Gəncliyə Yardım Fondunun prezidenti Ahmet TECİM: - “ƏN BÖYÜK QAZANCIMIZ ALLAHIN RİZASI OLMALIDIR”.

      Share

      İrfan: Əvvəla, redaksiyamız və oxucularımız adından sizi salamlayırıq. Uzun illərdir ki, Azərbaycanda həyata keçirdiyiniz çoxşaxəli yardım kampaniyalarından xəbərdar olmayan yoxdur. Bir xeyriyyəçi olaraq insanlar arasında yardımlaşmanın əhəmiyyəti haqda nə demək istərdiniz?

      Ahmet Tecim: Mən də çox qiymətli İrfan oxucularını səmimi-qəlbdən salamlayıram. Bu vəsilə ilə əhli-irfanın və bütün müsəlmanların Ramazani-Şərifini təbrik edirəm. Rəbbimiz bizə Ramazanın şəfqət, rəhmət və bərəkətindən layiqli şəkildə istifadə etməyi lütf etsin. Yardımlaşmaq, yəni xeyriyyəçilik bizim üçün milli-mənəvi dəyərlərimizin başında yer alır. Xeyriyyəçilik bizim inanc köklərimizin təməlində var. İnsanın heç bir qarşılıq güdmədən digər insanların və cəmiyyətin mənfəətini düşünərək fəaliyyət göstərməsi, əlindəkini paylaşması, bölüşməsi onun insan olma fitrətindən qaynaqlanır. Xeyriyyəçilik məktəbindən dərs aldığımız möhtərəm Osman Nuri Topbaş ustadımızın gözəl bir ifadəsi var: “Xeyriyyəçilik Yaradandan ötrü yaradılana şəfqət, rəhmət, mərhəmət və məhəbbətin müəssisələşdiyi yerdir”. İslam inancına görə, kainatdakı hər şey fanidir, baqi olan yalnız Allahdır. Mütləq hakim Odur, mülk Onundur. Allah bütün varlıqları əhatə etdiyi üçün, Onu sevən kəs Onun yaratdıqlarını, insanları, heyvanları, bitkiləri, hətta cansız varlıqları da sevər. Bu sevgi Allahın insana bağışladığı həyatı müqəddəsləşdirir. Bu da əməldən sevgiyə qədər bir çox sahədə fədakarlıq tələb edir. İnsanların ən xeyirlisi onlara faydalı olan, malın ən xeyirlisi Allah yolunda xərclənən, xeyriyyəçiliyin ən xeyirlisi də xalqın ən çox ehtiyac duyduğu şeyi qarşılayandır. Peyğəmbərimiz (s.ə.s) buyurur: “İnsan öldüyü zaman üç şeydən başqa əməli sona çatar: sağlığında verdiyi sədəqeyi-cariyə, faydalı elm və xeyirli övlad”. Buradakı sədəqeyi-cariyə xeyriyyəçiliyi, paylaşmağı ifadə edir. İnsanların xeyriyyəçiliklə məşğul olmaları, başqa insanların dərdlərini bölüşmələri fitrətdən gələn bir duyğu olduğu üçün onlara rahatlıq, səadət və gözəl hisslər bəxş edir. Hətta bir çox psixoloqlar mənəvi problemləri olan insanlara, xüsusilə Afrika kimi ehtiyac duyulan yerlərdə bəzi ictimai təşkilatların fəaliyyətlərinə qoşulmağı tövsiyə edirlər. Yəni yardımlaşma insanlara rahatlıq verir xoşbəxtlik hormonlarını artırır. Bu mənada gözəl bir ifadə var: dərdlər bölüşdükcə azalır, sevinc bölüşdükcə çoxalır.

      - Dünyada yayılan koronavirus pandemiyasından qorunmaq məqsədi ilə ölkəmizdə tətbiq olunan karantin günlərində Gəncliyə Yardım Fondunun böyük qayğıkeşliklə yaşlılara, ehtiyac sahiblərinə yardım əli uzatması diqqətdən yayınmadı. Xeyriyyəçilik səfərbərliyinə qoşulmanız və bu günlərdə gördüyünüz işlər haqda məlumat verərdiniz mümkünsə.

