155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Peyğəmbər Əxlaqının Səhabələrdəki Təzahürləri -2 / Osman Nuri Topbaş

      Share

      Aləmlərin Rəbbi Həzrət Peyğəmbəri zahirən və daxilən ən gözəl bir fitrətdə yaradıb tərbiyə etmişdir. Belə ki, Rəsuli-Əkrəm (s.ə.s.) də:

      “Məni Rəbbim tərbiyə etdi və necə də gözəl tərbiyə etdi” (Süyuti, əl-Camius-Səğir, Misir 1306, I, 12/310) hədisi-şərifi ilə bu həqiqətə və eyni zamanda nübüvvətin ən ülvi qayəsinə işarə edir. Bu baxımdan, bəşəriyyətə təqdim edilən ən uca əxlaq Allahın hökmünə əsaslanan və rizasına müvafiq olan gözəl xasiyyətlərdən ibarətdir. Bu da peyğəmbərlik həyatı ilə bütün insanlığa təbliğ edilmişdir.

      Həzrət Peyğəmbərin nümunəvi şəxsiyyətindən və qəlb yaşamından gücümüzün çatdığı qədər istifadə edərək onun əxlaqı ilə əxlaqlana bilmək dünya və axirət şərəfinin ən ucasıdır. Bunun üçün isə əvvəlcə onu layiqincə yaxından tanımaq vacibdir.

      Tarixdə həyatının ən kiçik təfərrüatına qədər təsbit edilə bilən tək insan Həzrət Peyğəmbərdir. Rəsuli-Əkrəmdən başqa 124 min peyğəmbərin insanlığı haqqa və xeyrə istiqamətləndirmə xüsusunda bir nümunə təşkil edən davranış mükəmməlliyindən ancaq bir qismi günümüzə qədər gəlib çatmışdır. Halbuki, Həzrət Peyğəmbər (s.ə.s)-in ən sadəsindən ən mürəkkəb və mükəmməlinə qədər bütün söz və əməlləri, hətta ifadəyə əks etdiyi qədər ruh dünyası, həyatının hər anı izah edilmiş və tarixə bir şərəf lövhəsi halında nəqş edilmişdir.

      Mədinədə qurulan, təqribən 400 ailədən ibarət olan kiçik İslam dövlətinin sərhədləri on ildə İraqa və Fələstinə qədər gedib çatdı. Həzrət Peyğəmbər vəfat etdiyi vaxt Bizans və İranla müharibə şərati mövcud idi. Mədinəyə qənimət malları axırdı. Lakin səhabələrin on il əvvəlki o halı, yəni dünyadan uzaq, təvazökar yaşamı, evlərinin quruluş şəkli və infaq həyəcanı dəyişməmişdi. Onlar iman zövqünün zədələnmə qorxusu ilə dünya nemətlərindən nəfsləri hesabına  istifadə edilməməsinin həssaslığını qorumağa çalışırdılar. Buna görə də ömürlərini Allahın rizasına həsr etmişdilər.

      İslamın haqq və həqiqətdən məhrum cəmiyyətlərə sürətlə yayılmasının əsas səbəblərindən biri də, əshabın getdiyi hər məkanda və olduqları hər yerdə gözəl bir müsəlman nümunəsi göstərmələri idi. Çünki Allah Rəsulunun tər-təmiz tələbələri olan səhabələr Allahın qullarına Haqqın nəzəri ilə baxan, minnət qoymayan və başqalarını düşünən, könülləri mərhəmət, şəfqət, xidmət, doğruluq kimi risalət nurları ilə dolu, təqva əhli, saleh möminlər idilər.

      a

      Həzrət Peyğəmbər bizə həyatın bütün dövrlərində hər baxımdan müstəsna bir gözəllik bəxş etmişdir. Hər insan Həzrət Peyğəmbərin sünnəsindən özünə nümunə götürə bilər. Yəni Dünyanın Fəxrinin həyatı bütün ahəngdarlığı və rəngarəngliyi ilə birlikdə müstəsna güllərdən toplanmış bir buketə bənzəyir ki, axtaranlar özləri üçün güllərin ən yaxşı və ən gözəllərini bu buketdə tapa bilərlər.

