Dr. Səfa MURADOV - BİR HƏDİS

      Share

      عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: كَفَى بِالْمَرْءِ كَذِبًا أَنْ يُحَدِّثَ بِكُلِّ مَا سَمِعَ

      Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Hər eşitdiyini danışmaq insana günah olaraq kifayətdir”. (Müslim, Müqəddimə, 3)

      İslam dini insandan duyğu və düşüncələrinə sahib çıxmağı tələb etməkdədir. Bu baxımdan insan İslama əsasən hər bir hal və hərəkətinə görə məsuliyyət daşıyır. Qurani-Kərim bu həqiqəti belə ifadə etməkdədir: "Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları günahlar barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər". (Yasin, 36/65)

      Ayədən də görüldüyü kimi, insan axirətdə hər bir hal və hərəkətinin hesabını verəcəkdir. Lakin ayədə diqqət çəkən bir məqam var ki, o da şahidlik edən orqanın dil deyil, əllər və ayaqlar olmasıdır. Bu baxımdan Həzrət Peyğəmbər də qeyd etdiyimiz hədisində insanın dilinə sahib çıxması lazım gəldiyini buyurmuş və dilin insanı günaha aparan ən böyük afətlərdən olduğuna diqqət çəkmişdir. Həzrət Peyğəmbərdən bu barədə bir çox hədislər nəql olunmuşdur. Belə hədislərin birində Allah Rəsulu (s.ə.s) lazım gəldiyi zaman susmağın və danışıldığı zaman da faydalı şeylər danışmağın iman əlaməti olduğunu açıqlamışdır. (Tirmizi, Riqaq, 50) Bu hədisdən də görüldüyü kimi, çox və boş-boş danışmaq insana zərərdən başqa bir şey qazandırmaz. Lakin az və yerində danışmaq isə imanın bir əlaməti olaraq insana böyük dəyər qazandırar. Məşhur Azərbaycan şairi Nizami Gəncəvi bu həqiqətə belə işarə etmişdir:

      Sözün də su kimi lətafəti var,

      Hər sözü az demək daha xoş olar. 

      Bir inci saflığı varsa da suda,

      Artıq içiləndə dərd verir su da.

      Qeyd etdiyimiz hədisi-şərif İslam tarixi boyunca böyük İslam şəxsiyyətləri tərəfindən əməl olunmağa çalışılmış və insanlara da bu istiqamətdə hərəkət etmək tövsiyə olunmuşdur. Məşhur İslam mütəfəkkiri İmam Qəzzali İhyau-ulumid-din adlı əsərində "Dilin afətləri" başlığı altında dilin insan üzərindəki təsirlərindən geniş bir şəkildə bəhs etmişdir. O, dilin kiçik bir ət parçası olmasına baxmayaraq, işlədiyi günahların böyük olduğuna diqqət çəkmişdir. (Qəzzali, İhya, III, 108)

      Nəticə olaraq, İslama görə, ağızdan çıxan hər bir söz insan üçün məsuliyyət səbəbidir. Lakin təəssüflər olsun ki, yaşadığımız cəmiyyətdə insanların çoxu bu məsuliyyətin şüurunda olmadan həyatlarını davam etdirməkdə və ağızlarından çıxanlara diqqət etmədən, haqq-hüquqa riayət etmədən istədikləri hər şeyi danışmaqdadırlar. Heç şübhəsiz ki, bu hal zəif imanın nəticəsidir. Çünki sağlam imana sahib olan bir insanın Quran və səhih sünnəyə qarşı çıxaraq itaətsizlik etməsi mümkün deyildir.

      • Hits: 47 clicks

      Tecox component by www.teglo.info