Nicat QƏRIBOV - QARA ÜZÜM SALXIMI

      Share

      İstanbulun Topqapı səmtində Memar Sinan tərəfindən tikilmiş, Təkkəçi İbrahim Çavuş Camesi adlı məscid var. Bu yazı həmin məscidin hekayəsidir.

      Osmanlı dövründə İstanbulda, Topqapı qala divarlarının dibində, kiçik bir komada kasıb bir təkkəçi yaşayırmış. Təkkəçi nə qədər yoxsul olsa da, çox ürəyiaçıq insan imiş. Bir tərəfdən təkkələri təmir edib tikir, bir tərəfdən də: “Allah mənə sərvət versəydi, burada bir məscid tikərdim!” - deyə öz-özünə dua edirmiş. Bunu eşidənlər də:

      - Ey İbrahim Çavuş, məscidi nə ilə tikdirəcəksən? Sənin özünə bir xeyrin dəymir, - deyib İbrahim Əfəndini bu fikrindən daşındırmağa çalışırmışlar.

      Lakin Təkkəçi İbrahim Çavuş heç ümidini itirmir, davamlı dua edir. Məscid tikdirmə sevdası qəlbində bir alov kimi yanırmış. Bəzən yoldaşları Təkkəçi İbrahimə zarafatyana:

      - İbrahim əmi, məscid nə vaxt tikilib qurtarır? Bax, insanlar namaz qılmağa yer tapa bilmir, - deyirdilər.

      İbrahim Çavuş onların bu rəftarına məhəl qoymur, bir yandan işini görür, bir yandan da Allaha təvəkkül edib dua edirmiş.

      Günlərin bir günü Təkkəçi İbrahim Çavuş bir yuxu görür. Yuxuda gördüyü ağsaqqal kişi ona deyir: “Bağdada get! Orada filan ev var, o evin həyətində bir üzüm bağı var, o bağdakı filan üzümdən ye!”

      Təkkəçi İbrahim Çavuş həyəcan içində yuxudan oyanır. “Xeyirdir, inşallah!” - deyir, amma yuxuya bir məna verə bilmir. Ertəsi gün sübh namazından əvvəl bu yuxunu əyan-bəyan yenə görür. “Xeyirdir, inşallah! Görəsən, gedim?” - deyə düşünür, lakin qəti qərar verə bilmir. Üçüncü dəfə də eyni yuxunu görəndə Təkkəçi İbrahim Çavuş: “Hər halda bizə yol görünür”, - deyir, heybəsinə azuqə doldurub heç kəsə xəbər vermədən yola çıxır.

      Təkkəçi İbrahim Çavuş gəlib Bağdada çatır. Soruşa-soruşa yuxusunda gördüyü evi tapır. Evin həyətində bir üzüm bağı və ağ üzümlərin arasında qara üzüm salxımı görür. Yuxusunun çin olması onu heyrətə gətirir. “ Bismillah” deyib əlini uzadır ki, qara üzüm salxımını qoparsın. Həmin an evin sahibi İbrahim Çavuşun biləyindən yapışır:

      - Salam əleyküm, əcnəbi, - deyir.

      - Əleykümsalam, - deyə cavab verir, İbrahim Çavuş.

      - Ey əcnəbi, sahibindən icazəsiz o üzümü dərmək olarmı?! - deyə bağın sahibi məzəmmət edir.

      Xəcalətdən başını aşağı salan İbrahim Çavuş yuxusunu ona danışır. Evin sahibi yuxunu dinləyib gülür, üzümü dərib yeməsinə icazə verir:

      - Ey əcnəbi, bir yuxudan ötrü ta İstanbuldan buralara gəlmək olar? Üstəlik üzüm yemək üçün. Əgər yuxuya görə iş görülməli olsaydı, onda gərək birinci mən yollara düşəydim...

      İbrahim Çavuş təəccüblü baxışlarla:

      - Sən niyə yola düşməlisən? - deyə soruşur. Ev sahibi istehza ilə:

      - Altı ay qabaq bir gecə yuxuda bir ağsaqqal İstanbuldakı Topqapı adlı səmtə getməyi tapşırdı. Orada bir təkkəçi yaşayırmış. Adı hələ də yadımdadır: İbrahim! Onun komasının ocağının altında iki küp xəzinə varmış. Səhər qalxıb yuxumu arvadıma danışdım. Xanım: “Bu yuxu sadiq yuxuya bənzəyir, İstanbula get, gör bu nə məsələdir”, - dedi. Mən də ona: “Bir yuxuya görə İstanbula getmərəm”, - dedim. Necədir, düz deməmişəm?!

      - Düz demisən, düz demisən, - İbrahim Çavuş nə deyəcəyini bilmədi.

      Ev sahibi:

      - Bu dünyada nə qəribə insanlar var, - deyib İbrahim Çavuşun yanından uzaqlaşdı.

      İbrahim Çavuşun heyrətdən ağzı açıq qalır. Onun arxasınca baxa-baxa yuxusunun hikmətini başa düşür. Duasını qəbul etdiyi üçün Allaha şükür edir. Təkkəçi İbrahim Çavuş öz adı ilə məşhur olan məscidi həmin xəzinənin yarısı ilə tikdirir, yarısını da dövlət xəzinəsinə göndərir.

      • Hits: 246 clicks

      Tecox component by www.teglo.info