Fuad QULİYEV - O LİBASI YA DÜZGÜN GEYİN, YA DA ÇIXART!

      Share

      Əmanət məfhumu iki əsas mənanı zehnimizdə canlandırar: etibar etmək və etibarlı olmaq. Birincisi ehtiyac hesab edilir. İkicisi isə dəyər mahiyyəti daşıyan bir fəzilətdir. Həyatımız boyunca yaşadığımız mühit içərisində ətrafımızdakı müəyyən insanlara etibar etmək ehtiyacımız daima vardır.  Bu mənda etibarlı olmaq, güvən saçmaq və əmanətə sahib çıxıb onu qorumaq barəsində də eyni şeyi deyə bilərikmi? Bunun üzərində düşünmək lazımdır.

      Əmanət deyincə çox vaxt ağlımıza qorunması üçün bir nəfərə müvəqqəti verdiyimiz əşyalar gəlir. Bu məsələnin hüquqi cəhətləri olduğu kimi, daha çox əxlaqi cəhətinin olduğunu görürük. Əmanət duyğusu insanın fitrətində mövcuddur və vicdan dediyimiz ruh dünyasından qidalanır. Bu səbəblədir ki, hər bir insan özünə etibar edilməsini və özünün də başqalarına etibar edə bilməsini arzu edər. Belə bir arzunun yoxluğu isə o insanın fərd olaraq mənəvi dünyasının zəifləməsini, daha geniş mənada isə digər insanların da ona olan baxışının formalaşmasına təsirini göstərəcəkdir. Toplum üçün ehtiyaca çevrilən bu iki duyğunun ictimai həyatın sağlam tənzimlənməsi üçün son dərəcə ciddi dəstək mahiyyətinə qovuşduğunu görmək mümkündür. Fərdlərin birbirilərini qəbul etmələri yalnız belə bir müstəvidə mümkün olar. Əks halda bu durum fərdlər arasındakı münasibətlərin kəskin zəifləməsinə aparıb çıxaracaq, sosial həyatın bütün sahələrində bunun izləri görüləcəkdir.

      İman və əmanətin eyni kökdən gəldiyini göz önündə tutsaq, əmanət mövzusunun dini nöqteyi-nəzərdən də vacib bir yerə malik olduğu görülər. Belə ki, müqəddəs kitabımız Qurani-Kərimin “Ey iman edənlər! Allaha və peyğəmbərlərinə xainlik etməyin. Bilərək öz aranızda əmanətlərə də xainlik etməyin!” (əl-Ənfal, 27-28) ayələrindəki bu xəbərdarlıq məsələnin əxlaq müstəvisindəki mövqeyinin nə qədər güclü olduğunu yüksək tonda və kəskin ifadələrlə nəzərimizə çatdırır.

      İman sahibi, saleh əməl sahibi olmağın əsas vəsflərindən biridir “əmin olmaq”, əmanətə sahib çıxıb onu məhz olduğu keyfiyyətdə qorumaq və bu vəsfi iləl-əbəd daşıya bilmək. Əks halda əmanətin ziddi olan xəyanət məfhumunun fəsadlarının boy göstərdiyini müşahidə etməli olacağıq. Əmanətə xəyanət etməklə iman sahibinin ən təməl vəsfi zədələnmiş olar və toplum nəzdində nüfuzu və etibarlılığı zədələnmə təhlükəsi ilə qarşı-qarşıya qalar. Yüksək əxlaqi keyfiyyətləri özündə cəmləşdirməyi daim hədəf seçən mömin kəs duruşu, oturuşu, nəzakət və zərafəti, qısacası, hər bir hərəkəti ilə güvən verməyi bacarmalıdır. Ona həvalə edilmiş bir işin və ya əşyanın əslində Allahın əmanəti olduğu şüuru ilə hərəkət etməli, əsla haqqında zidd bir düşüncəyə meyl etməməlidir. Unutmamaq lazımdır ki, ən kiçik xəta, yanlış hərəkət həmin şəxsdən çox onun mənsubu olduğu anlayışa, cizgiyə zərər verməkdədir. O hərəkətin açdığı dərin yaranın toplum nəzdində təkrar sağalması çox böyük əmək və enerji tələb edəcəkdir. Bu da öz növbəsində maddi-mənəvi böyük itkilərə, insanların ruhən sarsılmalarına zəmin təşkil edəcək. Eyni zamanda cəmiyyət içərisində insanlar arası münasibətlərdə etibar zədələnməsinə yol açan bu hərəkətlərin ən böyük zərbəsi isə dini dəyərlərin daşıyıcısı olan insanlara güvənsizliyə aparıb çıxaracaqdır. Məşhur bir hekayə ilə hadisəni işıqlandıraq:

      Rəvayət edildiyinə görə, yaralı bir quş Hz. Süleymana (ə.s) gələrək qanadının bir dərviş tərəfindən qırıldığını söyləyir. Peyğəmbər dərhal həmin dərvişi hüzuruna çağıraraq quşun ondan şikayətçi olduğunu deyir, səbəbini soruşur. Dərviş özünü müdafiə edir:

      “Sultan sağ olsun, mən bu quşu ovlamaq istədim. Əvvəlcə qaçmadı, yanına qədər getdim, yenə qaçmadı. Mən də onun mənə təslim olacağını düşünərək üstünə atıldım. Tam tutacağım anda qanadı qırıldı”. Bunun üzərinə Hz. Süleyman quşa: “Bax, bu adam haqlıdır. Sən niyə qaçmadın? O sənə xəlvətcə yaxınlaşmayıb. Sən əslində özünü qoruya bilərdin. İndi isə gəlib şikayət edirsən?” - deyir. Quş deyir: “Sultanım, mən onun dərviş paltarında olduğunu gördüyüm üçün qaçmadım. Ovçu olsaydı, dediyiniz kimi, özümü qoruyardım və tədbirimi alardım”. Hz. Süleyman quşun bu sözləri qarşısında qisas tətbiq edilməsini istəyir. O əsnada quş deyir: “Onun qolunu qırsanız, qolu sağalınca təkrar bənzər hərəkətləri edə bilər. Ən yaxşısı, onun üzərindəki dərviş xirqəsini çıxarın. Çıxarın ki, mənim kimi quşlar bundan sonra belə hallarda aldanmasın”.

      Bəli, həqiqətən də, insan mənimsədiyi yolu, anlayışı elə bir şəkildə təmsil etməlidir ki, onun hər bir hərəkəti qarşı tərəfə güvən aşılamalı, əlindən hər hansı xoşagəlməz bir işin çıxmayacağını hiss etdirməldir. Ən böyük əmanətin əslində Allahın bizə bəxş etdiyi ruhumuz olduğunu unutmamalı, onun əmrində olduğu müddətdə daim rizasını qazanmaq üçün çırpınmalı və hər bir şeyin hesabının soruşulacağı günə görə həyatını tənzim etməlidir,  insan.

      • Hits: 47 clicks

      Tecox component by www.teglo.info