Həzi ASLANOV - ƏSRİ-SƏADƏTDƏ UŞAQ OLMAQ

      Share

      Dövrlər və zamanlar içində elə dövr və zamanlar olmuşdur ki, hər anı, hər xatirəsi illər və əsrlərlə davam etməkdə, xatırlandıqca köks ötürülərək həmin dövrün həsrəti çəkilməkdədir. İçindəki fəzilət, xoşgörü, haqq, ədalət, ali və ülvi insani dəyərlərin ən yüksək formada olduğu dövrlərdən biri, heç şübhəsiz, “Əsri-səadət” dövrüdür. Elə bir dövr ki, bu xüsusiyyətinə görə adına “Səadət əsri” deyilmişdir. Bu dövrü hər cəhəti ilə incələsək, “kaş ki elə bir dövr təkrar gələydi, kaş biz də bu dövrdə yaşayaydıq” deyəcəyik. Məhz belə bir dövrdə uşaq olmaq və ya həmin dövrün uşağı olmaq da bir fərqlilik idi.

      Hər yönü ilə nümunə olan Hz. Peyğəmbərin (s.ə.s), peyğəmbərliklə yanaşı, digər insani keyfiyyətlərinə də nəzər saldıqda onun nümunəvi şəxsiyyətində yer alan ən mühüm xüsusiyyətlərdən birinin məhz uşaqlara verdiyi dəyər olduğunu görürük. Bu gün müasir pedaqoqikanın uşaq tərbiyəsi haqqındakı təlimlərini Hz. Peyğəmbər (s.ə.s) ta 1400 il əvvəl həm yaşayaraq göstərmiş, həm də sözlə izah etmişdir. Elə bir cəmiyyət, elə bir zaman kəsiyi ki, orada böyüyən uşaqlar illər keçdikdən sonra da dərin bir həsrətlə həmin xoş xatirələri danışaraq kövrəlmişlər.

      Hz. Peyğəmbərin (s.ə.s)  həyatında uşaqların xüsusi bir yeri vardı. Bir uşağı gördükdə onun başını oxşayıb nəvaziş göstərər və hətta onunla zarafat belə edərdi. Uşaqlara qarşı daim təbəssümlü və yumşaq rəftarlı olması, onlara salam verməsi, hal-xətrini soruşması, minikdədirsə onları tərkinə mindirməsi uşaqlara olan sevgi və qayğısının bir təzahürü idi.

      “Kimin uşağı varsa, onunla uşaq kimi rəftar etsin”, - deyə buyurulan, uşaqların nəvaziş və əzizlənməsinə diqqət göstərilməli olduğunun bildirildiyi bir dövrün uşaqlarıdır, Səadət əsrinin uşaqları. O zamana qədər uşaqların bəlkə də bu qədər nəvaziş və qayğıya olan ehtiyacı heç düşünülməmiş, bu gün də bəzi ailələrin etdiyi kimi “uşaqdır” deyib keçilmişdi. Ancaq Səadət əsri bu cür yanaşmanı qəbul etmədi və haqq etdikləri dəyəri onlara qazandırdı.

      Bir dəfə yol ilə gedərkən qaçış yarışı keçirən uşaqları görən Hz. Peyğəmbər (s.ə.s) özü də uşaqlara qoşulmuş və onlarla birgə yarışmışdı. Bununla uşaqların sevincinə ortaq, kədərinə təsəlli olmuşdu.

      Quşu ölən Zeydi ziyarət edərək onu təsəlli etmişdi. Zeyd adlı 4-5 yaşlı bir uşağın çox sevdiyi bir quşu varmış. Ona Ümeyr adını qoymuşdu. Hz. Peyğəmbər də Zeydi “Ümeyrin atası” deyə çağırırdı. Onu gördükdə “Ey Ümeyr, nə edir nüğeyr[1]?” deyə soruşub zarafatlaşardı. Bir gün Zeydin quşu öldü, Hz. Peyğəmbər də onu ziyarətə gedərək könlünü aldı.

      Səhabələrdən biri öz xatirələrini danışarkən Hz. Peyğəmbərin (s.ə.s) onlarla Məcc oyunu oynadığını demişdir. Məcc: ağıza su yığaraq uzaqdan püskürtməklə oynanan bir oyundur. Əsri-səadət uşaqları olan kiçik səhabələr şəfqət və mərhəmət peyğəmbəri olan Hz. Muhammədin (s.ə.s) onlarla bu cür zarafat etdiyini və oyun oynadığını öz xatirələrində sevinc və fərəhlə danışmış, o günlərin xoş xatirələrini yad etmişdirlər.

      Bir gün Hz. Peyğəmbərə (s.ə.s) paltar gətirmişdilər. Bunların arasında ipəkdən hazırlanmış, “xamisə” deyə bilinən kiçik bir qara paltar da var idi. Həmin paltarı vermək üçün Ümmi-Xalid adlı qızı çağırıb bunun ona geyindirilməsini söyləyir və:  “Köhnələnə qədər bunu geyin”, (yəni o qədər uzun ömür yaşayasan ki, paltarın əynində köhnəlsin) - deyir. Paltarın üstündəki yaşıl və ya sarı rəngli yerləri göstərərək: “Ey Ümmi-Xalid, bu, “sənah”dır”, - deyir. “Sənah”, Həbəş (Efiopiya) dilində “qəşəng” deməkdir.

      Bir gün Hz. Peyğəmbər Mədinə küçələrində gəzirdi. Birdən küçədə oynayan uşaqlar zarafatla onun ətrafını sararaq “səni əsir aldıq” deyirlər. Peyğəmbərimiz də onlarla zarafat edərək: “İndi mən azad olmaq üçün nə etməliyəm?” - deyir. Uşaqlar: “Bizə fidyə ver, azad ol”, - deyirlər. Hz. Peyğəmbər də onlara bir neçə xurma verir. Uşaqlar xurmanı götürüb peyğəmbərə: “İndi azadsan”, - deyirlər. Hz. Peyğəmbər də: “Qardaşım Yusif kimi məni də çox ucuz qiymətə satdılar”, - deyə zarafat edir.

      Əsri-səadət uşaqları bax bu cür sevgi və fəzilət içərisində böyümüş, onların hər halından anlayan və onlara nəvazişlə yanaşan bir peyğəmbərin qayğısını görmüşdülər. Həmin əsrin uşaqları gələcəyin böyük alimləri, sərkərdələri və dövlət rəhbərləri olmuş, neçə-neçə yerlərə İslamın nurunu daşımış, öyrəndikləri yüksək əxlaqı getdikləri həmin diyarlara yaymışdılar. Hz. Peyğəmbərin (s.ə.s) ümmətin parlaq gələcəyi üçün yatırım etdiyi ən böyük sərmayə düzgün bir tərbiyə ilə yetişdirilən gənc nəsillər olmuşdur.


      [1] Sərçəyə oxşayan kiçik quş

       

      • Hits: 44 clicks

      Tecox component by www.teglo.info