t.f.d Abbas QURBANOV - BABA PEYĞƏMBƏR

      Share

      Çox dəyərli oxucular, bu yazımda sizə həyatının hər bir anı əsrlərdir insanlar tərəfindən diqqət mərkəzində olan Hz. Muhammədin bir xüsusiyyətindən bəhs edəcəyəm; Hz. Peyğəmbərin nəvələri ilə münasibətindən. İslam Peyğəmbəri Hz. Muhammədin möcüzəsini görmək istəyənlərin diqqətinə... 14 əsr bundan əvvəl yaşamış olmasına baxmayaraq, XXI əsrdə yaşayan bizlərin Onun bəşəri münasibətlərini örnək götürməyimiz elə möcüzə deyilmi?..

      Hz. Həsən belə nəql edir:

      Bir gecə babam, Peyğəmbərimiz (s.ə.s) bizim evdə qalmışdı. Mən və qardaşım Hüseyn yatırdıq. Gecənin bir yarısı mən çox susadığım üçün yuxudan oyanıb su istədim. Sevgili babam o andaca qalxıb mənə su gətirdi. Elə həmin vaxt yuxudan oyanan qardaşım Hüseyn babamın mənim üçün gətirdiyi suyu içmək istəsə də Peyğəmbər babamız suyu qardaşıma deyil, mənə verdi. Bunu görən anam dedi:

      - Ata, nəvəniz Həsəni daha çox istəyirsiniz, deyəsən!

      Peyğəmbərimiz anama tərəf dönərək belə cavab verdi:

      - Xeyr, Həsəni daha çox istədiyim üçün deyil, suyu əvvəlcə Həsən istədiyi üçün ona verdim.

      Babamız bizi çox istəyərdi, amma heç bir zaman nəvələri arasında ayrıseçkilik etməzdi. Sonra isə belə buyurdu:

      “İkram və ehsanda uşaqlarınıza qarşı ayrı-seçkilik etməyin! Əgər mən hansınısa üstün tutsaydım, qızları üstün tutardım”.

      Bir gün də O (s.ə.s) namaz qılarkən mən yanına getmişdim. Səcdədə ikən Peyğəmbərimizin kürəyinə çıxmışdım. Mənə qarşı heç hirslənməmiş, namazını da batil etməmişdi. Məni tutub yavaşca ayağa qalxdı və mən kürəyində olduğum halda namazına davam etdi.

      Bəzən də babam namaz qılarkən onun ayaqları arasından keçib var-gəl edərdim. Buna görə mənə əsla mane olmazdı. Məni çiyninə alıb gəzdirdiyi günləri ötəri xatırlayıram. Sonra məni qucağına alar, bəzən dua da edərdi:

      “Allahım, bu uşağı çox sevirəm! Sən də Onu sevənləri sev”.

      Yenə məni çiynində gəzdirdiyi bir gün dostlarından biri bizi gördü və dedi:

      - Ey uşaq, çiyninə çıxdığın necə də gözəldir.

      Babam da həmin şəxsə dedi:

      - O da gözəl süvaridir.

      Hz. Hüseyn belə nəql edir:

      Babamız (s.ə.s) bir yerə qonaq çağırılmışdı. Yolda əshabı ilə gedərkən məni gördü. Mən qollarımı açıb babama tərəf qaçdım. Peyğəmbərimiz də qollarını açıb mənə tərəf gəlirdi. Mən birdən istiqaməti dəyişib başqa tərəfə doğru qaçmağa başladım. İstəyirdim ki, Onunla qaçdı-tutdu oynayım. Babam da mənim dalımca qaçdı, oyunuma qoşuldu. Bu qaçdı-tutdu çox davam etmədi, axırda Babam məni tuta bildi. Bağrına basıb buyurdu:

      “Hüseyn məndəndir, mən də Hüseyndənəm”.

      Heç yadımdan çıxmaz; bir gün Babam məni böyük qardaşımla güləşdirdi. Babam böyük qardaşımın tərəfini saxlayır, onu həvəsləndirib, fəndlər öyrədirdi. Bunu görən anam mənim üzülməyimdən narahat olub dedi:

      - Ya Rəsulallah, həmişə Həsənin tərəfini saxlayırsınız! Xüsusi olaraq belə etmənizin səbəbi varmı?  

      Peyğəmbərimiz dedi:

      - Görmürsənmi, ey Fatimə! Cəbrayıl da Hüseynin tərəfini saxlayır, eynilə mənim kimi Ona fəndlər öyrədir!

      Üsamə bin Zeyd belə nəql edir:  

      Bir dəfə mən Peyğəmbərimizin evindəydim. Qapıdan çölə çıxarkən ayağım qapıya ilişdi, yıxıldım. Üst-başım kirlənmiş, üzüm də yaralanmışdı. Ağlamağa başladım. Allah Rəsulu mənim vəziyyətimi görüb üzüldü. Möhtərəm xanımı Həzrət Aişə anamıza dedi:

      - Üsamənin üzü yaralandı! Üzünü təmizlə!

      Həzrət Aişə anamızın bir az gecikdiyini görüb şəxsən özü mənimlə maraqlanmalı oldu. Üzümdəki yaranı sildi, üst-başımı təmizləməyimə kömək etdi. Peyğəmbərimizin mənimlə maraqlanması acımı dindirmişdi. Artıq ağlamırdım.

      Biz Peyğəmbərimizi çox, lap çox sevərdik! Hər zaman Onunla bərabər olmağa çalışar, O hara getsə, biz də orada olmaq istərdik. Döyüşə getdiyi vaxtlarda belə Onun ardınca getmək, xidmətində olmaq istərdik. Hətta bir dəfə həmyaşıd olduğum dostlarımla birlikdə Uhud döyüşündə iştirak etmək istədik. O vaxtlar heç on beş yaşında belə deyildik.

      Allahın Rəsulu təklifimizə çox sevinməklə bərabər yaşımızın kiçik olduğunu deyərək döyüşə getməyimizə icazə vermədi. Mədinəyə geri qayıtdıq. Peyğəmbərimizdən ayrı düşməyimizə o qədər üzülmüşdük ki, onu sözlə ifadə edə bilmərəm! O vaxt kiçik bir uşaq olduğum üçün çox heyfsilənmişdim. Həmin anda güclü, qüvvətli bir yeniyetmə olmağı çox istəmişdim. Fəqət Allah Rəsulu aradan iki il keçəndən sonra Xəndək döyüşündə iştirak etməyimizə icazə verdi.

      Peyğəmbərimiz uşaqları çox sevərdi. Hətta bizi uşaq kimi deyil, bir dost kimi sevər, bizimlə bərabər oyun da oynayardı. Bir gün Sevgili Peyğəmbərimiz bir dizində məni, o biri dizində də sevimli nəvəsi Həzrət Həsəni oturtdu. Par-par parıldayan gözlərlə bizə baxdı. Sonra inci kimi parıldayan dişləri görünməyə başladı. İkimizi də birdən bağrına basdı, qucaqlayıb belə dedi:

      - Ya Rəbbi, bunlara rəhmət et! Çünki mən bunlara qarşı mərhəmətliyəm.

      Ömrüm boyunca  o anın gözəlliyini heç yaddan çıxartmadım!

      • Hits: 51 clicks

      Tecox component by www.teglo.info