Altay RƏHİMOV - ORUCUN RUHANİ FAYDALARI

      Share

      Oruc tutmaq şeytanı və nəfsi gücsüz, təsirsiz hala salır. İnsanı maddi və mənəvi cəhətdən təmizləyir. Qəlbi bədəni istəklərimizdən azad edir, nəfsimizi kirlərdən arındırır, ruhu əsarətdən qurtarır. Oruc insanın qəlb gözünü açır, mənəvi görməmizi artırır. Səbri, fiziki xəstəliklərdən qorunmağın yollarını öyrədir bizə. İnsanlığımız yetkinləşir. Mənəvi qidaları bizə daha da əlçatan edir. Bir sözlə, oruc insanı Allaha yaxınlaşdırır.

      Hz. Aişə (r.a) anamız:

      - “Mələkut qapısını açmağa cəhd edin”, - deyəndə ondan soruşmuşdular ki:

      - “Bu qapını nə ilə açaq?”

      O da cavabında:

      - “Aclıq və susuzluqla”, - demişdi.

      Hz. Mövlana belə buyurur:

      “İnsanın əsl qidası Allahın nurudur. O, həddindən artıq bədənini qida ilə bəsləməyə layiq deyil. İnsanın əsl qidası ilahi eşq və ağıldır”.

      “İnsan əsl ruhani qidasını unudub bədəninin qidasına düşkün olduğu üçün narahatdır. Doymaq bilməz. Ehtirasından pərişan olmuş, gücünü itirmiş, qəlbi təlaşla çırpınmaqdadır. Harada qaldı yer üzünün qidası, harada qaldı sonsuzluğun qidası?!”

      Allah-Təala şəhidlər haqqında “ruzilənirlər” buyurur. O mənəvi qida üçün nə ağız, nə də cəsəd var.

      Hz. Loğman oğluna belə nəsihət edərdi:

      “Mədən həddindən artıq doyunca fikrin yuxuya gedər, hikmət susar, azalar, ibadətdən geri qalar”.

      Haqq dostlarından Hz. Mahmud Sami Ramazanoğlu az yemək və aclıqdan xüsusilə bəhs edərək deyərdi:

      “Təbiblərə “dəvanın ən şəfalısı nədir?”, hikmət əhlinə “ibadətə ən çox şövq verən nədir?”, zahidlərə “Haqqa bağlılığı ən çox möhkəmlədən nədir?”, alimlərə “elmi qorumaq üçün ən yaxşı yol nədir?”, əmirlərə də “ən ləzzətli qida hansıdır?” deyə soruşduqlarında hamısı: “az yeməkdir”, - deyərək cavab vermişlər”.

      Bir hambal yük altında olmaq üçün can atar. Hətta onu əzən o ağır yükü başqalarının əlindən almağa çalışar. Hambalların yük üçün etdikləri davalara bir bax! Beləcə, hər iş üçün çalışıb tər tökməyin bu cür olduğunu bil.

      Sıxıntılar rahatlığın və səadətin təməlidir, ağrı-acılar da nemətin. Cənnət bizə ağır, çətin gələn xoşlamadığımız şeylərlə təqdim edilmişdir. Cəhənnəm isə xoşumuza gələn şeylərlə, şəhvətlərimizlə bəzənmişdir. Uzun və isti yay günlərində oruc tutmaq çətindir. Lakin əsl çətinlik Haqqın rəhmətindən uzaq qalmaqdır. Əsl yandırıcı isti cəhənnəm odudur.

      Şübhəsiz ki, həyatın zövqlərini tərk etmək çox çətindir. Lakin bütün bunlar Haqdan uzaq qalmaqdan daha yaxşıdır.

      Cihad etmək, oruc tutmaq insana çətin gəlir, amma qulun Haqdan uzaqlaşmasından, mənəvi dərdə düşməsindən daha yaxşıdır. Bunun üçün ağıllı insan cəhd göstərərək, özünü Haqdan uzaqlaşdıran maddi arzularına riyazət edərək, oruc tutaraq özünə nəzarət edər. Bu cəhdlərin dünyadakı mükafatı ilahi qidalara və mənəvi zövqlərə çatmaqdır.

      Sən də cəhd et ki, ruhani arzuların artsın. Artsın ki, qəlbin bu bədənin quyusundan çıxsın, qurtulsun.

      Can gül bağçasında yatıb qalmış ikən bədən bu cür pisliklərə bulanmış... Bu necə də kədərli və acınacaqlı haldır!

      Əgər can bu bədən olmadan yaşamağı istəsə, göy üzü sarayı kimin məkanı olacaq?

      Allah-Təala buyurur:

      “Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir”. (əz-Zariyət, 22)

      Ey qardaş, düşün ki, Haqq tərəfindən vəd edilən mənəvi ruzi və nemətlər sənə də qismət olacaqmı? Qəlb aləmin nə haldadır?

      Hz. Mövlana bu sözləri ilə insandakı iradəni dincliyə dəvət edir:

      “Ey igid, yüksəl! Göy üzünü belə ayağının altına al! Göylərdən gələn ilahi nəğmələri duy! Qulağından qəflət və vəsvəsə pambığını çıxart! Coşğunluq sədaları, mələklərin təsbehlərinin uğultusu qulağına gəlsin. İki gözünü də ayıblardan, günah tozundan təmizlə ki, qeyb aləminin bağlarını, bağçalarını görəsən. Gənizindəki dünyəvi kirləri təmizlə ki, burnuna məna qoxuları, ilahi qoxular gəlsin. Bədən zəncirlərini canın ayağından aç, boynundan at ki, bu fəlakətə qarşı yeni bir fürsət əldə edəsən!”

      Küləyin uğultu ilə əsməsi, buluddan yağış yağması bizim qəm-kədərimizi yatırmaq üçündür. Sən bir az səbir et. Ruzilərimizin göydə olduğunu bizə deyən ayəni eşitmədinmi? Əgər eşitdinsə, bu səfalət dünyadan niyə yapışıb durmusan?

      Ruzisizlik ruzisi, yəni aclıq sənə ruzi olunca əbədi olan canı tapar, ölümdən qurtularsan.

      Oruc, riyazət və aclıq bütün Haqq dostlarının müştərək tövsiyəsidir. Ömər ibn Əbdüləziz belə buyurur:

      “Namaz səni yolun ortasına qədər aparar. Oruc səni padşahın qapısına gətirər. Sədəqəylə padşahın hüzuruna qəbul olarsan”.

       

      • Hits: 267 clicks

      Tecox component by www.teglo.info