      - Gəncliyə Yardım Fondu ilk qurulduğu gündən etibarən insani yardım sahəsində, təhsil, ictimai-mədəni fəaliyyətlər, gənclərimizin milli və mənəvi dəyərlər çərçivəsində yetişməsi başda olmaqla bir çox mühüm sahələrdə fəaliyyət göstərir. Biz xüsusilə də Azərbaycan və Türkiyə arasındakı mənəvi könül körpülərinin daha da möhkəmlənməsi üçün səy göstəririk.

      Bütün dünyanı təsiri altına alan COVID-19, əlbəttə, Türkiyəmizə və Azərbaycanımıza da təsirsiz ötüşmür. Azərbaycan dövlətinin önləyici tədbirlər silsiləsindən küçəyə çıxma məhdudiyyəti ilə bağlı qəbul etdiyi qərarı və cənab Prezident İlham Əliyevin çağırışını fond olaraq dəstəkləməklə yanaşı bu ağır günlərdə biz də Azərbaycan xalqına öz töhfələrimizi verməyə çalışırıq. “Evdə qal, sağlam qal” layihəsi çərçivəsində yayımladığımız maarifləndirici video-çarxlarla bu tədbirlərdə aktiv rol oynamağa çalışırıq.

      İnsan dəyərlidir, insanın sağlamlığı hər şeydən əvvəl gəlir. COVİD-19 virusu bir çox problemlərə səbəb oldu. İnsanlar iqtisadi, sosial və mənəvi cəhətdən ciddi təsirə məruz qaldılar. Bu vəziyyətdə əvvəlcə yaşı 65-dən yuxarı olan böyüklərimizi həm ziyarət etmək, həm də onların ehtiyaclarını təmin etmək qərarına gəldik. Bir çox yaşlı vətəndaşın ehtiyacını təmin edərək onlara yalnız olmadıqlarını xatırlatdıq. Daha sonra TİKA-nın dəstəyi ilə 2000 ailəyə qida və təmizlik maddələri çatdıraraq fəaliyyətimizi genişləndirdik. Bundan bir həftə sonra Türkiyə Cümhuriyyətinin seçilən xeyriyyə müəssisələrindən olan AZİZ MAHMUD HÜDAYİ VƏQFİnin də dəstəyi ilə qida və təmizlik məhsullarından ibarət yardım qutuları hazırlayaraq yaşı 65-i keçənlərə, qaçqın və şəhid ailələrinə, uşaq evlərinə və əlimizin yetdiyi digər ehtiyac sahiblərinə  çatdırıldı. Həmçinin Türkiyə səfirliyinin nümayəndələri, Azərbaycanda ticarətlə məşğul olan türkiyəli və azərbaycanlı iş adamları ictimai birlikləri olan MÜSİAD, TÜİB, ATİB də bu işdə bizə ciddi dəstək oldu. Əlbəttə ki, bu zaman gigiyena qaydalarına xüsusilə diqqət etdik. Bu işdə fondumuzun əməkdaşları və bizə könüllü olaraq qoşulan yardımsevər insanlar səfərbər oldular, şükürlər olsun, bir çox ehtiyac sahibinin xeyir-duasını aldıq.

      Qeyd edim ki, bu fəaliyyətlərimiz, inşallah, Ramazan ayı boyunca da davam edəcək. İçində olduğumuz Ramazan ayı şəfqət, rəhmət və mərhəmət ayıdır. İslam dünyasında Ramazan paylaşmağın və qardaşlığın adıdır. Biz hər il Ramazan ayında daha çox tədbirlər keçirir, iftar süfrələri açırdıq. Amma bu il bütün dünyanı cənginə alan koronavirus səbəbi ilə daha çox ehtiyac sahiblərinə edəcəyimiz yardımlarla fəaliyyət göstərəcəyik. Unutmayaq ki, könül birliyimiz daha mühümdür. Birlik və bərabərlik içərisində bir millət iki dövlət şüarı ilə “biz birlikdə güclüyük” deyirik.

