Mübariz ƏLİOĞLU - QULLUQ SƏLTƏNƏTİNİN FATEHLƏRİ

      Share

      Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Yaratdıqlarımız içərisində bir zümrə vardır ki, onlar insanları haqq yola aparır və (haqqı rəhbər tutaraq insanlar arasında) ədalətlə hökm edirlər”. (əl-Əraf, 181)

      Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə (s.ə.s) salətu-salam olsun.

      Dünyamızda hesablara qatılmayan, qəflət və küfr pərdəsinin ustalıqla gizlətdiyi, lakin fərqinə varanları inanılmaz heyrətlər içində buraxan, kainata və içindəki hər şeyə həyat verən bir qulluq müəssisəsi fəaliyyət göstərməkdədir. Dünyamızın hər bir sakini bu şanlı müəssisənin yardımçısı, əməkdaşı, fəxri işçisi və can sirdaşı ola bilər. Müəssisəyə üzvlük, şərtləri olduqca ağır və əziyyətli bir imtahan nəticəsində ərsəyə gəldiyindən insanlıq bu əbədiyyət ocağında əzəli əhdini təsdiq etməyə o qədər də maraq göstərmir. Nəfsani arzulardan imtina və canlarını, mallarını Haqqın batil üzərində qələbəsi naminə fəda etmə comərdliyi, Adəm övladlarının müvəqqəti dünyaya bağlılıq iştahası ilə düz gəlməməkdədir. Təəssüf ki, əbədi səadətə aparan bu və digər hidayət vəsilələrindən üz döndərməklə bu möhtəşəm qulluq müəssisəsinin varlığının heçə sayılması və onu inkar etmə riyakarlığı miqyası axirət səhnəsini titrədəcək olan böyük bir insanlıq faciəsindən xəbər verməkdədir.

      Bəşəriyyətin vicdan məsuliyyətini çökdürən bu faciəni önləmək və Adəm övladlarının hidayət haqqını özlərinə qaytarmaq naminə Rəsulullahın (s.ə.s) vermiş olduğu möcüzəvi irşad mübarizəsi qulluq müəssisəsinin görünən və görünməyən həqiqətlərini gün üzünə çıxartmış oldu. Onun (s.ə.s) böyük zəhmətlər bahasına yetişdirmiş olduğu hidayət ordusu, yəni Rəsulullahın (s.ə.s) əmsalsız qulluq nizamına yer üzündə həyat verən və Haqq qatında könüllər fatehi etimadı qazanan sadiq və siddiq vəkilləri Muhammədi hidayət nurunun kainatı aydınladan rəhmət enerjisini qəlblərindəki eşq atəşi ilə alovlandıraraq hidayətə, yardıma və rəhmətə möhtac olan insanlıq aləmini və bütün məxluqatı Haqqın mərhəmət nəvazişi ilə oxşamış oldular. Həmin qulluq müəssisəsinin ayaqda durmasına böyük zəhmət sərf etmiş, Nəbəvi bir hərarət və nəvazişlə həyatını, elmini, malik olduğu bütün imkanlarını bu mübarək mirasın batil üzərində meydan oxuması naminə sevə-sevə sərf etmiş fatehlər sultanı Abdulqadir Gilani həzrətlərinin könül memarlarını qəlblərə  xüsusi bir məharətlə tanıtması necə də təqdirəlayiqdir:

      “(Könüllər fatehi olma məqamına yetişmiş) irfan sahibləri daima mərhəmət üzrə olarlar. Onlar mənəviyyatsız kimsələrə belə şəfqət nəzəri ilə baxarlar. Çünki fəth şüuruna bürünmüş irfan sahibi Haqqın əxlaqı və tərbiyəsi sayəsində mənəvi intibahın zirvəsinə yetişdiyi üçün bütün cəhdləri ilə daima mənəviyyatsızlıq və üsyan girdabına yuvarlanmışları şeytanın və azğın nəfsin əlindən qurtarmağa çalışar. İrfan sahibi sizdən birinizin təhlükədə olan sevimli körpəsini qurtarma canfəşanlığına bənzər bir istəklə xətalı qulları əzab atəşindən qurtarmaq istər.

      Bu müstəvidən baxdıqda xəlq edilmiş Adəm övladlarının hər biri irfan sahibinin qorumaq və könül zənginliyi ilə şərəfləndirmək istədiyi övladları sayılır. Ona görə də, ey sevimli övladlarım! Bu böyük insanlardan birinə rast gəlsəniz, xeyri və şəri onlardan öyrənin. Onlara sarılın və ətəklərini qətiyyən buraxmayın. Allah-Təalanın elm sonsuzluğuna və Haqqı idrak mərifətinə onların vasitəsi ilə yetişə bilərsiniz. Onlardan bir şey dinlədiyiniz zaman yaxşı anlayın və məsələnin dərinliyinə nüfuz etməyə çalışın.

      Bu anlayış fərasətinə xüsusi önəm verin və bilin ki, dünya və axirətiniz üçün faydalı olacaq bilgilər elm və irfan fatehlərinin dilləri ilə söylədiklərindən alınır. Onlardan alacağınızı aldıqdan sonra nəfsinizin, şeytanın sizə fısıldadığı həva və həvəsləri, insanlara göstəriş məqsədi ilə etdiklərinizi bir tərəfə buraxın. Unutmayın ki, yalnız Haqq qatındakı fatehlər zümrəsində İlahi izinlə məkan tutmağa layiq hala gəldiyiniz zaman mələklər və saleh qulların ruhları ilə ünsiyyət və nəvaziş mərifətini dadmaq mümkün olacaqdır”.

      Abdulqadir Gilani həzrətlərinin qulluq səltənətinin incə tellərini qəlblərimizdə dilləndirən və bizləri Haqqa qarşı məhəbbət və ehtiram fədailərinə çevirən möhtəşəm təbliğ üsulu təlatümlü dəyişmələrə uğrayan könül dünyamızı İlahi muradın fəth və rəhmət iqliminə dəvət edən bir qurtuluş çalışmasıdır. Dövrümüzdə sıxlıqla müşahidə edilən mənəviyyatsızlığın, mədəniyyətsizliyin, kütləvi əxlaqsızlığın tüğyan etdiyi, insan varlığının mübarək, müqəddəs kimliyinin fəsada uğradıldığı, ən elementar insan haqlarının çeynəndiyi bir vaxtda bütün bu haqsızlıqları Haqqı təbliğ edən fatehlərin rəhbərliyi ilə dizə gətirmək və onu yox edərək insanlığın mübarək adını özünə qaytarmaq mümkündür. Bu ali məqsədin həyata vəsiqə qazanması üçün qəlblərimizin dünyaya və onun müvəqqəti ehtiraslarına deyil, Haqqa və Onun diriliş bərəkəti saçan fatehlər zümrəsinə doğru tam bir ixlasla yönəlməsi lazımdır. Rəbbimiz bu səadətə bizləri də nail etsin. Amin.

      • Hits: 49 clicks

      Tecox component by www.teglo.info