi ilə onların iqtisadi və hərbi gücünü zəiflətmək qərarına gəlir.

      Ticarətlə məşğul olan Qureyşin ticarət kavranlarının keçdiyi yollardan biri Şam ticarət yolu idi. Hicrətin 2-ci ilində qureyşlilərin Şama ticarət karvanı göndərdikləri xəbəri Mədinəyə çatır. Hz. Peyğəmbər (s.ə.s) əshabı ilə istişarə edərək bu karvanın qureyşlilərə iqtisadi və hərbi güc qazandıracağını bildirir və buna mane olmaq qərarına gəlir. Ancaq Mədinədəki bu planı xəbər alan Əbu Süfyan Məkkəyə tez xəbər göndərərək kömək istəyir və karvanı nadir hallarda istifadə olunan başqa bir yolla Məkkəyə çatdırır.

      Əbu Süfyanın kömək istəmə xəbərini eşidən qureyşlilər Əbu Cəhlin başçılığında bir ordu hazırlayaraq Məkkədən yola çıxırlar. Yolda Əbu Süfyanın ticarət karvanını Məkkəyə sağ-salamat çatdırdığı xəbəri gəlir. Bəzi qureyşlilər artıq savaşa ehtiyac qalmadığını desə də, həm müsəlmanları əzmək, həm də ordularının gücünü göstərmək üçün yola davam etmək qərarı verilir.

      Hər iki ordu Bədr quyularının olduğu yerə doğru yola düşür. Müsəlmanların sayı 300 nəfər, Qureyş müşriklərinin sayı isə min nəfər idi. Bununla yanaşı, döyüş və təchizat baxımından da müşriklərin ordusu daha güclü idi.

      Müsəlmanlar Bədrə qureyşli müşriklərdən əvvəl gəlib çatırlar. Hz. Peyğəmbər (s.ə.s) müşriklərə Hz. Ömər (r.a) vasitəsi ilə savaş etməmək və Məkkəyə dönmələri təklifini edir. Qureyşli müşriklər isə savaşmaqda qərarlı olduqlarını bildirirlər.

      Haqqın batillə savaşı nəticəsində müsəlmanlar qalib gəlir, başda İslamın ən azğın düşməni sayılan Əbu Cəhl olmaqla yetmiş nəfər öldürülür və yetmiş nəfər də əsir alınır. Müsəlmanlardan isə on dörd şəhid verilir.

      Tarixi hadisələri oxuyarkən onlardan alınacaq dərs böyük əhəmiyyət daşıyır. Bədr döyüşü də bizim üçün dərs və ibrət alma baxımından böyük əhəmiyyət kəsb edir. Bədr döyüşündən alınacaq dərsləri qısa şəkildə belə sıralaya bilərik:

      * Əgər müsəlmanların Allah və Rəsuluna qarşı iman və itaətləri tam olarsa, Allah-Təala hər zaman onlara yardımını göndərər, sayları az olsa da, özlərindən sayca çox olanlara qalib gələ bilərlər.

      * İslam dini humanist addımları təşviq etsə də, vətən və din kimi müqəddəs dəyərlərə qarşı təhlükə yarandıqda bu uğurda savaşmağı əmr edir.

      * Kəmiyyət keyfiyyət demək deyil. Pisliyin çox olması onun haqlı olduğunu göstərməz.

      * İstişarə Hz. Peyğəmbərin mirasıdır. Peyğəmbər olmasına və vəhy almasına rəğmən Hz. Peyğəmbər (s.ə.s) əshabı ilə məsləhətləşər, onların da fikrini öyrənər, təkliflərini dinləyərdi. Çünki Allah-Təala bunu belə əmr etmişdir.

      * İslam dini müharibə əsnasında da nizam-intizama əhəmiyyət vermiş, uşaqların, qocaların, döyüşə qatılmayan dinc sakinlərin öldürülməsini qadağan etmiş və hətta yaş ağacların belə tələf olmasına icazə verməmişdir. Bədr döyüşündə müsəlmanlar düşmən tərəfdən alınan əsirlərə qarşı o vaxta qədər görülməmiş yaxşı münasibət göstərərək İslam və müsəlmanların izzətini nümayiş etdirmişdir.

      * Doğru olanlarla birlikdə olmaq və doğrunun tərəfini tutmaq izzət, batil və haqsızın yanında yer almaq isə zillətdir.

       

       

      • Hits: 67 clicks

      Tecox component by www.teglo.info