       

      - Nəcib əməllərinizlə insanların üzünü güldürdünüz, çöhrələrə təbəssüm oldunuz. Ehtiyac sahibinin sevincini anlamaq az-çox mümkündür. Məsələyə yardım edən tərəf olaraq yanaşsaq nə demək istərdiniz? Bir insana yardım əli uzatmaq bizə nə qazandırır, mənəvi qazancımız nə olur və ya bir insan yardım etdiyi zaman psixoloji olaraq hansı hisslərə bürünür?

      - Əvvəla, qeyd edim ki, biz xeyriyyə işlərində, bu gözəl fəaliyyətlərdə əsasən mənəvi körpü vəzifəsini yerinə yetiririk. Xüsusilə bu işə könül verən, maddi-mənəvi dəstəyi olan dostlarımıza təşəkkür edirik. Onlar da bu cür yardımlara qoşularaq həm böyük əcr qazanır, həm də ruhən özlərini rahat və xoşbəxt hiss edirlər. Biz bu işlərdə təşkilatçılıq edirik. Məzlumların göz yaşını silmək, ehtiyac sahiblərinin yanında yer almaq bizim üçün həm fitri bir vəzifə, həm də inancımızın tələbidir. Peyğəmbərimiz (s.ə.s) də: “Sizin ən xeyirliniz insanlara daha çox faydalı olandır”, - buyurur. Bu paylaşma və qardaşlıq şüuru bütün dünyada artaraq davam edir. Bəzi ölkələrdə virus səbəbi ilə yaşanan xaosdan istifadə edərək yağmaçılıq və qarət hallarının artdığını görürük. Hər kəsin şəxsi mənfəətinin ardınca düşdüyü bir vaxtda Azərbaycan və Türkiyə kimi İslam coğrafiyasında insanlar digər qardaşlarının dərdinə necə dərman ola biləcəklərini düşünməyə başladılar. Könüllülük prinsipinə əsaslanan bir çox fəaliyyətlərin şahidi olduq, yardım qrupları meydana gəldi. Bunlar bizim mədəniyyətimizin nə qədər sağlam və güclü olduğunu göstərir.

      Yeri gəlmişkən bir məsələyə də diqqət çəkmək istərdim. Əlbəttə, bizim ənənəmizdə fərdi yardımların daha səssiz, reklam və piardan uzaq həyata keçirilməsi məqbul qarşılanır. Doğrusu da budur. Amma digər insanları xeyriyyəçiliyə təşviq mahiyyətində öz fəaliyyətlərini ictimaiyyətlə bölüşən quruluşlar da var. Bizim fikrimizcə fərdi olaraq görülən hər xırda işi böyüdərək reklama çevirmək doğru deyil. Amma təşkilatlar öz fəaliyyətlərini bölüşə bilərlər. Burada da yardım edilən şəxsləri rəncidə etməməyə diqqət yetirmək lazımdır. Bu işlərdə səmimiyyət, mənəvi duyğular, ən əsas da Allah rizası əhəmiyyət kəsb edir. Düşünürəm ki, əsas qazancımız elə bu olacaq.

       

      - Dəyərli vaxtınızı bizə ayırdığınız üçün, xüsusilə də ölkəmizdə həyata keçirdiyiniz xoşməramlı tədbirlərə görə sizə təşəkkür edirik.   

       

      - Əsas biz təşəkkür edirik. Rəbbim hər birimizə Ramazani-Şərifin rəhmət, mərhəmət, şəfqət və məhəbbətindən tam istifadə edərək çıxmağı, bayrama bu xoş duyğularla çatmağı lütf etsin. Bütün dünyanı bürüyən koronavirus xəstəliyindən başda Azərbaycan-Türkiyə və bütün İslam aləmi olmaqla sağ-salamat qurtulmağı, sülh və əmin-amanlıq şəraitində yenidən əvvəlki günlərə qovuşmağı nəsib etsin. Fürsətdən istifadə edərək bir daha İrfan oxucularının və İslam aləminin Ramazan ayını və qarşıdan gələn bayramını təbrik edirəm. Sağ olun, var olun.

      • Hits: 389 clicks

      Tecox component by www.teglo.info