Dr. Anar Qurbanov - SUAL-CAVAB

      Share

      Sual: İslamın spirtli içkilərə qarşı münasibətini, qadağan edilmə mərhələlərini ətraflı izah edə bilərsinizmi?

      Cavab: Spirtli içkilər insanın həm fiziki, həm də ruhi cəhətdən sağlamlığına zərər vurduğu üçün bütün ilahi dinlərdə qadağan olunmuşdur. İslamdan əvvəl və İslamın Məkkə dövründə cahiliyyə ərəbləri içki içir və bunu həyatlarının bir hissəsi kimi qəbul edirdilər. 

      Qeyd edək ki, ilkin mərhələdə Məkkədə nazil olan bir ayədə xurma və üzümdən əldə olunan içkidən bəhs olunmuş, lakin bu mövzuda qadağa qoyulmamışdı (bax. ən-Nəhl, 16/67). Mədinədə içki nəticəsində ortaya çıxan zərərləri görən Həzrət Ömərin müraciəti və Həzrət Peyğəmbərin (s.ə.s) duası ilə nazil olan bir ayədə içkidə həm böyük günah, həm də müəyyən fayda olduğu, lakin günahının faydasından daha çox olduğu bildirildi (bax. əl-Bəqərə, 2/219). Bundan sonra Əbdürrəhman ibn Əvfin verdiyi bir qonaqlıqda içilən içki ucbatından axşam namazını qıldıran imamın xətalı oxuması nəticəsində nazil olan bir ayədə də, sərxoş ikən nə dediyini bilənə qədər namaza yaxınlaşmaq qadağan edildi (bax. ən-Nisa, 4/43). Görüldüyü kimi yuxarıdakı ayələrdə hələlik qəti qadağa qoyulmamışdı. Ancaq artıq bu mövzuda İslamın qətiyyət bildirən bir hökm ortaya qoyacağı açıq-aydın nəzərə çarpırdı.

      Bundan sonra Ütbə ibn Malikin (r.ə) etdiyi bir toy məclisində yenə içki içilmiş və sərxoşluq səbəbilə çıxan dava-dalaşda Səd ibn Vəqqas (r.ə) yaralanmışdı. Sədin (r.ə) vəziyyəti Rəsulullaha (s.ə.s) bildirildi və sonra da içki mövzusunda İslamın axırıncı hökmünü bildirən bu ayə nazil oldu: “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, şeytan içki və qumarla aranıza ədavət və kin salmaq və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?” (əl-Maidə, 5/90-91).

      Həzrət Peyğəmbər (s.ə.s) də müxtəlif hədisi-şəriflərində bütün növ sərxoşedici içkilərin azını da, çoxunu da qətiyyətlə qadağan etmişdir. Vurğulamaq lazımdır ki, Hz. Peyğəmbər dövründə üzüm və xurma suyu kimi müəyyən məhsullardan əldə olunan spirtli içkilərdən sonra zamanla müxtəlif adlar altında çoxlu sayda bitkidən əldə olunmuş xaşxaş, çətənə, kokain kimi qatı, yaxud maye olmaqla ağlı başdan alan maddələr meydana çıxmışdır. Adından asılı olmayaraq yedikdə, içdikdə, damara vurduqda və ya çəkdikdə sərxoş edən, ağlı başdan alan xüsusiyyətə malik olan hər bir maddə bilavasitə içki çərçivəsinə daxil olub haram sayılmışdır.

      Onu da qeyd etmək lazımdır ki, içki içmək haram olduğu kimi, onun ticarəti də qəti qadağandır. Bu mövzuda bütün İslam alimləri həmfikirdir. Həzrət Ənəsdən belə dediyi rəvayət olunmuşdur: “Allahın Rəsulu içki səbəbilə on nəfəri lənətləmişdir: İstehsalçını, istehsal etdirəni, içəni, daşıyanı, daşıtdıranı, içirəni, satanı, pulunu yeyəni, satın alanı və aldıranı…” (Tirmizi, Büyu, 59). Bundan əlavə, Hz. Peyğəmbər (s.ə.s) həm içki məclisində oturmağı (bax. Tirmizi, Ədəb, 43; Əbu Davut, Ətimə, 18), həm də içkinin dərman yox, dərd olduğunu bildirərək müalicə prosesində istifadə etməyi qadağan etmişdir (Müslim, Əşribə, 12).

           

      Sual: Qumar nədir və günümüzdəki lotereya kimi oyunlar da qumardırmı?

      Cavab: Ayədə qumar “meysir” kəlməsi ilə ifadə edilmişdir. Bu da “asanlıq” mənasına gələn “yüsr” kökündəndir. Yorulmadan, alın təri olmadan, asanlıqla qazanc əldə olunduğu və ya itirildiyi üçün həmin ad verilmişdir. Qumar içki ilə birgə yuxarıda qeyd edilən ayədə qadağan olunmuşdur. (Bax. əl-Maidə, 5/90, 91) Qumar insana yaradanı unutduran, tənbəlliyə sürükləyən, əmək qabiliyyətini ortadan qaldıran, insanlar arasına kin, ədavət və nifaq salan haqsız qazanc və əsassız varlanma yoludur. Adı nə olursa olsun, əmək və ya sərmayə riski daşımayan bəxt oyunları qumar hesab olunur.

      Bundan əlavə, qeyd edək ki, hər hansı bir işlə məşğul olan fiziki və ya hüquqi şəxs müştəri cəlb etmək məqsədilə müştərilər arasında püşk atmaq surətilə, yaxud müəyyən miqdarda alış-veriş edənlərə müxtəlif hədiyyələr verə bilər. Bunda dini baxımdan hər hansı günah yoxdur. Lotereya və buna oxşar oyunlar isə belə deyil. Bu kimi oyunlarda bilet alanların pulları yığılır, sonra qalib gələn oradan öz payını götürür, oyunu təşkil edənlər isə ən çox məbləğləri əldə edirlər. Bu da məhz qumarın bir növüdür. Yəni beş-altı nəfərin ortaya pul qoyub zər ataraq, kart çəkərək, atları yarışdıraraq, komandalar tutaraq və s. kimi yollarla pul götürməsi ilə lotereya kimi oyunlar arasında heç bir fərq yoxdur.

       

      • Hits: 48 clicks

      Tecox component by www.teglo.info