Adem ŞAHİN - XALI YUMAQ

      Share

      Avqustun istisində xalıları yuyub qışa tərtəmiz xalılarla girmək istəyirdik. İki seçimim var idi: ya özüm yuyacaq, ya da xalı təmizləmə firmasına zəng edəcəkdim. Firma işçiləri gəlib evdən götürür və təmizləyib qaytarırlar. Lakin bir çox səbəbdən firma işinə soyuq yanaşdım. Əvvəla, xalı yudurmuş olan dost-tanışlarımın bu xidmətdən razı qalmadığını eşitmişdim. Növbəti və ən mühüm səbəb isə koronavirus ucbatından firma ilə təmasdan çəkinmək oldu; bizdən əvvəl üstünə ayaqqabı ilə basılan, içki məclisində istifadə edilən və ya yoluxucu xəstəliyi olan insanların yatdığı bir çox xalı bizimkindən əvvəl orada yuyulub. Başqa bir səbəb isə ömrümdə heç yudurmağa xalı verməmiş olmağım idi.

      Nəticə olaraq iş üstümüzdə qaldı. Bir bazar səhəri havanın parçalı-buludlu olduğunu görəndə “əsl xalı yumalı havadır” deyərək xalıları bağçaya çıxartdıq və yumağa başladıq. İş davam edərkən ağlıma İmam Qəzzali və Musa Topbaş həzrətlərinin sözləri gəldi.   

      İmam Qəzzali həzrətləri “Ehya” kitabının Elm babında belə bir tövsiyəyə yer verir: “Elm yolundakı kəs paltarlarını özü yumamalı, bununla vaxt itirməməlidir. Ödənişlə paltar yuyanları tapmalı, onlara yudurtmalıdır. Beləliklə, vaxtını daha səmərəli işlərə sərf edər. Həm də paltar yuyan kəsin boş qalaraq vaxtını qeybətlə keçirməsinə mane olar. Paltar yuyan şəxsin qəlbində isə çörək pulu qazanmasına səbəb olan elm tələbəsinə qarşı sevgi və hörmət meydana gələr. Bu, onun axirəti üçün daha yaxşıdır...”.

      İmam Qəzzali bunu min il əvvəl yazmışdı. Xoca olaraq xalı yuma firmasına zəng eləsəydim, onların maşını Quran kursunun həyətindəki evimə gəlsəydi, o işçilər ayrı bir ruh halına bürünərdilər; mən də bu qədər əziyyət çəkməzdim. Xalı yumaq yerinə təfsir, hədis oxusam, onlayn dərslərə girsəm daha yaxşı olardı. Xalı yuma firmasından məni yayındıran əsas səbəb koronavirus oldu.

      Xalı yuma işi bitdiyi zaman qurusun deyə bağçadakı oturacaqların üstünə sərdim. Bu gün – sabah deyə-deyə ertələməkdə olduğum işi, nəhayət, yerinə yetirmişdim. Həqiqətən,bir işi ertələmək nə qədər ağırlıq verirsə, işi bitirmək də insanı bir o qədər yüngülləşdirir.

      İnsan sevmədiyi işi ya tez başından eləmək üçün ən başa alır, ya da ən uzağa ataraq gecikdirir. Bunun ortası yoxdur. Namazlar da belə deyilmi? Namazı ilk vaxtında qılan insanların bəziləri “namazı tez qılım, aradan çıxsın, qalıb ağırlıq etməsin” deyərək qılar. Bəziləri də son vaxta kimi gecikdirər.

      Musa əfəndi haqqında belə bir hadisə eşitmişdim: Bir dostunun xanımı ərindən lüstr istəyir, o da həmişə bu istəyini cavabsız qoyur. Bir gün dözə bilmir və məsələni Musa Topbaş həzrətlərinə açır, məsləhət istəyir. Musa əfəndi belə deyir: “Lüstrü al getsin; xanımının könlündə asılı qalacağına tavanda asılı qalsın”.  İş də lüstr kimidir.  Gecikdirib ertələmək lüstrü könlümüzdə daşımaqdır. 

      İnsanın könlündə yaranan ağırlığın səbəbi Allahdan qeyrisini qəlbdə daşımaqdır. İşi gecikdirməmək, bir an əvvəl həll etmək isə yüngüllük və rahatlıq səbəbidir. Hədisi-şərifdə: “Sonra edərəm deyənlər (ertələyənlər) həlak oldu”, - buyurulur. (Müsnəd, I/139)

      Xalı yumağa kömək edərkən yaşanan bir hadisəni də danışmadan keçə bilməyəcəyəm. Altı yaşındakı oğlum borunu əlinə götürüb suyu havaya sıxır, su çətir kimi yayılaraq yerə tökülür, özü də bu mənzərədən həzz alaraq gülürdü. Suyu gah xalının kənarındakı çiçəklərə səpir, gah ayaqlarını yuyur, bir yandan kömək edərkən bir yandan da öz dünyasında əyləncəli oyun oynayırdı. İşi bir an əvvəl bitirmək təlaşı və yorğunluqla: “Oğlum, oynama, işinə bax!” dedim. Guya onu işinə ciddi yanaşmağa sövq edirdim. Hərçənd, bunun çox da təsirli olmayacağını bilirdim. Xalını fırçalayarkən mənə belə demişdi: “Atam həm oyun oyna, həm də iş gör desəydi, nə yaxşı olardı!..”

      Biz böyüklər niyə içinə oyun qarışan işlərdən xoşlanmırıq? Uşaqlar niyə yeməkdən içməyə, geyinməkdən gəzməyə qədər hər işə oyun qarışdırırlar? Böyümək ciddiləşmək və oyundan uzaqlaşmaqdır?

      Afrikada inşaat işində işləyən bir usta danışmışdı: “Afrikalılar çox sevincli, gülərüz insanlardır. İnşaatda işləyərkən də mahnı oxuya-oxuya, rəqs edə-edə qum daşıyırlar. İşi tez bitirmək və vaxtında çatdırmaq kimi mövzularda stressə girmirlər. Çox rahat hərəkət edirlər, çox!..”

      Öz-özümə sual verdim: “Depressiyadan depressiyaya girən, bazar ertəsi sindromundan peşə bezginliyinə, streslə bağlı xəstəliklərdən karyera planlamasına qədər bitməyən problemlərlə həyatı puç edən Qərb dünyası daha təbii həyat yaşayır, yoxsa Afrika?”

      Uşaq kimi hərəkət edən, uşaq kimi əylənən və uşaq kimi saf qalıb kirlənməyən kəs dünyada da, axirətdə də qazanclı çıxar. Həzrət İsa (ə.s): “Uşaqlar qədər saf olmadıqca cənnətə girə bilməzsiniz”, - buyurur. Böyüdükcə nə saflıq qalır, nə də əyləncə. Bir uşaq gün boyu təxminən 500 dəfə gülümsəyirmiş. “Təbəssüm sünnədir”, deyirik. Gülmək bir yana, gündə neçə dəfə təbəssüm edə bilirik? Niyə uşaqlardan geri qalırıq?

      • Hits: 60 clicks

      Tecox component by www.teglo.info