Əziz SULTAN - QƏLBİN GÜZGÜSÜ

      Share

      Saray boyda böyük bir imarətin qapısına kiçik bir yazı asılmışdı: “Təmizlikçi axtarılır”. Küçədən keçənlər bir-bir gəlib qapıya yaxınlaşır, gözlərini qıyıb asılan yazını oxumağa çalışır, yazı-pozu bilməyənlər də onlardan əvvəl gəlib oxuyanlardan nə yazıldığını soruşurdular. Sonra isə qəfəsi xatırladan dəmir barmaqlıq qapısından imarətin böyüklüyünə baxır, bir də orada yaşayan rəhmsiz dul xanımı fikirləşir, başlarını bulayıb yollarına davam edirdilər.

      Günortaya doğru qapıya 35-40 yaşlarında bir qadın yaxınlaşdı. Çiyninə saldığı göy haşiyəli ağ kələğayısını sinəsində düyünləmiş, görünür səhərdən xeyli yol qət edib yorulmuşdu. Uzun müddət qapının ağzında dayanıb fikirləşdi, ölçüb-biçdi. Çox tərəddüd edirdi, lakin çarəsizlik onun qapıdan uzaqlaşmaq üçün addım atmasına mane oldu. Nəhayət, iradəsini toplayıb qapının toxmağını tərpətdi.

      Ağacların dibini təmizləyən yaşlı bağban əlindəki beli yerə sancdı, yeyin addımlarla gəlib qapını açdı. Qapının açıldığını görən kimi orada dayanan başqa bir qadın da ürəklənərək özünü içəri atdı. O da təxminən eyni yaşlarda olardı, bəlkə də, ondan da cavan. Qıvrım saçını başının üst tərəfinə yığmış, boynunu örtməsi üçün çiyninə saldığı yaşıl rəngli, üstü gül-çiçəkli yaylığın uclarını boş buraxmış bu qadının sürətli addımları və o yeridikcə havada yellənən yaylığının ucları onu inadkar və əzmkar göstərirdi.

      İkisi də içəri keçdikdən sonra bağban ehmalca qapını örtdü. Bəlli olurdu ki, ev sahibəsi səs-küyə qarşı çox həssasdır.

      Bağban imarətin ön tərəfindəki iyirmi pilləli giriş pilləkəninə qadınların önündə çıxdı. Onlardan əvvəl irəli keçib ehmalca qapını açdı və iş üçün müraciət edən qadınları içəri buyur etdi. Bura olduqca geniş, divarları müxtəlif ölçülərdə füsunkar şəkillərlə bəzədilmiş, ortasından yarımkürə şəklində nəhəng şamdanlı çilçıraq asılmış zal idi. Zalın sağında və solunda xeyli şüşə qablar, xrustal vazalar və müxtəlif ölçülərdə güzgülər var idi.

      - Burada gözləyin! – deyərək bağban salonun iki yaxasından yuxarı qıvrılaraq qalxan pilləkənlərdən birini sürətlə çıxaraq gözdən itdi. Çox keçmədən aşağı qayıtdı.

      - Bu güzgüləri görürsünüzmü, - deyərək bağban qadınlara sağda və solda yerləşən iki bədənnüma güzgünü göstərdi. – Biriniz bu tərəfdəki, digəriniz də o tərəfdəki güzgünü tərtəmiz təmizləyəcəksiniz. Bir azdan xanım özü gəlib işinizə qiymət biçəcək. Diqqətli olun, xanımım çox həssasdır. Ən xırda bir ləkə sizi işinizdən məhrum edə bilər.

      Qadınların ağızlarını açıb nəsə demələrinə imkan verməyən bağban əlavə etdi:

      - Təmizlik vasitələrini götürmək üçün arxamca gəlin.

      Çox keçmədən qadınların hər biri əlində su dolu qab və əsgi parçası ilə zala qayıtdı. Başına göy haşiyəli ağ kələğayı örtmüş qadın sağdakı güzgüyə yaxınlaşdı. Əvvəlcə güzgüyə baxıb gülümsədi. Sanki çoxdandır görmədiyi əzizini tapmış kimi məhəbbətlə ona baxdı, nəvazişlə üstünə əl gəzdirdi. Yavaş-yavaş təmizləməyə başladı. Dodaqları tərpənirdi, sanki işlədikcə nəsə zümzümə edirdi.

      Çiyninə yaşıl yaylıq salmış olan digər qadın isə əldən daha iti idi. Əlindəki su qabını yerə elə sərt qoydu ki, içindəki suyun bir neçə damcısı sıçrayıb yerə düşdü. Lakin o, buna əhəmiyyət vermədən cəld hərəkətlərlə təmizləməyə başladı. Kənardan baxan elə bilərdi ki, qadın güzgü ilə güləşir. Əlindəki əsgi parçası gah güzgünün bu küncündə, gah da digərində görünürdü. Neçə aydır təmizlik üzünə həsrət qalmış güzgünün yapışqan ləkələri onu getdikcə hövsələdən çıxardırdı. Əsgi güzgünün üzündə sürətlə yer dəyişdikcə sanki güzgü dillənir, cır-cır səslər çıxardırdı.

      Bir müddət sonra salonda ahəngli taqqıltı səsləri əks-səda verməyə başladı. Xanım yavaş-yavaş pilləkənləri enirdi. İşini digərindən tez bitirərək xanımın gözünə girmək istəyən yaşıl yaylıqlı qadın cəld bir hərəkətlə su qabına cumaraq yenə eyi qıvraqlıqla güzgünün qarşısına qayıtdı. Tən ortada dayanan bir ləkəni dərhal aradan götürmək üçün var gücü ilə güzgünü sıxdı. Elə bu anda xəfif bir çıtırtı eşidildi. Güzgünün ortasından kənarlarına doğru yayılan çoxlu çatlaqlar əmələ gəldi. Nə edəcəyini bilməyən qadın çarəsiz halda yerində donub qaldı.

      Pilləkənlərin ortasına çatan imarətin sahibəsi ayaq saxladı. Olduğu yerdən göz süzüb güzgülərə nəzər saldı.

      Soldakı güzgüdə ehtiras və səbirsizliyin kəsib tökdüyü bir qəlbin əksini – yaşıl yaylıq örtmüş qadının pərişan halda parça-parça yayılan surətini gördü; sağdakı güzgüdə isə səbir və təmkinlə hərəkət edən, öz işinə sevgi ilə sarılan bir qəlbin tər-təmiz əksini - göy haşiyəli ağ kələğayı örtmüş qadının sevinc dolu parlaq surətini.

      • Hits: 53 clicks

      Tecox component by www.teglo.info