Nurlan MƏMMƏDZADƏ - SEVGİ PEYĞƏMBƏRİ

      Share

      Peyğəmbərlər Allahın əmri ilə fərd və cəmiyyətin həyat tərzini dəyişən, insanları yaradılış fitrətinə indeksləyən seçilmiş şəxsiyyətlərdir. Onlar toplumun bütün təbəqələrindən olan insanlara doğru yolu göstərməklə vəzifələndirildikləri üçün eyni zamanda insan tərbiyəsində, xoşbəxt gələcəyin qurulmasında təqib edəcəyimiz müstəsna nümunələrdir. Həzrət Muhamməd (s.ə.s) bu peyğəmbərlərin sonuncusu və Allahın bizim üçün göstərdiyi “üsveyi-həsənə - ən gözəl örnək”dir.    

      İslam alimlərindən Qərafi Rəsulullahın insan yetişdirmə xüsusiyyətinə diqqət çəkərək belə buyurur: “Əgər Hz. Muhammədin heç bir möcüzəsi olmasaydı, möcüzə istəyənlərə onun yetişdirdiyi əshabını görmək kifayət edərdi”. Çünki o, quyunun dibindəki insanları zirvələrə çıxaran ən gözəl müəllim idi. Mərhum mütəfəkkir Muhamməd İqbal da Onun Allahdan aldığı vəhylə yetişdirdiyi insanların dəyərini və tamamilə zidd qütbdəki insanların necə dəyişdiyini belə ifadə edir: “Bir vaxtlar yol kəsən quldurlar Quranı oxuyaraq yol göstərən ulduzlara çevrildilər”. Bəli, o mümtaz şəxsiyyətləri Həzrət Peyğəmbər (s.ə.s) yetişdirdi. Kimisini sözlə, kimisini nümunəvi rəftarı ilə, kimisini bir baxışla, bir təbəssümlə... Çünki O, qapqara torpaqda bir-birindən gözəl güllər yetişdirən, yetişdirdiyi hər çiçəyin nəyə ehtiyacı olduğunu ən gözəl bilən mahir bağbana bənzəyir.

       O, insan cəmiyyətinin islahına çalışarkən kəndli-şəhərli, varlı-kasıb, savadlı-savadsız, yaşlı-cavan demədən hər təbəqədən, hər yaşdan insana əhəmiyyət verərək heç birinə qarşı ayrı-seçkilik etmədi. Onun gündəmində zəngin Əbu Bəkrin iman etməsi də vardı, kölə Bilal da. Onun təlim-tərbiyəsinin mərkəzində yaşı doxsanı haqlamış Əbu Kuhafə də vardı, 10 yaşlı Ənəs də. Gələcəyin bugünkü azyaşlı uşaqların çiynində yüksələcəyini bildiyi üçün eynilə yetişkin insanlar kimi onlara da böyük əhəmiyyət verməsi, xüsusi rəğbət bəsləməsi Peyğəmbərin nə qədər uzaqgörən bir insan olduğunu göstərməkdədir. Bir anlıq gözlərinizi yumub əsri-səadətin Mədinə küçələrinə səfər etsəniz və yolda gördüyünüz yaşlı birindən Hz. Muhammədi soruşsanız, “O, yaşlıların ən yaxın sirdaşıdır”, - cavabını alarsınız. Qarşılaşdığınız gənc birindən soruşsanız, “O, gənclərin dostudur”, - deyər. Küçədə oynayan istənilən uşaqdan soruşsanız, “O, bizim dostumuzdur, oyunda tərəf müqabilimizdir”, - deyərlər.  

