Bu Şəhərin Mirasi / Nurlan Məmmədzadə

      Share

      Murtuza Muxtarov küçəsi, köhnə adı ilə Poluxin...

      Hər gün səhər tezdən bu küçə ilə işə gedirəm. Həm də piyada. Nə üçünmü? Çünki Bakı yalnız səhərlər mənə doğma gəlir. Həm də köhnə küçələri ilə...

      Bu küçədən keçərkən çox-çox əvvəllərə gedirəm. Köhnə Bakının küçələrində hiss edirəm özümü. Çünki bu küçə Bakıda qalan yeganə küçələrdəndir ki, orada 16 mərtəbəli nəhənglər yoxdur. Nəinki göydələnlər, hətta 4-5 mərtəbəli binalar da. Burda ən hündür bina ikimərtəbəlidir, keçən əsrin əvvəllərindən qalma. Burda daşları qaralmış evlərin arasından keçərkən, dar maşın yolu ilə gedərkən sanki bir əsr əvvələ qayıdırsan. Köhnə Bakının nimdaş, mütəvazi evləri, küçələri, ən əsası isə insanları...  

      Erkən saatlarda bu küçədən keçən at arabasının səsi nə qədər də xoş olardı. Alaqaranlıq havada kimisi yeni günə başlama ərəfəsində, kimisi yuxuda ikən küçədən keçən at nalının taqqıltısı necə də xoş harmoniya yaradır. Sonra bir ana mis səhəngdən su tökür samovara. Açıq pəncərədən təzə bişmiş çörəyin qoxusu yayılır küçəyə. Divar saatının kəfkiri sanki aram-aram laylay deyir yatan uşaqlara... Hər şey sadə və təbii. Amma bütün bunlar keçmişdə qaldı...

      Burdakı evlərin pəncərələri də alçaqdandır. Çünki köhnə Bakının məhəllələri oğru dərdindən uzaq idi. Qonşular bir ailə kimi bir-birinə yaxın və həmdəm idi o zamanlar. Sonra Bakı müasirləşdikcə bu alçaq pəncərələrə dəmir barmaqlıqlar vuruldu. Böyüklərdən eşitdiyimə görə əvvəllər yox idi bu barmaqlıqlar. Zaman keçdikcə, gözümüz yuxarılara dikildikcə, qəlbimizə göydələn sevdası düşdükcə öncə pəncərələrimizi dəmir barmaqlıqlara məhkum etdik, sonra da o daş evlərin qətlinə fərman verdik. Halbuki bizim dahilər məhz bu evlərdə yetişmişdilər. Hüseyn Cavidlər, Mikayıl Müşfiqlər... Mir Cəlalın “Bir gəncin manifesti” əsərindəki qarı nənə yadıma düşdü. Bazara çıxardığı xalçanı ingilis müştəriyə satmaması gəldi ağlıma. Ehtiyac içində qıvransa da öz mədəniyyətini yad əlinə verməyən qarı nənə... Yenə İçəri şəhər düşdü yadıma. Bu gün demək olar ki, İçəri şəhərliyindən əsər-əlamət qalmayan İçəri şəhər. Hələ Sovetlər dövründən sökülə-sökülə gələn İçəri şəhər. Bakının göz bəbəyi İçəri şəhər. Buranı Bakı edən İçəri şəhər. Qala divarları ilə yadelli işğalçılara sinə gərən İçəri şəhər... Keçmişdə evlərin əndərunu olardı. Əndərun evin qadınlar yaşayan hissəsinə deyilir. Başqa adı ilə evin məhrəm hissəsi. Yad gözlərdən uzaq, yalnız məhrəmlərin girə bildiyi  iç otaqlar, içəri otaqlar. İçəri şəhər də bizim əndərunumuzdur. Bu gün məhrəm yerimiz sayılan, əndərunumuz olan İçəri şəhərdə hər keçən gün yeni bir bina tikilir. Çoxu əcnəbilər tərəfindən tikilən üstündəki yazıları oxumaqda belə çətinlik çəkdiyimiz bu binaların bizim əndərunumuzda nə işi var? Bu yetməzmiş kimi qapılarının önündə asılı “NO PARKİNG” lövhələri. Nə imiş? Burada maşın saxlamaq olmazmış. Halbuki yüz il əvvəl buranın sakininə atını burda saxlama deməyə heç kimin cürəti çatmazdı. Bu günsə NO PARKİNG...

      Nə qədər ki, biz İçəri şəhərimizdə tarixi sənət əsərlərimizi, xalılarımızı, mis qablarımızı dəyərsiz əşya kimi satacağıq, nə qədər ki, daş abidələrimizin üstündəki yazılardan xəbərsiz olacağıq, nə qədər ki, sənət anlayışımız tarixi binaları söküb yerində göydələn ucaltmaq olacaq, nə qədər ki, əndərunumuzda əcnəbi tikililər hakim olacaq, bir o qədər NO PARKİNGlər olacaq. Gəlin, heç olmazsa geridə qalanları qoruyaq ki, gələcək nəsillərə göstərmək üçün əlimizdə nə isə qalsın.          

      • Hits: 1026 clicks

      Tecox component by www.teglo.info