Ali ÇINAR - ZİBİLLİYƏ DÖNƏN QƏLBLƏR

      Share

      Bu yaxınlarda “İstifçilər”[1] adı ilə yayınlanan bir sənədli film izlədim. Lazımlı-lazımsız əşyaları alan, durmadan alış-veriş edən, yığıcılığa adət edən insanlardan söhbət gedirdi. Girdikləri mağazada alacaqları əşyanın uzun müddət lazım olacağını düşünərək durmadan alış-veriş edirlər. Evdə addım atacaq yer qalmasa da almağa, yığmağa davam edirlər. Hətta üst-üstə yığılan əşyaların bir müddət sonra nə üçün və nə zaman alındığını da unudurlar. Unutduqları arasında kolleksionerlərin axtardığı nadir əşyalara da rəst gəlmək mümkündür. Hətta kitablarının arasından işlədikləri yerdən onlara verilən hədiyyə çekləri də tapmaq olar. Unudulduğu üçün artıq heç bir dəyəri olmayan kağız parçaları və s...

      Əlinə keçəni yığmaq azarı zaman keçdikcə o insanlarda yığdıqlarını özlərinin bir parçası kimi görmə hissi yaradır. Təbii ki, bu hal ətrafdakıları, qonum-qonşunu və ailə üzvlərini narahat edir. Gələn pis qoxular və naxoş mənzərə insanları bezdirsə də, şikayətlərə səbəb olsa da yığıcı halından məmnundur. Bu səbəblə əri tərəfindən atılan qadınlar, arvadı tərəfindən  tərk edilmiş kişilər, uşaqları tərəfindən yalnızlığa məhkum edilənlər, daha kimlər, kimlər...

      Belə evləri təmizləmək və gərəksiz əşyaları yığışdırmaq üçün xüsusi qruplar mövcuddur. Gəldikləri zaman ilk işləri “istifçi”ni razı salmaq olur. Xeyli dil töküb yola gətirməyə çalışırlar. Razılaşdıqları təqdirdə başqa bir müsibət başlayır. Əşyaları evdən çıxararkən ev sahibinin keçirdiyi hisslər və tərifedilməz təlaşla qarşılaşırlar. Elə bil əlini-qolunu kəsib ayırırlar, böyrəyini, ciyərini, dalağını çıxardırlar. Əşyaların ən azından bəzisini qurtarmaq üçün oturub zar-zar ağlayırlar...

      Maraqlı burasındadır ki, ev təmizləndikdən sonra əksəriyyəti yeni vəziyyətdən məmnun qalır, əvvəlki halını arzulayanlar nadir olur. Əlqərəz, izlədiklərimin məndə meydana gətirdiyi ilk təəssüratla sözə belə davam etmək istərdim:

      Zibilliyə dönən evlərdə yaşamaq kimi bir həyat tərzinə sahib olan insanlarla elm və söz sahibi olduğu halda bildiklərini, yaxud da söylədiklərini yaşamayan insanlar arasında acı bir bənzərlik var. 

      Əslində əmələ keçməyən bütün elmi biliklər insanın nə vaxtsa lazım olacağını düşünərək evə yığdığı əşyadan fərqsizdir. Sizin olansa əmələ keçirə bildiklərinizdir, geridə qalanlar bir gün gərək olar düşüncəsi ilə yığdığınız zibildən fərqsizdir.

      Bildikləri ilə əməl etmək insanın kifayət edəcək qədər əşya ilə yaşamağa alışmasına bənzəyir. Yaxud da öyrəndiyi hər şeyi həyata keçirə bilən insan istifadə edəcəyi qədər əşyaya sahib olan adam kimidir.

      Ona görə də az bilən, lakin bildiyini həyata tətbiq edən adamın halı çox şey bildiyi halda əməl etməyənlə müqayisədə daha təqdirəlayiqdir.

      Qurani-Kərimdə əməl olunmayan elmin sahibi üçün nə məna ifadə etdiyi belə bildirilir:

      Özlərinə Tövrat yüklənən, sonra da onu daşımayanlar (ona əməl etməyənlər) çoxlu kitab daşıyan uzunqulağa bənzəyirlər. Allahın ayələrini yalanlayanların məsəli necə də pisdir! Allah zalımları doğru yola yönəltməz”. (əl-Cümuə, 5)

      Uzunqulağa yüklədiyiniz əsərlər dünyanın ən nadir elmi əsərləri olsa, bu, uzunqulaq üçün nə ifadə edər? Əllbəttə ki, heç nə. Uzunqulaq uzunqulaqdır, kitabsa kitab... Yəni eşşək belində daşıdığı kitabların qiymətindən xəbərsizdir, onun dərdi daşıdığı yükdür sadəcə.

      İkinci təəssüratımsa belədir:

      Sənədli filmin “qəhrəmanları”nın əllərinə keçəni evə doldurduqlarını qeyd etmişdik. Yararlı-yararsız əşyaları evə dolduranların halı əslində bir çoxumuzun qəlbi ilə bənzərlik ifadə edir. Qəlbimiz Allah və Rəsulunun məhəbbətindən savayı, ağzına qədər gərəksiz sevgilərlə doludur. Bir növ fani sevdaların işğalı altındadır. Halbuki işğal edilən yerin sahibi var. Zatən işğal dedikdə bir yerin haqsız yerə ələ keçirildiyini ifadə edirik, deməli, əsl sahibi başqadır.

      Qəlb Allah-Təalanın insan vücudundakı nəzərgahıdır. Ona görə çox mühümdür.

      Məhz Allah Rəsulunun:

      “Diqqət edin, vücudda elə bir ət parçası var ki, o doğru olarsa, bütün bədən doğru olar, o pozularsa, bütün vücud pozular. Diqqət edin, o, qəlbdir!”, - deyə buyurduğu yerdən bəhs edirik. (Buxari, İman 39) Təəssüf ki, Allahın nəzər etdiyi yeri Onun xoşuna gəlməyən hər şeylə doldurmuşuq.