      Rəsuli-Əkrəmin həyatı saf və parlaq bir güzgü kimidir. Hər insan onda öz şəklini və ruhunu, zahirini və xaricini, sözünü və davranışını, əxlaqını və ədəbini seyr edib öz vəziyyətini  ölçə bilər. Bu güzgüdə gördüklərinə görə əxlaqını islah edib əyriliklərini düzəltmək hər möminin vəzifəsidir.

      Allah təalanın bəndələrinə ilahi bir fərman və hidayət rəhbəri kimi göndərdiyi Qurani-Kərim də ümmətə ləfzi və mənası etibarı ilə Allah Rəsulunun qəlb aləmindən axmışdır. Bu baxımdan, Quranın sirləri də qəlbin Allah Rəsulunun ruhaniyyətinə bürünməsi nisbətində dərk edilir. Necə ki, Allah təala Qurani-Kərimdəki bəyanlarını dərk etmək xüsusunda Allah Rəsulu zirvədirsə, Peyğəmbərimizin mübarək sözlərini, hal və hərəkətlərini dərk və əhatə edən birinci dərəcədə elmi qüdrət və dərketmə qabiliyyəti olanlar da səhabələrdir. Çünki səhabələr Rəsulullahın (s.ə.s.) peyğəmbərlik güzgüsündə ilahi gözəllikləri və hikmətləri şəxsən müşahidə edib lüzumlu olduğu kimi yaşamaq bəxtiyarlığına çatmış, Haqdan nəsib almış bəndələrdir.

      Hədisi-şərifdə belə buyurulur:

      “Əshabım ulduzlar kimidir. Onların hansına tabe olsanız doğru yolu taparsınız”. (İbni Əbdil-Bərr, Camiu Bəyanil-Elm, II, 91) Səhabələr cahiliyyət dövründə şoran torpaqlara bənzəyirdi. Amma onların könül aləmləri Allah Rəsulunun söhbət məclislərindəki mənəvi iqlimin rəhmət və bərəkət yağışları ilə yoğruldu. Bunun sayəsində bir vaxtlar üstü torpaqla örtülmüş olan neçə-neçə fəzilət və məna toxumlarının yetişmək imkanı oldu. Qəlbdən-qəlbə əks edən məhəbbət və ruhaniyyət alış-verişi ilə o ulduz şəxsiyyətlər kamillik zirvəsinə ucaldılar. Cahiliyyə dövründə qız uşaqlarını diri-diri torpağa basdıracaq qədər daşürəkli, mərhəmətsiz, vicdansız, haqq və hüquq tanımayan insan bir anda əriyib yox oldu. Eyni çərçivə içində, amma bu dəfə gözü və könlü yaş dolu, özlərini başqalarının yerinə qoyaraq,  incə, həssas və fəzilətin zirvəsində olan  bir insan şəxsiyyəti əmələ gəldi. Onlar Allah Rəsulunun mənəvi tərbiyəsi ilə dünyanın ən məşhur insanları halına gəldilər. Onlar Quran, insan və kainatı oxumağı, başa düşməyi bacara bildikləri qədər daxili dünyaları, ilahi əzəmət və qüdrət axışları qarşısında incəlik qazandılar. Buna görə də könülləri daim həmd, şükür və zikr halında oldu. Necə ki, Abdullah bin Məsud (r.a) Rəsulullahın ruhaniyyəti və mənəvi tərbiyəsi sayəsində çatdıqları ülvi səviyyəni:

      “Biz yeyilən tikələrin zikrlərini eşidə biləcək bir hala gəlmişdik” sözləri ilə ifadə edirdi.

      Səhabələr Allah və Rəsuluna olan məhəbbəti qəlblərində hər an canlı tutduqları üçün ibadətləri səmimiyyətlə doldu, fəzilət hekayələri qiyamətə qədər müsəlmanların dillərindən düşməyəcəyi, könül aləmlərini nurlandıracaq gözəl əxlaqa da nümunə oldular.

