Adem ŞAHİN - KÜÇƏLƏRƏ SU SƏPMİŞƏM

      Share

      Saat zəngi olmadan küləyin vıyıltısına, xoruzun ötməsinə, quşların civiltisinə yuxudan oyanmağı unutmuşuq. Unutduğumu, gecənin bu saatında yağışın səsinə oyandığım zaman fərq etdim. Bəs fərqində olmadığımız unutmalar? Şəhər həyatının aldıqları verdiklərindən daha çoxdur. Ağdaşlı Elçin (Adəmin atası) instaqram hesabında bir söz paylaşmışdı; bir deyil, bir neçə dəfə oxudum. Çayın dəm almasını gözləyənlər kimi bir müddət donub qaldım: “Kaş bir səhər yuxudan oyanıb özünü uşaq görəsən... Görəsən hamı evdədir... Ölənləri sağ görəsən...”.

      Karvan köçdü, ay Elçin!

      “Ah nice bir uyursun, uyanmazmısın? Göçtü kervan kaldık dağlar başında...”

      Karvandan aralı düşdük. Köçüb gedənlərə qovuşmadıqca bu ağı bitməz. Bir ömür “Görəsən hamı evdədir... Ölənləri sağ görəsən...” deyərək keçməz. “Ayrılıq, ayrılıq, aman ayrılıq. Hər bir dərddən olar yaman ayrılıq” vaxtıdır indi. Bugünkü virdim, zikrim ayrılıq mahnısının içindən keçəcək... Bir yandan da təsbehimi axtarıram, tapa bilmirəm.
      “Doğulduğum yer başqadır, doyduğum yer başqa” deyirlər. Bu sözə bir əlavə edim: “Doğulduğum yer başqadır, sevdiyim, sevildiyim yer başqa”.

      Ağdaş şəhəri gecənin qaranlığında içindəki qardaşlarla birlikdə nəfəs deyil, məhəbbət alıb-verir.  Əliabad qəsəbəsi bağrındakı Hafiz ilə dərin bir mənəvi rahatlıq içində yatır. Bir az qulaq versən, məzarlıqdan Əmrullah dayının və Hafizin söhbəti eşidiləcək...

      Aləmlərin Əfəndisi (s.ə.s): “Uhud bizi sevir, biz də Uhudu”, - demişdi. Biz niyə məkanları sevə bilmirik? Uhud Mədinənin içində deyil, kənarda yerləşən bir dağdır. Üstündə nə ağac var, nə də sərin bulaqlar. Daş olsa da, özünü sevdirməyə nail olub. Bəs biz?

      Xosrovu, Kükəli, Gülbəndəsi ilə “Ağdaş bizi sevir, biz də Ağdaşı”, “Əliabad bizi sevir, biz də Əliabadı”, “Çimkənd bizi sevir, biz də Çimkəndi”... Sevdiyimizi və sevildiyimizi desək, dünyada nə xəstəlik qalar, nə də xəstəxana; nə stress qalar, nə də göz yaşı. Allahın onları, onların da Allahı sevdiyi qullara salam olsun! (əl-Maidə, 54)

      “Birinə qırx gün dəli desən, dəli olar” deyirlər. Biz də bir ömür “filan yeri sevirəm, ora da məni sevir” deməklə, bəlkə, ağıllı ikən dəli olan adam kimi sevməyə-sevilməyə başlayarıq.

      Saatla oyananda yataqdan qalxsaq da, sanki bizdən bir parça yataqda, yaxud yataqdan bir parça üstümüzdə qalır. Amma özümüz oyananda və ya küləyin, yağışın, xoruzun səsinə oyananda yuxudan əsər-əlamət qalmır.

      Yağış və ya qar yağarkən pəncərəni açmamaq reanimasiyadakı bir xəstə ilə şüşə arxasından işarələrlə danışmaq kimidir. Yağış damcıları və qar dənələri əziz bir qonaq kimi eşikdə, çöldə qarşılanmalıdır. Çölə çıxa bilməsən də, pəncərəni açıb qonağını qarşıla. Pəncərədən əlini uzat, göy üzündən enən rəhmət dənələrinə toxunmağa çalış. Qar dənəsi ağzına düşsün. “Hava kirliliyi səbəbi ilə təmiz deyil” desələr də, qorxma, yağış və qar bizdən daha təmizdir.

      Azacıq kirdən heç nə olmaz. Pəncərəni açanda “üşüyərəm, xəstələnərəm” demə! Azacıq soyuqdan da heç nə olmaz. Peyğəmbərimiz (s.ə.s) yağış yağanda həyəcanlanar, sarığını çıxardar, əbasının çiyinlərini açaraq islanarmış. “Bu damcıların Rəbbimlə müqaviləsi yenidir” (Bir az əvvəl “yağ!” əmrini almışlar) – deyərmiş. Ey nəfsim, sən niyə büt kimi hərəkətsiz və soyuqsan?! Niyə səndə Rəsulullahın yağış həyəcanı yoxdur? Yolların palçıq olacağını, ayaqqabının kirlənəcəyini fikirləşirsən? Azacıq palçıqdan heç nə olmaz! Palçıqdan yaradıldığını unutmusan?

      Toyda hər kəs oynaya bilər. Musiqidən heyvanlar da təsirlənir; dəvə daha sürətli yeriyir, inəklər daha çox süd verir. Haydı, yağış səsinin sədaları altında, heç kim yox ikən oynamağa başla. Mövlana həzrətləri dəmirçilər bazarında dəmir döyən çəkiclərin taqqıltısını eşidib məst olmuş, əl açıb səma edərək dönməyə başlamışdı. Bütün Konya musiqi alətlərinin səsinə oynayarkən Mövlana taqqıldayan dəmir səsi ilə səma etmişdi. Yağan yağışın səsində Mövlananın çəkicdə duyduğunu duymağa, gördüyünü görməyə çalış. Musiqi sədaları ilə oynamaq məharət deyil. Sən çəkic səsi ilə oynayan Mövlana kimi ol.

      Allahım, bu gözəl vaxtda göydən rəhmət yağdırırsan. Yağışla şəhər təmizlənir; otlar, böcəklər suya qovuşmağın sevincini yaşayır. Göydən yağışdan başqa nə yağırsa yağsın, bu qədər əhatəli bir məmnuniyyət və sevinc yaşatmaz. Qızıl, gümüş yağsa bunun həşəratlara, çiçəklərə nə faydası olar?
      Təsbehimi axtarmalıyam. Səccadə gözləyir. Mən isə pəncərə qabağında bekar adam kimi dayanıb tamaşa edirəm. Dilimə: “Küçələrə su səpmişəm, yar gələndə toz olmasın...” mahnısı gəlir. Mahnıda yarımı görürəm, yarda isə mahnını eşidirəm. Allahım, yenə hansı mübarək qulun üçün bu küçələrə su səpirsən?..

      İnsanın, “o gələcək” deyərək küçələrə su səpəcəyi, yoluna gül tökəcəyi, stəkanına qənd salacağı yarının olması cənnəti dünyada yaşaması deməkdir. Rəhmət saçılan küçələrdən yar görünür. Təsbeh tapılmasa da, səccadəyə əyləşmək və nəfəsi tutmaq vaxtıdır...

      • Hits: 47 clicks

      Tecox component by www.teglo.info