Dr. Ələddin SULTANOV - BİR AYƏ

      Share

      بسم الله الرحمن الرحيم

      وَاِنْ كُنْتُمْ فِى رَيْبٍ مِمَّا نَزَّلْنَا عَلٰى عَبْدِنَا فَأْتُوا بِسُورَةٍ مِنْ مِثْلِهِ وَادْعُوا شُهَدَاءَكُمْ مِنْ دُونِ اللهِ اِنْ كُنْتُمْ صَادِقِينَ

      “Əgər bəndəmizə (Muhammədə) nazil etdiklərimiz barədə şübhəniz varsa, siz də onun kimi bir surə gətirin! (İddianızda) haqlısınızsa, onda Allahdan başqa bütün şahidlərinizi də çağırın!”. (əl-Bəqərə, 2/23)

      Qurani-Kərim Həzrət Peyğəmbərin (s.ə.s) ən böyük möcüzəsi hesab edilir. İlahi kəlamın möcüzəviliyi Quranın bir çox ayəsində vurğulanır. Yuxarıdakı ayədə heç kimin Qurani-Kərimə bənzər və tay ola biləcək bir şey ortaya qoya bilməyəcəyi ifadə edilir və bir növ onu inkar edənlərə meydan oxunur. Quranın bu xüsusiyyətinə “Ecazul-Quran” deyilir. Dilimizdəki “möcüzə” və “ecazkarlıq” da “ecaz” kəlməsindən törəmişdir. Kəlmənin hərfi mənası “başqalarını aciz qoymaq” deməkdir. Qurani-Kərim də özünə tay bir kitab olmadığı üçün bu cəhətdən insanları və cinləri aciz qoyan bir möcüzədir. Bu zaman belə bir sual ortaya çıxır ki, Quranın möcüzəviliyi hansı cəhətdəndir? Qurani-Kərimin möcüzə bir kitab olması İslam alimləri tərəfindən bir neçə yönü ilə izah edilmişdir:

      1. Söz sənəti: Qurandakı kəlmələrin düzülüşü, qrammatikası və ədəbi sənətkarlıqla ərəb dilinin geniş imkanlarından son dərəcə məharətlə istifadə edilməsi.
      2. Üslub: Qurani-Kərimin nazil olduğu dövrdə ərəblərdə şifahi ədəbiyyatın iki növü mövcud idi: nəsr və şeir. Nəsrə nümunə kimi kahinlərin söylədiyi qafiyəli sözləri göstərmək olar. Şeirə gəldikdə isə ərəblər hətta şeir müsabiqələri keçirir və ən gözəl yeddi şeiri Kəbənin divarına asırdılar ki, bunlara “müəlləqətüs-səbə” deyilirdi. Quran öz bəlağətli üslubu ilə həm nəsrə, həm də şeirə meydan oxuyur. Qurandakı axıcı üslub, təsirli ifadələr və məna dərinliyi ərəb şairlərini və kahinləri aciz qoymuşdur.
      3. Ehtiva etdiyi mövzular: Quran həm keçmişdən, həm də gələcəkdən xəbər vermiş, cəmiyyətin ehtiyacına uyğun qanunlar gətirmişdir. Oxuyub yaza bilməyən bir insanın belə bir kitab ortaya qoyması imkansızdır.
      4. Müsbət elm: Qurani-Kərimdə bir çox elmi həqiqətə yer verilməsi IX əsrdən bəri təfsirçilər tərəfindən dilə gətirilən, XX əsrdə isə daha aydın gün üzünə çıxan bir mövzudur. Quranda yerin kürə şəklində olması, kainatın genişləməsi, insanın ana bətnində keçirdiyi mərhələlər və s. mövzularda nazil olduğu dövrün insanlarına məlum olmayan bir çox elmi həqiqətə işarə olunur. Ancaq bu işarələr elm inkişaf etdikdən sonra insanlara məlum olur və hətta bir çox insan bu səbəbdən İslamı qəbul edir.

      Nəticə etibarilə ayədə axirət gününə qədər bütün bu xüsusiyyətləri ilə Qurana bənzər bir kitabın, hətta bir surənin belə insanlar tərəfindən uydurula bilməyəcəyi xəbər verilir.

      • Hits: 55 clicks

      Tecox component by www.teglo.info