      Buna görə də, səhabələrin peyğəmbərlik mənbəyindən feyzlənərək nail olduqları uca əxlaq təzahürlərinə aid hər biri bir həyat düsturu qiymətində olan sonsuz misallar dəryasından bir qətrə təqdim edirik:

      Məkənin fəthi günü Həzrət Əbu Bəkr (r.a) gözləri görməyən atasının əlindən tutub müsəlman olması üçün Allah Rəsulunun hüzuruna gətirmişdi.

      Rəsuli-Əkrəm (s.ə.s) onları görəndə soruşdu:

      “Ey Əbu Bəkr! Qoca atana niyə buraya qədər zəhmət verdin? Deyərdin, biz onun yanına gedərdik.”

      Həzrət Əbu Bəkr (r.a.) isə:

      “Allahın ona savab verməsini istədiyim üçün onu hüzurunuza gətirdim”, - cavabını verdi.

      Həzrət Əbu Bəkrin atası Əbu Kühafə (r.a) biət etmək üçün əlini Rəsulullahın mübarək əlinə uzadanda Peyğəmbər aşiqi Əbu Bəkr (r.a) özünü saxlaya bilməyib ağlamağa başladı.

      Həzrət Peyğəmbər Həzrət Əbu Bəkrdən niyə ağladığını soruşanda Həzrət Əbu Bəkr (r.a) göz yaşları içində belə  cavab verdi:

      “- Ya Rəsulallah, sənə biət etmək üçün uzanan bu əl mənim atamın deyil, sənin əmin Əbu Talibin əli olsaydı, bu vəsilə ilə Allah təala mənim yerimə səni sevindirsəydi kim bilir, necə tərifəsığmaz bir sevincə nail olardım. Çünki sən onu çox istəyirdin...” (Heysəmi, VI, 174; İbn Səd, V, 451)

      Məhz şanı uca Peyğəmbərin yüksək əxlaqından layiqincə istifadənin və onda yox olmağın dərəcəsinə əlçatmaz olaraq baxmaqla doymaq mümkün olmayan bir mənzərə... Belə ülvi heyranlıq, ehtiram və məhəbbətlə çağlayanı, görəsən tarix neçə dəfə seyr etmişdir?

      Biz də ümməti olduğumuz Allah Rəsuluna müstəsna bir baxış və qavrayışı könüllərimizdə cücərtmək üçün çalışmalıyıq. Çünki Haqqa kamil mənada təslimiyyət, təvəkkül və itaət iman ləzzəti ilə dolu bir könül sahibi olmaqla mümkündür. Ancaq bu məhəbbətlə könlün yüksək səviyyə qazanmasının nəticəsində insan bütün varlığı ilə Rəbbinə yönəlir, dünya və dünyadakı işlərdən qəlbən uzaq durur.

      Nəbəvi əxlaqın xüsusiyyətlərindən biri  olan istiğna (könül zənginliyi ilə özünü fanilərə möhtac olmaqdan uzaq hiss etmək)  halını həyatının məhvəri edən səhabənin necə ilahi bir lütfə nail olduqlarını göstərən bu misal çox ibrətamizdir:

      Əbu Səid (r.a) məruz qaldığı aclıqdan ötrü qarnına daş bağlayan səhabələrdən idi. Anası ona:

      “- Dur, Rəsuli-Əkrəmin yanına get, ondan bir şey istə. Filankəs Rəsuli-Əkrəmin yanına getmiş, o da köməyinə çatmışdı. Filankəs də getmiş, o da nemətə nail olmuşdu. Dur! Sən də get, bəlkə bir xeyirlə qayıdarsan”,- dedi.

      Əbu Səid isə anasına belə cavab verdi:

      “Bir az səbr edək, bir az axtaraq, tapa bilməsək günorta gedərik.”

