Əliyev AQİL - UCA TƏRBİYƏ NÜMUNƏSİ

      Share

      Cəmiyyətlərin müəyyən hissəsi dindən uzaqlaşaraq sadəcə müasir elmi metodlara, digər hissəsi isə adətlərə, xurafatlara bağlı yaşadıqları üçün bir çox problem və çətinliklərlə üzləşir. Bu problemlərin səbəbini və çıxış yollarını da yenə başqa yerlərdə axtarırlar. Biz də cəmiyyət olaraq dinimizə, Quranımıza və Peyğəmbərimizə (s.ə.s) deyil, dinimizə uyğun olmayan adətlərə bağlı qaldığımız üçün uşaqlarımıza qarşı davranışlarımızı və tərbiyə metodlarımızı da bu istiqamətdə qururuq. Böyüklərimizdən gördüyümüz uşaq tərbiyəsi ilə bağlı metodları olduğu kimi davam etdirməyə çalışırıq.

       Düz, səhv demədən cəmiyyətin boyasına boyanaraq gələcəyimizi də, uşaqlarımızı da, ən əsası isə axirətimizi də təhlükəyə atırıq. Əslində isə özümüzə belə bir sual verməliyik: Məni ata-ana kimi seçən, bu şərəfi mənə bəxş edən Rəbbim necə bir valideyn olmağımı istəyir? Uşaqlarımı necə yetişdirməliyəm ki, Rəbbim də razı qalsın, cəmiyyətə də faydalı olsun? Hər bir valideyn bu sual ətrafında düşünməli və onun ardınca getməlidir.

      Biz inanclı insanlar hər bir işdə olduğu kimi, dünyanın ən çətin və məsuliyyətli işi sayılan uşaq tərbiyəsində də dinimizə və Peyğəmbərimizə (s.ə.s) mütləq müraciət etməliyik. Qurani-Kərimdə belə bir ayə yer alır: “...Bilmirsinizsə, zikr əhlindən (bilənlərdən, işin əhlindən, alimlərdən) soruşun”. (əl-Ənbiya, 7) Bizə düşən də elə bu olmalı, sağlam və xoşbəxt bir həyatın yollarını təyin edən dinimizdən, kitabımızdan və Allahın elçisindən (s.ə.s) soruşmalı, onların təqdim etdiyi əvəzsiz metodlardan istifadə etməliyik.

      Mübaliğəsiz deyə bilərik ki, biz dünya və axirətimizə aid hər şeyi Peyğəmbərimizdən (s.ə.s) öyrənə bilərik. Onun necə ər, necə ata, necə baba, necə müəllim, necə sərkərdə və necə bir dəvətçi olduğunu öyrənsək, daha yaxından tanısaq, inanıram ki, qəlbimizdə daha böyük bir yerə sahib olacaq və biz də onun kimi olmağa, onun kimi yaşamağa, onun tərbiyəsi ilə, onun gözəl əxlaqı ilə əxlaqlanmağa və övladlarımızı da bu istiqamətdə tərbiyə etməyə çalışacağıq.

      Allah Rəsulu (s.ə.s) əxlaqlı, dininə və ölkəsinə, ümmətinə bağlı təmiz bir nəslin ərsəyə gəlməsi üçün həm səhabələrini, həm də onların uşaqlarını yetişdirməyə böyük diqqət və önəm göstərirdi. Uşaqlarla uşaq, gənclərlə isə bir gənc kimi davranırdı. Uşaqlarla daha çox oyun oynayaraq ünsiyyət qura biləcəyinin fərqində olan Allah Rəsulu (s.ə.s) öz nəvələri olan Həsən və Hüseyn başda olmaqla uşaqlarla oyun oynamış, onların qəlbində böyük bir baba sevgisi və unudulmaz xatirələr buraxmışdı.

      Onun uşaqlarla ünsiyyət metodları o zamankı toplumdan tamamən fərqli idi. Küçədə oyun oynayan uşaqlar onu dövrəyə aldığı zaman acıqlanmaz, onlarla zarafatlaşar, nəvaziş göstərərdi. Öz uşaqlarını öpmək, qoxlamaq, qucağında otuzdurmaq, onlarla vaxt keçirmək ərəblərin adəti deyildi. Hələ qız uşaqlarını heç sevməz, onları sevgidən və nəvazişdən məhrum qoyardılar. Amma Allah Rəsulu (s.ə.s) qızlarına göstərdiyi sevgi və ehtiram ilə böyük bir nümunə olaraq bu adətləri kökündən dəyişdi. Məsələn, qızı Fatimə (r.anha) ziyarətinə gəldiyi zaman ayağa qalxar, gedib onu qarşılayar, öpər, öz yerinə oturdub böyük bir təvazö və diqqətlə dinləyərdi. Ən əzəmətli ibadət olan namaz əsnasında belə belinə, boynuna çıxan nəvələrini heç vaxt danlamamış, onlar yıxılmasın, könülləri inciməsin deyə dəqiqələrlə səcdədə gözləmişdir. Namazı bitirdikdən sonra da bu vəziyyətə görə heç kimi qınamamışdır.

      Əgər piyada gedərkən bir uşağa rast gəlsə, onun önündə diz çökər və uşaqla eyni səviyyədə ünsiyyət qurardı. Yox əgər miniyində olarsa, ünsiyyət quracağı uşağı miniyinə alardı. Səhvini gördüyü uşağa isə bunu mülayim bir ifadə ilə izah edər və doğrusunun nə olduğunu bildirərdi.

      Allah Rəsuluna (s.ə.s) kiçik yaşlarından etibarən on il xidmət edən Ənəs ibn Malikin (r.a) xəbər verdiyinə görə,  bu illər ərzində Peyğəmbərimiz (s.ə.s) bir dəfə də olsun onu nə danlamış, nə də etmədiyi bir işə görə bunu niyə etmədin deyə incitmişdir. Bir hədisi-şərifdə belə buyurulur: “Kiçiklərimizə şəfqət, böyüklərimizə hörmət göstərməyən bizdən deyil”. (Münavi, Feyzul-Qadir, III, 220)

      Bu gün müasir dünyamızda, hər cür texnoloji vasitələrin olduğu bir dövrdə pedaqoqların, psixoloqların, metodistlərin qura bilmədikləri bir cəmiyyəti O (s.ə.s) qurmuş, onların yetişdirə bilmədikləri zirvə insanları O (s.ə.s) yetişdirmişdi. Çünki Onun (s.ə.s) tərbiyəçisi Uca Allah idi. Uca Allahın tərbiyəsindən keçən də, təbii ki, tərbiyədə ən uca məqamda olacaqdır. Necə ki, bir hədisində belə buyurmuşdur: “Məni Rəbbim tərbiyə etdi və tərbiyəmi də çox gözəl etdi”. (Camius-sağir, I, 12)

      • Hits: 50 clicks

      Tecox component by www.teglo.info