DR. RÜFƏT ŞİRİNOV - HƏDİSLƏR NECƏ OXUNMALI?

      Share

      Məğzindən uzaqlaşan və yaxud uzaqlaşdırılan hər şey yanlış, bəzən də təhlükəlidir. Məhz belə bir xətaya düşməmək üçün hər bir sənətin, sahənin mütəxəssislərinə müraciət edilir. Məsələn, bir çox insan bəzi xəstəliklərin ilkin simptomlarını bilə bilər, ancaq onu müalicə və müayinə edə bilməz. Bunun üçün mütləq lazımi təcrübə və elmi biliklərə malik olmaq lazımdır. Ona görə də hər hansı xəstəliklə əlaqəli mütəxəssis həkimə müraciət edilir. Heç kim ilkin oxuyub-yazma qaydalarını və hesablamaları bilən ibtidai sinif tələbəsindən son siniflərdə keçirilən tənlik və məsələləri həll etməsini tələb edə bilməz. Çünki buna nail ola bilmək üçün aradakı mərhələləri və digər elmləri tədris etmək şərtdir.

      Əbədi səadətimizin təminatı olan din və dini elmlərə də məhz bu aspektdən yanaşmaq lazımdır. Din barəsində fikir və dəyərləndirmələr səsləndirmək üçün mütləq sözügedən sahə ilə əlaqəli müxtəlif elmi mərhələləri keçmək şərtdir. Məsələn, bir ayəni düzgün və məqsədinə müvafiq başa düşmək üçün mütləq həm dini, həm də qeyri-dini sahə ilə əlaqəli elmlərdən xəbərdar olmaq lazımdır. Əbəs yerə deyilməyib ki, “bütün kitablar tək bir əsəri anlamaq üçün tədris olunur”.

      Dini düzgün başa düşmək istəyən  kəs Hz. Peyğəmbərin (s.ə.s) hədislərini düzgün oxumalı və analiz etməlidir. Bunun üçün sadəcə oxumaq kifayət etmir. Əlbəttə ki, ibadət məqsədi ilə oxunan hər bir rəvayət savab qazandırar, ancaq doğru yolu tapmaq və sabitqədəm olmaq üçün bu, kifayət deyil. Hədislərdəki məqsədi başa düşməyin və ondan hökm çıxara bilməyin yolu mütəxəssisinə müraciət etmək və yaxud ən azından aşağıda sadalayacağımız bəzi əsaslara riayət etməkdir. Əvvəla onu qeyd edək ki, yarımçıq bilgilərlə və yaxud əsas bilgilər olmadan mütaliə edilən hədislər radikal məfkurə formalaşdırmağa təkan verdiyi kimi, bəzən də dindən uzaqlaşmağa səbəb ola bilər. Bu vəziyyətə düşməmək üçün rəvayətlərə daha geniş perspektivdən baxmaq mütləqdir.

      Əvvəla hər bir rəvayət Qurani-Kərim işığında ələ alınmalıdır. Səhih bir hədisin Qurani-Kərimin ümumi məzmunu ilə təzad təşkil etməsi mümkünsüzdür. Necə ki, İmam Əzəm Əbu Hənifə belə buyurub: “Allahın Rəsulu Allahın kitabına müxalifət etməz. Allahın kitabına müxalifət edən Allahın Rəsulu ola bilməz”. Təbii ki, bu məsələdə sahəsində mütəxəssis alimlərin dəyərləndirmələrinə diqqət yetirmək lazımdır. Çünki bəzən bizim zahirən Quran ayələrinə müxalif gördüyümüz bəzi rəvayətlər o sahənin alimləri tərəfindən elmi əsaslar çərçivəsində izah edilmişdir.

      Hədislərin tarixi seyr çərçivəsində ələ alınması da əhəmiyyət kəsb edir. Yəni hər hansı bir rəvayətin və yaxud hadisənin tarix boyunca necə başa düşüldüyü ələ alınmalıdır. İstər Mədinə dövründə, istərsə də sonrakı dövrlərdə sözügedən rəvayətlə necə əməl edilib, alimlər o rəvayəti hansı aspektdən ələ alıb, cəmiyyətin həyatına necə təsir edib?.. Qısaca, hədisin İslam bütövlüyü çərçivəsindəki dəyəri nədir, bunu bilmək lazımdır.

      Bir mövzu ilə əlaqəli rəvayət mütaliə edilərkən o mövzu ətrafında rəvayət edilən bütün hədislərə nəzər yetirmək lazımdır. Mövzu bütövlüyü çərçivəsində ələ alınmayan rəvayətlər bizdə ziddiyyətli fikirlər formalaşdırar.

      Hədisin ləfzən və yaxud məna ilə rəvayət edilməsi də onu başa düşməyə təsir edən amillərdəndir. Eyni zamanda bir rəvayətin ortaya çıxma səbəbini (səbəbi-vürud) bilmək onu başa düşməyə kömək edən ən önəmli əsaslardan biridir. Necə ki, bir ayənin başa düşülməsində onun nazil olma səbəbi (əsbabı-nüzul) əhəmiyyətli isə, rəvayətlərin ortaya çıxma səbəbi də ən azı o qədər əhəmiyyətlidir.

      Hz. Peyğəmbərin (s.ə.s) ədəbi yönünü nəzərə almaq şərtdir. Onun yaşadığı dövrdə istifadə edilən terminlərin o dövrdə ifadə etdiyi mənaların rəvayətlərin məqsədinə müvafiq başa düşülməsində danılmaz təsiri vardır. Odur ki, hədisləri anlamaq üçün həm ərəb ədəbiyyatından, həm də Hz. Peyğəmbərin (s.ə.s) yaşadığı dövrün elmi-ictimai həyatından xəbərdar olmaq lazımdır. Əks təqdirdə Hz. Peyğəmbərin (s.ə.s) istifadə etdiyi zərbi-məsəl, təşbeh, məcaz və təmsillər başa düşülməz.

      Hədislərdə tez-tez rəqəm və məsafə ilə əlaqəli ifadələrlə üzləşirik. Bunların nə məqsədlə ifadə edildiyini dövrün çəki, ölçü və məsafə terminlərindən bixəbər olaraq başa düşə bilmərik.

      Xülasə, hər bir elm sahəsinin özünəməxsus incəlik və qaydaları olduğu kimi, hədis elminin də özünə məxsus incəlik və əsasları vardır. Bunlara riayət etmədən oxuduğumuz rəvayətlər bizi yanılda bilər. Odur ki, bir neçə rəvayət oxuyaraq özünü “alim” zənn etmək əvəzinə, tələb olunan qaydalara gücü nisbətində riayət etmək daha düzgün seçimdir. Bu qaydalar bizi bir çox hədisdə qeyd olunan “həm yolu azar, həm də azdırar” ifadəsinə tuş gəlməkdən mühafizə edər.

      • Hits: 60 clicks

      Tecox component by www.teglo.info