      Belə düşünək ki, çox sevdiyiniz bir nəfər bir evi lazımi qaydada təchiz edərək sizə əmanət verib. Günlərin birində anidən gəlib görür ki, gözəl, tam təchizatla sizə verdiyi evi viran qoymusunuz. Üstəlik sizə, bir ailə üçün verdiyi evə bir neçə ailə yerləşdirmisiniz.

      Allah-Təala Əhzab surəsinin 4-cü ayəsində belə buyurur:

      “Allah bir insanın sinəsində iki qəlb yaratmayıb...”

      Bəli, insan vücudunda bir qəlb var və onun da sahibi var. Haqq-Təala hər şeyimizi bilir, heç nəyi Ondan gizlətmək ehtimalımız yoxdur. Bu qəlbin sahibi ora nəzər saldıqda, orada Özündən başqa varlıqların olduğunu görsə, necə olar? Zibilqabı kimi bütün lazımsız şeyləri ora doldurmuşuqsa, halımız necə olar? Əlbəttə ki, Haqqın təcəllisi üçün oranın boşaldılması lazımdır. Əvvəlcə işğalçılardan təmizlənməlidir ki, evin sahibi ora nəzər salsın. Təsəvvüfdə bunun adı qəlb təsfiyəsi adlanır. 

      Şəmsəddin Sivasi həzrətləri necə də gözəl deyir:

      “Sür çıxar əğyarı dildən ta təcəlli edə Haqq

      Padişah girməz saraya xanə məmur olmadan”.

      İstənməyən və bəyənilməyən nə varsa, hamısını könüldən atmaq lazımdır. Mal sevgisi, vəzifə ehtirası, övlad məhəbbəti, nəfs adına qəlbə bulaşan nə varsa, hamısını təmizləmək lazımdır...

      Amma insanın təkbaşına bunun öhdəsindən gəlməsi həqiqətən çox çətindir. Eynilə zibilliyə dönən evdə yaşayanları dilə tutub razı salaraq təmizlik edənlər kimi bu məsələdə də yol göstərən bir bələdçiyə, insanı yola gətirəcək təmiz birinə ehtiyac var... Əlbəttə ki, yol göstərənlərin öndəri peyğəmbərlər, sonra da onların izini təqib edərək dəyər qazanan saleh və kamil mürşidlərdir.

      Peyğəmbərlər tövhid mücadiləsinin öndərləridir. O tövhid mücadiləsi ki, əvvəlcə qəlbdə qazanılır. Qəlbindəki bütləri qırmayan bir insan zahirdəki bütləri necə qıra bilər axı?! Qəlbimizdəki bütləri qırmadan İbrahim ola bilmərik. Onları qırmadıqca da atəş bizi yandırar.

      Qəlbdəki bütləri qırmaq çox çətindir. Məsələn, özünü bəyənmə bütünü, təkəbbür bütünü qırmaq asandırmı? İlk mütəsəvviflərdən olan Əbu Haşim əs-Sufi: “Qəlbə yerləşən təkəbbürü oradan qazımaq dağları iynə ilə qazımaqdan daha ağırdır”, - buyurur.

      Qurani-Kərimdə “nəfslərinə zülm edənlər” deyə bəhs edilənlər günaha düşən, Allahın əmrlərinə qarşı gələn insanlardır. Necə də diqqəti cəlb edən bir ifadədir. Öz nəfsində ədaləti təsis edə bilməyən zalım başqasına qarşı necə ədalətli ola bilər? Halbuki ədalətin təsis olunması zülmün aradan qaldırılması ilə mümkündür.

      Ona görə də nəfs təzkiyəsi və qəlb təsfiyəsi peyğəmbərlərin vəzifələri arasındadır. Hər mömin bu təzkiyə və təsfiyədən keçmək məcburiyyətindədir. Uzun sözün qısası, zibilliyə dönən evlərdən qurtulmaq məcburiyyətindəyik. Əlbəttə ki, hər işdə olduğu kimi burada da Rəbbimizin yardımını ümid edərək.

      Şəhr bin Havşəb deyir ki, heyət olaraq Ümmü Sələmə anamızın yanına gedib soruşduq:

      “Ey möminlərin anası, Allah Rəsulu sənin yanında olarkən ən çox hansı duanı edərdi?”. Ümmü Sələmə anamız onun ən çox etdiyi duanın bu olduğunu dedi:

      “Ey qəlbləri haldan-hala salan Rəbbim, qəlbimi dinin üzrə sabit qıl!”.

      Mən ondan nə üçün bu duanı tez-tez etdiyini soruşduqda belə buyurdu:

      “Elə bir adam yoxdur ki, qəlbi Allahın barmaqları arasında olmasın. O, istədiyinin qəlbini düzəldər, doğru yola gətirər, dilədiyinin də qəlbini yoldan çıxardar”.

      Hədisin ilk ravisi Muaz (r.a) bunları nəql etdikdən sonra bu ayəni oxuyur: “Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə əyrilik salma və bizə, Öz tərəfindən bir mərhəmət bəxş et! Sən, həqiqətən, (mərhəmət) bəxş edənsən!” (Ali-İmran, 8 / Tirmizi, Dəavat, 89)

      Qəlblərin zibilliyə döndüyü dünyada bu duaya çox ehtiyacımız var:

      “Ey qəlbləri haldan-hala salan Rəbbim, qəlbimi dinin üzrə sabit qıl!”.

      Amin!

       


      [1] Yığıcılar

       

      • Hits: 59 clicks

      Tecox component by www.teglo.info