Dr. Eldar KƏRİMOV - EMOSİONAL ZƏKANI GÜCLƏNDİR!

      Share

      Emosional (Emotional quotient) zəka insanların şəxsi və iş həyatlarında uğurlu olmaları baxımından intellektual zəkadan (intelligence quotient) daha çox təsirlidir. Emosional zəka ilə insanların ortaq duyğuları, ünsiyyət bacarıqları, insanlıq anlayışları, etika və estetika kimi qabiliyyətləri müəyyən edilir.

      Emosional zəkası (EQ) yüksək olan insanlar iş mühitində başqa insanlarla daha yaxşı ünsiyyət qurduqları və idarəçilik bacarıqlarına sahib olduqları üçün çox vaxt uğurlu nəticələr əldə edirlər. Emosional zəka gündəlik həyatda  insanların iş yoldaşları və ailə üzvləri ilə münasibətlərini yaxşı mənada tənzimlədiyi üçün istər onların şəxsi həyatlarında, istərsə də ətrafdakı insanlarla əlaqəli problemlərin həllində katalizator rolunu oynayır. Emosional zəkaya sahib olan insanlar digər insanları olduğu kimi qəbul etdikləri, onları dinləyib anladıqları üçün sevilir və onların dostluq münasibətləri daha güclü olur.

      Müntəzəm və sistemli bir çalışma ilə emosional zəka öyrənilə və inkişaf etdirilə bilər. Gündəlik həyatda və iş mühitində emosional zəkanı inkişaf etdirmək üçün 7 qızıl qaydaya riayət etmək lazımdır:

       1. Özünüzü tanıyın! Kim olduğunuzu öyrənin. Emosional zəkanın əsas şərtlərindən biri özünüzü tanımağınızdır. Hansı cəhətlərinizin güclü, hansı cəhətlərinizin zəif olduğuna diqqət edin. Başqaları ilə sözlü ünsiyyət əsnasında hansı sözlərin sizi incidəcəyinə əvvəlcədən hazır olun. Eyni zamanda başqalarını incitməmək üçün də acılayıcı sözlərdən istifadə etməməyə çalışın. Necə deyərlər, özün üçün edilməsini istədiyini başqaları üçün də et, özün üçün edilməsini istəmədiyin şeyləri başqaları üçün də etmə. Bu davranış taktikasından istifadə edərək ətrafınızdakı insanların sevgisi və rəğbətini qazana bilərsiniz.

      2. Emosiyalarınıza nəzarət etməyi öyrənin! Emosiyalarınızdan və ya digər insanların emosiyalarından nə qədər az qorxsanız, emosional vəziyyətlərin öhdəsindən bir o qədər daha rahat gələ bilərsiniz. Duyğu dünyanızı daha yaxşı öyrənib tanıyın, çünki bunlar sizin həyatınızın ayrılmaz parçasıdır. Özünüzə tez-tez “Özümü necə hiss edirəm və bu duyğunu bədənimin ən çox harasında hiss edirəm? Belə hiss etməyimə səbəb olan nədir? Bunun öhdəsindən necə gələ bilərəm?” şəklində suallar soruşun. Əgər bütün bu suallara cavab tapa və problemi həll edə bilirsinizsə, deməli, sizin emosional zəkanız kifayət qədər yüksək qiymətləndirilə bilər.

      3. Şəxsi xüsusiyyətlərinizi başqalarından gizlətməyin! Çünki hər birimiz fərqliyik. Fərqli olmaq isə digərlərindən daha yaxşı, ya da daha pis olmaq deyildir. Onların dünyaya baxış bucaqlarının sizinkindən fərqli olduğunu nə qədər tez anlasanız, onları da o qədər tez tanıyarsınız. Bu da sizin emosional zəkanızın inkişaf etməsi deməkdir. Öz şəxsi xüsusiyyətlərini başqalarından gizlədib onlar kimi olmağa çalışanlar isə özləri kimi olmadıqları üçün həm daxili gərginlik keçirər, həm də başqalarından fərqlənmədikləri üçün uğursuz şəxsiyyət tiplərinə çevrilərlər.

      4. Ünsiyyət qurma bacarığınızı inkişaf etdirin! Özünüzü ifadə etmə metodlarınıza xüsusi diqqət edin və bu metodların inkişafına vaxt ayırın. Söz xəzinənizi zənginləşdirin. Yeni kəlmələr öyrənin, xüsusilə də duyğu və düşüncə ifadə edən kəlmələr. Özünüzü çoxtərəfli ifadə edə bilmə cəsarətiniz olsun. Bəzən hal və hərəkətləriniz kəlmələrinizdən daha çox məna ifadə edir. Məsələn, xoş bir təbəssüm belə qarşınızdakı insana təsəlli verə bilər.

       5. Problemi həll edən olun! Mümkün qədər müxtəlif hadisələr və problemlər üzərində düşünün və bunların həll yollarını tapmağa çalışın. Əgər problemlərdən qorxub geri durmasanız və onları bir fürsət, özünüzü sübut etmə imkanı olaraq görsəniz həmin problemi həll etməmək üçün səbəbiniz qalmaz.

      6. Tənqidlərə qarşı dözümlü olun! Emosional zəkada tənqid edə bilmək və tənqidə dözümlü olmaq da çox önəmlidir. Edilən tənqiddən narahat olmayın. Siz bu tənqidlər nəticəsində özünüzdəki müsbət və mənfi yönləri öyrənmə imkanı əldə edəcəksiniz.

      7. İnsanlarla maraqlanın! Yeni insanlarla tanış olub onların mədəniyyətini öyrənin. Müxtəlif insan psixologiyaları haqqında məlumatlar əldə edin. İnsanlara istiqamət verən yolları və onların həyat hekayələrini oxuyun. Özünüzü və digər insanları kəşf edin.

      Son olaraq bütün bu maddələrə diqqət edərək siz öz emosional zəkanızı gücləndirə və ətrafınızdakı insanlarla doğru münasibətlər qura bilərsiniz. Ancaq unutmayın ki, mənəvi dünyası təmiz olmayanların maddi dünyaları da təmiz olmaz. Mənəvi dünyamızı gözəlləşdirmək şərti və ümidi ilə...

       

      • Hits: 48 clicks

      Tecox component by www.teglo.info