Şahalı CƏLİLOV - TƏMİZLİYİN HƏYATIMIZDAKI ROLU

      Share

      Təmizlik kəlməsi hər bir insanda xoş və gözəl təəssürat yaradır. Təmizlik sözü bədənə aid edildikdə çirkdən təmizlənməyi və paklığı ifadə edir. Bu bir daha sübut edir ki, təmizlik fitri prinsiplərin önündə duran ən vacib amildir. Ölən həmcinsini basdıran heyvanlardan, gözü təmizləyən qapaqlardan, yeri süpürən küləkdən, tozu yatıran yağışdan təmizlik dərsi almamaq qeyri-mümkündür. İnsan da yaradılış etibarı ilə pak və təmizdir.

       Müqəddəs dinimiz İslama görə təmizlik insanın təməl prinsiplərindən biridir. İbadətə hazırlaşan insan xüsusi təmizlik mərhələlərindən keçdikdən sonra yönünü qibləyə çevirərək namaza niyyət edir.

       Peyğəmbərimizin (s.ə.s)  həyatına nəzər saldıqda təmizliyin nə dərəcədə önəmli və vacib amillərdən biri olduğunu görməkdəyik. Rəsulullahın həyatında təmizlik həm gözəllik, həm ibadət, həm də sağlamlıq üçün önəmli amil kimi dəyərləndirilir. Onun buyurduqlarında gigiyena ilə bağlı yer alan tövsiyələr bu gün tibb elmini heyrətə salır.

      Müqəddəs dinimizə görə təmizlənmək iki cür olur: Hədəsdən təmizlənmək və nəcasətdən təmizlənmək. Hədəsdən təmizlənmək bütün mənəvi çirkabdan təmizlənmək mənasında işlənir. İnsan ibadətə hazırlaşanda düşüncəsindəki bütün çirkinlikləri təmizləməlidir. Nəcasətdən təmizlənmək isə insanın üst-başının, əzalarının təmiz hala gətirilməsidir. İslamın məqsədi insanı həm mənən, yəni içdən, həm də fiziki baxımdan, yəni çöldən təmiz hala gətirməkdir.

      Təmizliyin imandan gəldiyini söyləyən bir Peyğəmbərin ümmətiyik. Bəşəriyyətin hələ təmizliyin nə olduğunu tam olaraq bilmədiyi bir dövrdə İslamın maddi və mənəvi təmizliyi əsas götürən inanc sistemi bəşəriyyətin əsrlərdən bəri çatmağa çalışdığı təmizlik üfüqlərinə işıq salmış və salmaqdadır.

      Rəsulullah (s.ə.s) buyurur ki, dəstəmaz alarkən gözlərinizə su içirin. Bu, o deməkdir ki, göz çuxurlarına su verin, onları yaxşı-yaxşı ovuşdurun. Bu gün bir çox göz xəstəliklərinin məhz göz çuxurlarının təmizlənməməsi səbəbilə əmələ gəldiyi məlumdur. Göz masajı, yəni göz çuxurlarının yüngülcə ovuşdurulması görmə qabiliyyətinin yaxşılaşdırılması üçün ən səmərəli masaj hesab olunur. Dünya Səhiyyə Təşkilatı gün ərzində ən azı bir dəfə göz qapaqlarını və çuxurlarını yaxşıca yumağı tövsiyə edir. Peyğəmbərimiz (s.ə.s) dırnaqların kəsilməsinə, əlləri yuyarkən barmaq aralarının təmizliyinə xüsusi diqqət çəkmişdir. Qeyd olunan yerlər daha çox mikrobların yığıldığı yerlərdir.

      Tarixə nəzər saldıqda bir çox coğrafi kəşflərin və Şərqin mədəniyyət incilərinin Qərb dünyası tərəfindən mənimsənildiyinin, daha sonra özününkü kimi dünyaya çatdırılmaq istəndiyinin şahidi oluruq. Hələ yaxın keçmişdə Qərbdə kral və zadəganların imarətlərində bir hamam otağı belə yox idi. Bəzi mənbələrə əsaslanaraq, bir çox xalqların nümayəndələrinin çaylar daşandan daşana çimdiklərini öyrənməkdəyik. Məhz Şərq mədəniyyətinin həmin bölgələrdə yayılması nəticəsində onlar çimmək adətini mənimsəmişdi.

      Orta əsrlərin Qərb dünyasına baxdığımız zaman onların daha çox tünd rəngli paltar geyindiyini görməkdəyik. Bunun səbəbi isə rəngli paltarların üzərində çirk olduğu zaman çirkin görünməməsi idi. Rəsulullah ( s.ə.s) isə ətrafında olan hər kəsə mümkün olduğu qədər ağ rəngli geyimlərdən istifadə etməyi tövsiyə edərdi. Çünki ağ rəng təmizliyin, gözəlliyin rəmzidir və kiri gizlətmir. Ağ paltar geyinən adam istər-istəməz onu təmiz saxlamağa məcbur olur.

       Son bir neçə ayda bütün dünyanı əlinə alan virus səbəbilə hər kəs təmizliyin nə qədər önəmli bir amil olduğunu dərk etdi. Hər gün, demək olar ki, hər bir qapalı məkana, ictimai nəqliyyat vasitələrinə və s. daxil olarkən  təmizliklə bağlı verilən tövsiyələri eşitməkdəyik. İndi hər kəs bu xəstəlikdən qorunmaq üçün sadə təmizlik qaydalarına riaət etmək məcburiyyətindədir. İslamın maddi təmizliyi əsas götürən inanc sitemi bu gün bir daha öz təsdiqini tapmış oldu.

      Təmizlik amili insanın sağlamlığının ayrılmaz bir hissəsidir. Təsadüfü deyil ki, müasir müalicə üsulları arasında hidroterapiya (su ilə müalicə ) böyük əhəmiyyət kəsb etməkdədir. Onu da qeyd etmək lazmıdır ki, bu müalicə üsulunun tərkibinə dəstəmaz da daxil edilmişdir. Elmi tədqiqatlar sübut edir ki, gündəlik dəstəmaz insanın əsəb sisteminə müsbət təsir göstərir. Zəlzələlər və digər təbii fəlakətlər zamanı məlum olub ki, məhz dəstəmaz alan insanlar stress və digər əsəb sarsıntılarından qoruna bilmişlər. Rəsulullah (s.ə.s) bir hədisi-şərifində bizi gücümüzün yetdiyi qədər təmizliyə dəvət edir. Allah İslam dinini təmizlik üzərində qurdu. Unutmayaq ki, cənnətə də yalnız maddi və mənəvi mənada təmiz olanlar daxil olacaqlar.

      • Hits: 50 clicks

      Tecox component by www.teglo.info