ƏLİYEV AQİL - YALANÇI PEYĞƏMBƏRLİK

      Share

      Bəşər tarixinə nəzər saldığımız zaman Adəm övladının bir çox halda həddini aşıb təkəbbürə qapılaraq Yaradan qarşısında aciz bir bəndə, yoxdan yaradılan bir məxluq olduğunu qəbul etmədiyinin şahidi oluruq. Belə insanların topluma, cəmiyyətə hər hansı bir faydasını düşünmək sadəlövhlük olardı. Çünki yaradanını tanımayan, onu qəbul etməyən insan, təbii ki, həddini aşar və zərərli əməlləri üçün qarşısında heç bir maneə görməz. Bunu da o zaman edər ki, özündə maddi bir güc və iqtidar olduğunu hiss edər. Bu həqiqətə Uca Allah Qurani-Kərimdə belə diqqət çəkmişdir: “Xeyr! Həqiqətən, insan çox azğınlıq edir. Çünki o, özünün heç bir şeyə ehtiyacı olmadığını düşünür”. (əl-Ələq, 6-7)

      Deməli, Uca Allaha möhtac olduğunu hiss etməmək, Ona bəndə olduğunu qəbul etməmək nəticədə insanı azğınlığa və üsyana sürükləməkdə, hətta bir çox halda Allahın günahsız bəndələrinə qarşı özünü təkəbbürlü göstərməyə, onlara haqsız zülm və işgəncə verməyə qədər aparıb çıxarmaqdadır.

      Mövzumuz, adından da məlum olduğu kimi, saxta, yalançı peyğəmbərlər haqqındadır. Bəlkə hörmətli oxucularımızda belə bir sual yarana bilər ki, yalançı peyğəmbər olarmı? Təbii ki, olmaz. Peyğəmbərin yalançısı olmaz. Eynilə, “uydurma hədis” ifadəsi doğru olmadığı kimi. Olsa-olsa “hədis deyə uydurulmuş söz” deyə bilərik, eləcə də bu kimi insanlara “yalançı peyğəmbər” yox, “özünün peyğəmbər olduğunu iddia edən saxtakar, yalançı insan” deyə bilərik. Bəli, insan belə bir məxluqdur. Nəfsi tərbiyədən keçmədiyi təqdirdə peyğəmbər olduğunu iddia etməsi bir tərəfə, allahlıq iddiasında belə ola bilər, Allah qorusun. Tarixdə kifayət qədər bu kimi saxta ilahların nümunələri vardır. Firon, Nəmrud və Haman bunlardan bəziləridir.

      Özünü peyğəmbər kimi qələmə verənlərin ilki Bəni Ans qəbiləsindən Əsvədli Ansi kimi tanınan Əbhələ ibn Kabdır. Yəməndə ortaya çıxan bu adam peyğəmbər olduğunu və mələklərin ona xəbər gətirdiyini iddia etməyə başlamışdı. Əvvəllər kahin olan Əbhələ bir çox yalan, fırıldaq və hiylələrlə Yəmən əhalisinin çoxunu aldatmış və öz tərəfinə çəkə bilmişdi. Nəcran xalqından bəzi şəxslər də ona tabe olmağa başlamışdı. Hətta onun təsiri o dərəcəyə çatmışdı ki, Yəməndə mövcud olan müsəlman rəhbərlər və məmurlar oranı tərk etmək məcburiyyətində qalmış, Yəməndə vali olan Muaz ibn Cəbəl (r.a) Əbu Musa əl-Əşarinin yanına sığınmışdı. Vəziyyəti öyrənən Allah Rəsulu (s.ə.s) Yəməndəki müsəlmanlara onun  cəzasını vermələri üçün əmr verdi. (Təbəri, III, 315) Müsəlmanlar da dərhal toplaşıb mübarizəyə qalxdılar. Nəticədə onu öz evində öldürdülər. Onun ölüm xəbəri Allah Rəsulunun (s.ə.s) vəfatından bir gün əvvəl bazar günü Mədinəyə çatdı. Əbhələ öldürüldükdən sonra müsəlmanlar və məmurlar təkrar Yəmənə geri qayıtdılar.

      Bənzər şəkildə hicrətin onuncu ilində Müseyləmə adında biri Yəməndə peyğəmbər olduğunu iddia etməyə başladı. Əvvəllər İslamı qəbul etməsinə baxmayaraq, lider olmaq, dünyalıq sərvət əldə etmək xülyasına düşən və insanların özünə təzim göstərməsindən xoşlanan Müseyləmə yalan və fırıldaqla insanları öz ətrafına toplamağa çalışdı. Hətta o özünün Rəsulullaha (s.ə.s) peyğəmbərlikdə ortaq olduğunu da çəkinmədən dilə gətirirdi. Yalançılıqda o qədər həddini aşmışdı ki, Qurani-Kərimə bənzər ayələr uydurmağa başlamışdı. Qurani-Kərimə bənzətmək üçün uydurduğu məsnədsiz sözlərdən bəziləri belə idi:

      “Ey qurbağa qızı qurbağa! Niyə qur-qur edib durursan?  Üstün su, altın palçıqdır! Sən nə suyu bulandıra bilər nə də içənə mane ola bilərsən! Yarasa  sənə ölüm xəbərini gətirənə qədər gözlə”. (Tabaqat, IV, 551; Təbəri, III, 162)

      Allah Rəsulu (s.ə.s) axirətə köçdükdən sonra Əbu Bəkrin (r.a) xəlifəliyi dövründə Xalid ibn Vəlidin (r.a) başçılığında Müseyləmənin üstünə bir ordu göndərildi. Vəhşi ibn Hərb (r.a) Hz. Həmzəni (r.a) şəhid etdiyi nizəsi ilə Müseyləməni öldürdü və müsəlmanlar bu fitnədən də xilas oldular.

      Çox təəssüf ki, bu gün də nəbi, peyğəmbər olduğunu iddia edən bəzi saxtakarlara rast gəlmək mümkündür. Ancaq belə saxtakarlar heç bir zaman bu ümmətin imanında səmimi olan fərdlərini aldada bilməzlər. Çünki bu ümmətin iman etdiyi kitab olan Qurani-Kərim Peyğəmbərimizin (s.ə.s) ən son elçi olduğunu açıq və qəti bir şəkildə xəbər verməkdədir: “Muhamməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir”. (əl-Əhzab, 40)

      Peyğəmbərlik iddiasında olanların hamısının ortaq qədəri rəzil və rüsvay bir halda ölmək və ya qətlə yetirilmək və insanların gözündən düşmək olmuşdur. Hətta bu gün həmin insanların qəbirlərinin harada olduğu da məlum deyil. Uca Allahın Rəsulu Hz. Muhamməd (s.ə.s) və digər haqq peyğəmbərlər isə min illərdir möminlərin qəlbində və dilindədir. Hər birinə Allahın salamı olsun! 

      • Hits: 61 clicks

      Tecox component by www.teglo.info