Dr. Ələddin SULTANOV - BİR AYƏ

      Share

      بسم الله الرحمن الرحيم

      وَإِنْ خِفْتُمْ شِقَاقَ بَيْنِهِمَا فَابْعَثُوا حَكَمًا مِنْ أَهْلِهِ وَحَكَمًا مِنْ أَهْلِهَا إِنْ يُرِيدَا إِصْلَاحًا يُوَفِّقِ اللَّهُ بَيْنَهُمَا إِنَّ اللَّهَ كَانَ عَلِيمًا خَبِيرًا

      “Əgər o ikisinin (ər-arvadın) aralarının dəyməsindən qorxsanız, onda kişinin ailəsindən bir münsif, qadının ailəsindən də bir münsif göndərin. Əgər (bu iki vasitəçi, ər-arvadı) barışdırmaq istəsələr, Allah o ikisinin arasını düzəldər. Həqiqətən, Allah hər şeyi biləndir, hər işdən xəbərdardır”. (ən-Nisa, 4/35)

      Dini baxımdan evlənmələri üçün hər hansı bir maneə olmayan kişi və qadının evlənərək qurduğu ictimai müəssisəyə ailə deyilir. Ən kiçik cəmiyyət olan ailəyə Qurani-Kərimdə də böyük əhəmiyyət verilmiş və onun qorunması üçün müəyyən tövsiyələr yer almışdır. Ailədə həyat yoldaşları öz aralarında qarşılıqlı hörmət və sevgi ilə, eləcə də bir-birinin haqq və məsuliyyətinə riayət edərək ailənin davamlı və xoşbəxt olması üçün səy göstərməlidirlər. Kişilərin qadınlar üzərində haqqı olduğu kimi, qadınların da kişilər üzərində haqqı vardır. Necə ki, bir ayeyi-kərimədə Uca Allah: “Ey iman gətirənlər, qadınlara zorla varis çıxmaq sizə halal deyildir! Açıq-aşkar pis bir iş görmələri istisna olmaqla, verdiyinizin (mehrin) bir hissəsini geri almaq üçün onlara əziyyət verməyin və onlarla yaxşı davranın![1] – buyurur və bu həqiqətə diqqət çəkir. Digər tərəfdən, Həzrət Peyğəmbər (s.ə.s) də: “Sizin ən xeyirliniz ailəsinə qarşı ən xeyirli olanınızdır. Mən də ailəsinə qarşı ən xeyirli olanınızam”,[2] - buyuraraq ailənin nə qədər dəyərli olduğunu vurğulayır.

      Həyat yoldaşları arasında bəzən mübahisə düşə bilər. Ancaq bu mübahisələr uzanar və ciddi münaqişəyə çevrilərsə, bu, gələcəkdə böyük bir problemə və hətta boşanmaya səbəb ola bilər. Bununla bağlı olaraq başqa bir ayədə: “Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud (özündən) üz çevirməsindən qorxarsa, (ər-arvadın) öz aralarında barışığa gəlmələri onlara günah deyil. Barışmaq daha xeyirlidir. Nəfslər xəsisliyə (qısqanclığa) hazırdır. Əgər yaxşı dolanıb (Allahdan) qorxsanız, (bilin ki,) şübhəsiz, Allah sizin etdiklərinizdən xəbərdardır”,[3] – buyurulur. Uca Allah belə hallarda hər iki tərəfin ailəsindən qarşılıqlı razılaşacaqları və etimad edilən insanlardan ibarət münsiflər, yəni hakimlər vasitəsilə həmin problemin həll edilməsini istəyir. Onların vəzifəsi ər-arvadı barışdırmağa çalışmaq və nöqsanlı tərəfin öz səhvini düzəltməsi üçün məsləhət verib yol göstərməkdir. Hakimlər həqiqətən barışdırmaq istəsələr və onlar da barışmaq istəyirlərsə, şübhəsiz ki, Uca Allah onların arasındakı küsülülüyü yox edər və aralarında təkrar sevgi və barış yaradar. Çünki Allah-Təala hər şeydən xəbərdardır və onların ürəyindən keçən hər bir şeyi bilir.

       


      [1] ən-Nisa, 4/19.

      [2] İbn Macə, “Nikah”, 50.

      [3] ən-Nisa, 4/128.

       

      • Hits: 44 clicks

      Tecox component by www.teglo.info