      O, uşaqları çox sevərdi. Cahiliyyə dövrünə xas olan qız uşaqlarının diri-diri torpağa basdırılması adətinə könlü tab gətirməz, bunun qarşısına keçmək üçün əlindən gələni əsirgəməzdi. Müşriklərin təqib və işgəncələri pik həddə çatanda Məkkəni tərk edib Mədinəyə hicrət edərkən belə, yəni o acınacaqlı anda belə mədinəlilərlə kəsdiyi şərtlər arasında “qız uşaqlarınızı diri-diri basdırmamağa söz verirsinizmi?” cümləsi üzərində xüsusilə dayanması həyatının ibrətli misallarından sadəcə biridir. Görəsən, bu gün yaşasaydı, abort yolu ilə ana bətnində məhv edilən dilsiz-ağızsız körpələrin səssiz fəryadı qarşısında o zərif qəlbi nə qədər iztirab çəkərdi?! Hər il müxtəlif sahələrdə 40 milyon uşağın istismar edildiyi bir dünyada yaşasaydı, görəsən, hansı tədbirləri alardı? Yük heyvanlarının belə həddən artıq yüklənməsini zülm sayan o Peyğəmbər, görəsən, bu gün yaşlarına uyğun olmayan işlərdə çalışdırılaraq gəlir mənbəyinə çevrilən, uşaqlıq sevincindən məhrum buraxılan uşaqların göz yaşlarını necə silərdi? Cinsi istismara məruz qalan, insan alverinin qurbanına çevrilən məsum qızların pərişan halı qarşısında hansı duyğuları yaşayardı?! Bilmədən işlədiyi bir xətaya, etdiyi dəcəlliyə görə ağır cəzalandırılan, nifrətli baxışlarımıza kin qalxanını qaldıran, beləliklə də gələcəkdə cəmiyyətin başına bəla olan azyaşlıları o necə tərbiyə edərdi? Əlbəttə ki, əsri-səadətdə yaşamış Rafiyə qarşı necə rəftar etmişdisə, bugünkü Rafilərə də eyni şəfqətlə rəftar edərdi. O Rafi ki, Mədinə küçələrində gəzər, əlindəki sapandla ənsarın xurma ağaclarını daşlayardı. Bu əməlindən təngə gələnlər onu yaxalayıb Rəsulullahın hüzuruna gətirmişdilər. Uşaq da olsa, böyük adamların onu əlindən-qolundan tutub aparmalarından cəzalandırılacağını anlayıb qəlbinə qorxu düşmüşdü. Rafini hüzura gətirənlər Peyğəmbərin onun haqqında hökm verməsini, yəni cəzasını kəsməsini istəyirdilər. Çünki onlara görə, uşaq da olsa, yaxşı əməl tutmamış və xurma ağaclarına zərər vermişdi. İnsanlığın baş tacı Həzrət Peyğəmbər isə onlardan fərqli olaraq hökm verməkdə tələsmədi. Gələnləri dinlədikdən sonra təbəssüm dolu üzlə uşağa baxdı. Şəfqət və güvən vəd edən səs tonu ilə: “Oğlum, xurma ağaclarını niyə daşlayırsan?” - deyə soruşdu. Onun mərhəmətini görən Rafinin qorxu və təlaşı tamamilə çəkildi. “Ağacları xurma yemək üçün daşlayıram”, - cavabını verdi. Allah Rəsulu mübarək əlləri ilə hüzurunda boynubükük dayanan  Rafinin başını oxşayaraq: “Xurmaları daşlama, ağacın altına düşənlərdən ye!” - buyurdu. Sonra isə: “Allahım, onun qarnını doyur”, -deyə dua etdi. (Əbu Davud, Cihad, 85)

      Bütün dünya bu gün məhz həmin sevgiyə möhtacdır. Dünyanın dörd bir yanında müharibədən, məişət zorakılığından əziyyət çəkən gözü yaşlı körpələr Onun mərhəmətinə möhtacdır. Küçələrə atılaraq istismar edilən zavallı uşaqlar Onun şəfqət dolu nəzərlərinə həsrətdir. Anasının bətnini qəbrə çevirən abort cəlladlarından şikayətçi çocuqlar hər gün bir az daha Onun təsəlli qucağına can atırlar.

      • Hits: 45 clicks

      Tecox component by www.teglo.info