      Fəqət nə qədər axtarsalar da bir şey tapa bilmədilər. Bundan sonra çarəsiz qalaraq, Rəsulullahın  yanına getməyə qərar verdi. Allah Rəsulunun hüzuruna gələndə onun xütbə söylədiyini gördü və xütbəni dinləməyə başladı. Allahın Rəsulu xütbədə bunları söyləyirdi:

      “İstiğna göstərən və iffətini qoruyan insanları Allah-təala aləmdən müstəğni (heç nəyə ehtiyacı olmayan) edər.”

      Həzrət Əbu Səid bu sözü eşitdikdən sonra Rəsulullahdan bir şey istəməyə cəsarət edə bilmədi və evə əliboş qayıtdı. O, özünün sonrakı halını belə nəql edir:

      “Rəsuli-Əkrəmdən bir şey istəyə bilmədən evimə qayıtdığım halda, Allah-təala bizə ruzimizi göndərdi, işlərimiz o qədər yoluna düşdü ki, ənsar arasında bizdən varlısı  olmadı.” (Əhməd, III, 449)

      Məhz bu misal istiğnanın dünyadakı bərəkətinin gözəl bir nümunəsidir. İlahi vüsala nail olmaq,  könlü sərvət və şöhrət kimi dünyəvi mənfəətlərdən təmizləmək və bütün bunlardan uzaq qalmaqla mümkündür.

      Digər tərəfdən, bu qissə ehtiyacını ərz edənin könlünü xoş tutmaq müqabilində gələn ilahi lütfü çox gözəl ifadə edir:

      Həzrət Peyğəmbərin zövcəsi Həzrət Aişə (r.a) oruc tutduğu gün bir yoxsul gəlin ondan yemək istədi. Həzrət Aişənin evində bir tikə çörəkdən başqa heç nə yox idi. Xidmətçisinə:

      “- Çörəyi ona ver!” -dedi.

      Xidmətçi:

      “- Axşama iftarımız üçün başqa heç nə yoxdur”, - deyə cavab verdikdə Həzrət Aişə yenə:

      “- Sən çörəyi ona ver!” -dedi.

      Xidmətçi əhvalatın sonrasını belə nəql edir:

      Həzrət Aişənin əmri ilə çörəyi o kasıba verdim. Axşam olanda bir nəfər bizə bir parça bişmiş qoyun əti göndərdi. Həzrət Aişə (r.a) məni çağırdı və belə dedi:

      “- Buyur ye, sənin çörəyindən daha ləzzətlidir.” (Muvatta, Sədəqə, 5)

      Sədəqə verməkdə həssaslıq və sədəqənin əslində alana deyil, verənə bir nemət olduğunu bu misal çox gözəl ifadə edir:

      Yoxsulun biri Abdullah bin Abbasın yanına gələrək bir şey istədi. Abdullah (r.a) ondan:

      “- Allahdan başqa tanrı olmadığına, Məhəmmədin Allahın Rəsulu olduğuna şəhadət gətirirsənmi?” -deyə soruşdu.

      Yoxsul:

      “- Bəli!” dedi.

      “- Bəs, oruc tutursanmı?”

      “- Bəli!”

      Bundan sonra Həzrət Abdullah:

      “- Sən bir şey istədin. İstəyənin haqqı vardır. Sənə kömək etmək də bizim boynumuzun borcudur”, - deyərək o şəxsə bir paltar verdi. Daha sonra da bu hədisi-şərifi rəvayət etdi: “Hər hansı bir müsəlman digər bir müsəlmana bir paltar geydirərsə, qardaşının əynində o paltardan bir parça olduğu müddət ərzində verən şəxs Allahın himayəsində olar.” (Tirmizi, Qiyamət, 41/2484)

      Allah təalanın rizası üçün ehtiyac içində olan bir bəndəyə göstərilən yardım yuxarıdakı misallardakı kimi, Allaha borc verməyə bənzəyir ki, Allah təala başqa bir bəndəsini o yaxşılığın əvəzini çıxmaq üçün vəzifələndirir və o bəndəsini şəxsən öz himayəsinə alır. Bu, Allah rizası üçün edilən yardımın dünyadakı faydasıdır. Axirətdəki əvəzi isə daha çoxdur.

