Dr. Nizami ƏFƏNDİYEV - QURANİLƏR (MƏALÇILAR)

      Share

      Əsrlər boyu İslamı təhrif etmə fəaliyyətləri davam etmiş, hər gün bu mənfur düşüncəyə yeni şəkil və qruplar əlavə olunmuşdur. Müsəlmanlar arasında nifaq salma fəaliyyətlərindən biri də “Quranilər” adı ilə bilinən məalçılar fəaliyyətidir. Adı etibarilə İslamı və Quranı müdafiə edənlər kimi görünsələr də, məqsəd tamamilə başqadır. Günümüzdə İslam düşmənləri tərəfindən ortaya atılan məalçılıq fəaliyyətinə bənzər bir təşəbbüsü səhabə dövründə də görməmiz mümkündür. 

      Səhabə dövründəki bəzi insanlar Tövbə surəsinin 103-cü ayəsini həva və həvəslərinə görə təvil edərək zəkat verməkdən imtina etmişdilər. Bu səbəblə Hz. Əbu Bəkr namaz ilə zəkatı ayıranlara qarşı savaş elan etmiş, Hz. Peyğəmbərə verdikləri zəkatı İslam dövlətinə vermək istəməyənlərə qarşı qəti şəkildə mübarizə aparmışdır.

      İslamı təhrif etmək, müsəlmanlar arasında çaxnaşma salmaq istəyən şər qüvvələr Qurani-Kərimdəki “Quranda hər şey açıqca bildirilmişdir” ayəsini arzularına görə təvil edərək, “bizə Quran kifayətdir, hədislərə və islami istinbad üsullarına ehtiyac yoxdur” deyərək 1870-ci illərdən etibarən məal fəaliyyəti başlatdılar. Bu vəsilə ilə hər bir insanın Quranı oxuyaraq ayələrdəki Allahın muradının nə olduğunu qavrayacağını, ondan hökm çıxara biləcəyini iddia etmiş, təfriqəyə sabəb olmuşlar. Dini biliklərə tam sahib olmayan bir çox müsəlman da belə düşüncələrə qapılaraq bu cərəyana alət olmuşdur.

      Qurani-Kərimi birbaşa məalından oxuyan, Peyğəmbərimizi və hədisləri qəbul etməyən məalçılar səhabə dövründə həva və həvəslərinə görə ayələri təvil edən kəslər ilə bir çox xüsusda bənzərlik daşıyırlar. Bu məalçılar mütəvatir hədisləri qəbul etməyərək aşağılayıcı bir üslubla İslamı yalınlaşdırdıqları kimi, imperial düşüncəyə qarşı İslam birliyinə də zərər verməkdədirlər.

      Diqqətlə incələndiyi zaman görürük ki, tərcümə və məal fəaliyyəti bir neçə kəlmənin və cümlənin ehtimal mənalarından birini seçmək yolu ilə həyata keçirilir. Ehtimal olunan dəgər mənalar mətnə köçürülməz. Şübhəsiz ki, məal oxumaq faydalıdır. Ancaq ayədən hökm çıxarmaq üçün ərəbcə və üsul bilgilərinə, nəzmi-Qurana, siyak və sibaka, səbəbi-nüzul bilgisinə ehtiyac vardır.

      Bəli, Quran ifadəsi ilə o, “apaçıq bir kitabdır”. Onun Allahın kəlamı olduğuna şübhə yoxdur. Onda halal və haramlar müəyyən edilmiş, şirk və tövhid sərhədləri göstərilmişdir. Bununla yanaşı, Allah-Təala Hz. Muhamməd Mustafaya (s.ə.s) onu açıqlama vəzifəsi vermişdir. Qurani-Kərimin heç bir yerində “bu kitabı oxuyun və kim necə başa düşür elə də əməl etsin” deyilməmişdir. Əksinə, Allah və Rəsuluna bağlılıq tələb olunmuş, Peyğəmbərə bağlılığın Allaha bağlılıq, peyğəmbərə üsyanın Allaha qarşı üsyan olacağı açıqca bildirilmişdır.

      Məalçılar Hz. Peyğəmbəri vəhyi gətirdikdən sonra onunla maraqlanmayan “poçtalyon” olaraq görürlər. Necə ki, deistlərdə “Allah insanları yaratdıqdan sonra onların həyatına qarışmır” düşüncəsi varsa,  məalçılarda da “peyğəmbər vəhyi təqdim etdikdən sonra bizi onunla baş-başa buraxıb” düşüncəsi vardır. Buna əlavə olaraq məalçılarda Quranı Peyğəmbərdən daha yaxşı başa düşəcəkləri iddiası vardır. Təbii ki, həm deistlərin, həm də məalçıların bu düşüncəsi mənasız və əsassızdır. Hz. Peyğəmbərin yox sayılması sünnəni inkar edən məalçılara Quranı istədikləri kimi şərh etmə imkanı verməkdədir. Halbuki Quran və sünnə bir-birini tamamlayan bir özdür. Sünnəsiz (Peyğəmbərsiz) din mümkün deyildir.

      Peyğəmbərimizi kənarlaşdıraraq öz həva və həvəslərinə görə məal oxuyan və hökm verən insanlara söylənəcək ilk söz Qurani-Kərimin bu ayəsidir: Sənə Quranı nazil etdik ki, insanlara, onlara göndəriləni açıqlayasan və ola bilsin ki, onlar düşünüb dərk edərlər”. (ən-Nəhl, 44) Bəli, Allah Peyğəmbərimizə Quranı açıqlama vəzifəsi vermişdir. Belə olduqda hədislərin nə qədər mühüm olduğu aydın olur.

      Məalçıların ən böyük təzadı anlamaq və oxumağı, şərh etmək və mənasını dərk etməyi bir-birinə qarışdırmalarıdır. Bir mətnin dilini bilmək o mətnin mənasını dərk etmək, onu şərh etmək demək deyildir. Məalçıların ən böyük zərəri əlinə Qurani-Kərim alan hər kəsin özünü fəqih, müfəssir və dilçi olarq görməsi, “Heç bilənlərlə bilməyənlər bir olarmı?!”, “Əgər bilmirsinizsə, zikr əhlindən soruşun”, “Bunları ancaq ibrət ala bilənlər idrak edər”, “Bunu ancaq ağıl sahibi kimsələr düşünər və dərk edərlər” kimi bənzər bir çox ayəni görməzdən gəlmələridir. Eyni zamanda “Quran bizə kifayətdir” deyənlərin Quranı açıqlamaq üçün cildlərlə kitab yazmaları da bir o qədər gülünc bir haldır.

      Quranı idrak etməkdəki məqsədimiz Allah-Təalanın bizdən nə istədiyini nöqsansız bir şəkildə başa düşməkdirsə, məalın bunu bizə təqdim etməsi qətiyyən mümkün deyil. Məal ilahi kəlamı tamamilə əhatə edə bilməz. İlahi olan bir kəlamı bəşəri kəlmələr ilə birə-bir çevirmək əsla mümkün deyildir. Çünki Qurani-Kərimi başqa bir dilə məal şəklində nəql etmək ilahi olan ilə bəşəri olanı, mükümməl olan ilə naqis olanı qarşılaşdırmaq deməkdir. Nəticə olaraq məalçıların bu yersiz iddiaları  müsəlmanları Quran və Sünnədən uzaqlaşdırmağa xidmət edir.

       

      • Hits: 58 clicks

      Tecox component by www.teglo.info