      Allah təala bir ayədə belə buyurur: 

      “(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də sizə şahid olsun.” (əl-Bəqərə, 143)

      Rəbbimiz Məhəmməd ümmətini insanlar arasında haqqı bilən, doğru sözlü, adil, haqqı bəyan edən, gözəl əxlaq sahibi, elm və irfanı ilə seçilən, şahid olmağa layiq, cazibədar, rəhbər bir cəmiyyət olmaq və tam mənası ilə adil və hakim bir ümmət təşkil etmək üçün  Həzrət Peyğəmbərin kölgəsində doğru yola hidayət etmişdir.

      Biz də hal və yaşayışımızla Həzrət Peyğəmbərə nə qədər layiq bir ümmət ola bildiyimiz xüsusunda, Qiyamətdə Allah Rəsulunun gözəl şahidliyinə nail ola bilmək üçün bu günlərimizin qiymətini yaxşı bilməliyik. Bu xüsusda ən qiymətli rəhbərlərimiz də nəbəvi əxlaqın möhtəşəm izharlarına parlaq bir güzgü olan səhabələr olmalıdır. Çünki onlar yer üzündə Allahın şahidləri olmağın və Rəsuli-Əkrəmin Qiyamət günü onlar haqqında hüsni-şəhadətdə olmalarının həyəcanı içində idilər.

      Dünyanın indiyədək mislini görmədiyi bu seçilmiş Peyğəmbər tələbələri bütün şübhələrini Allah Rəsulunun könül dünyasından aldıqları feyzlərlə ortadan qaldırdılar. Yenə onun ruh feyzini özləri üçün yeganə sığınacaq və dayanacaq görərək sonsuzluğun səyyahı oldular. Onların dünya həyatına aid bir narahatçılığı olmamışdır. Onlar hər getdikləri yerə Allah Rəsulunun şəxsiyyətini aparmaq ehtirası içində idilər. Buna görə də Həzrət Peyğəmbərin əxlaqı olan Quranı öyrənir, oxuyur, hiss edir, könüllərində həzm edir; sözləri, davranışları, halları və əxlaqları ilə təbliğat aparırdılar.

      Bununla birlikdə onlar cəmiyyətdəki bütün mənfi hallardan özlərini məsul hiss edən yüksək bir ruh ucalığına çatmışdılar. Çin, Səmərqənd və İstanbul kimi uzaq diyarlara edilən çətin və əziyyətli səfərlərdə belə, yorulmurdular. Çünki qəlblərində risalət nurunu daşıdıqları üçün bu uzun və əzablı səfərlərdə çəkdikləri əziyyətlər, onlar üçün bir ləzzət halına gəlmiş və çatmaq istədikləri vüsala bir mərtəbə yüksəlmişdilər.

      Səhabələr təbliğ həyatları boyunca neçə-neçə xam ruhların səhv söz və davranışlarına məruz qaldılar. Fəqət Allah yolunda çəkdikləri bu sıxıntılardan ötrü heç bir vaxt incimədilər. Çünki onlar həqiqi dostluğun və məhəbbətin qaynağına Allah və Rəsulunda çatmışdılar. Buna görə də Allah təala onları Qiyamətə qədər Məhəmməd ümmətinin dostu olaraq könüllərdə yaşadacaqdır.

      Allah hamısından razı olsun!

      Rəbbimiz Rəsuli-Əkrəmin səhabələrinin və onların yolu ilə gedən övliyaların məhəbbətilə könüllərimizi nurlandırsın! Bizləri mühacir və ənsarın o möhtəşəm hallarına layiqi ilə tabe olan ehsan sahiblərindən edib onlarla birlikdə həşr etsin!

      Amin!

       

      • Hits: 886 clicks

      Tecox component by www.teglo.info