Osman Nuri TOPBAŞ - ÖMÜRLÜK BİR RAMAZAN və ƏBƏDİ BAYRAM

      Share

      Biz aciz qullarını yenidən “əvvəli rəhmət, ortası məğfirət, sonu da cəhənnəm əzabından qurtuluş”[1] vəsiləsi olan Ramazani-Şərif ilə şərəfləndirən Allaha sonsuz həmd-sənalar olsun.

      Ramazani-Şərif Allah-Təalanın ümməti-Muhammədə bəxş etdiyi mənəvi dəyərlərlə dolu ilahi xəzinədir. İlin qəlbi sayılan bu ay daxili və xarici aləmimizi maddi və mənəvi kirlərdən təmizləməyin ən bərəkətli zamanıdır. Mənəvi reabilitasiya mövsümüdür…

      Xüsusilə də böyük bəla və müsibətlərin bütün dünyanı məngənəsinə aldığı bir zamanda yaşadığımız bu Ramazani-Şərif ərzində səmimi qəlbdən etdiyimiz dua, tövbə, istiğfar, həmd, zikr və şükürlərimizlə Allaha o qədər yaxınlaşmalıyıq ki, bütün bəlalar dəf olsun. Bu kimi saleh əməllərimiz həm dünyada, həm də axirətdə qarşılaşacağımız məşəqqətlərdən qurtuluş vəsiləsi olsun.

       

      Quranın nazil olduğu ay

      Ayeyi-kərimədə buyurulduğu kimi:

      “Ramazan ayı insanlara doğru yolu göstərən, haqqı batildən ayırd etməyin açıq-aydın dəlilləri olan Quranın nazil olduğu aydır...” (əl-Bəqərə, 185)

      Qurani-Kərimin nazil olduğu bu mübarək ayda dünyəvi və uxrəvi qurtuluşumuz üçün verilən ilahi təlimatları dərindən təfəkkür etməliyik. O mübarək kitabımızın müqabiləsi ilə yanaşı, müamiləsinə də həssaslıqla riayət etməliyik.

      Çünki Quranın yalnız sədasına qulaq vermək və ya həqiqət xəritəsinə göz atmaq kifayət deyil. Fudayl bin İyad g-in bu xəbərdarlığı necə də mənalıdır:

      “Qurani-Kərim əməl edilmək üçün nazil oldu, lakin insanlar yalnız onun oxunmasına əməl etdilər”.

      Əslində möminin hər iyirmi dörd saatında mütləq surətdə yer almalı olan Quranla ünsiyyətimizi bu günlərdə daha da artırmağa çalışmalıyıq. Onun məna iqlimində qəlbən dərinləşməli, layiqincə əməl etməliyik. Bütün hal və davranışlarımıza Qurana görə istiqamət verməliyik.

      Unutmamalıyıq ki, Qurani-Kərim onun əhkamı ilə amil, əxlaqı ilə kamil olanlara qiyamət günü şəfaətçi olacaq. Lakin bunun əksinə, ona laqeyd qalanlardan da şikayətçi olacaq.

      Qurani-Kərimin dünya səmasına nazil olduğu bu mübarək ayda “hesaba çəkilmədən özünüzü hesaba çəkin…”[2] düsturuna əsasən qulluq həyatımızı bir daha gözdən keçirməliyik. Bizi fəlakət bataqlığından qurtarmaq üçün göndərilən Allahın ipindən möhkəm yapışmalı, canlı Quran olmağa səy göstərməliyik. Hər iki dünyada səadət və əmin-amanlığın Quranın həyat verən düsturlarına riayətə bağlı olduğunu can-dildən idrak etməliyik.

      Ramazan iqlimində günümüzə baxış

      Necə də ibrətlidir ki, ömür təqvimimizdə, hətta bəlkə də dünya tarixində rastlanmamış xüsusi günlər yaşayırıq. Ramazani-Şərifə yoluxucu xəstəlik səbəbi ilə məhdud karantin rejimində giririk. Məscidlərimiz camaatla namaza bağlıdır. Ramazan həyəcanını din qardaşlarımızla birlikdə yaşadığımız təravihlər, iftarlar, müqabilələr artıq evlərlə məhdudlaşdı.

      Bu kimi şərtlər bizi bir çox xüsusda nəfs mühasibəsinə sövq etməlidir. Düşünməliyik ki:

      ü Yoluxucu xəstəlikdən qorunmaq üçün riayət etdiyimiz sosial məsafəyə mənəvi sağlamlığımız üçün nə qədər əhəmiyyət veririk? Yəni haramlar, məkruhlar, şeytani vitrinlər, nəfsani ekranlar və Allahın qəzəb etdiyi kəslərlə də aramıza məsafə qoya bilirikmi?

      ü Əllərimizi və evimizi dezinfeksiya etdiyimiz kimi qəlb evimizi də tövbə, istiğfar və peşmanlıq göz yaşları ilə günahdan, üsyan və qəflət kirindən təmizləyə bilirikmi?

      ü Özümüzü və ailəmizi virusdan qorumaq üçün riayət etdiyimiz karantin tədbirlərinin təfəkkürü ilə cəmiyyətin mənəvi dünyasında yayılan xəstəliklərdən, yəni batil fikir və inanclardan, şər əməllərdən də qorunmaq həssaslığı göstəririkmi?

      ü Vücudumuzun sağlamlığı üçün immun sistemimizi dəstəkləmək məqsədi ilə vitaminlər qəbul etdiyimiz kimi, qidalanmamıza xüsusi diqqət yetirdiyimiz kimi ruhumuzun da sağlamlığı üçün nəfs və şeytana qarşı mənəvi gücümüzü artıracaq təqva tədbirlərinə riayət edirikmi?

      ü Maddi məşəqqətləri dəf etmək üçün aldığımız tədbirlərlə yanaşı, “sədəqə bəlanı dəf edər”[3] sözünü düstur bilib qəlbiqırıqlara təsəlli ola bilirikmi, hüzn çökmüş üzlərə təbəssüm etdirə bilirikmi?

      ü Zahirən izolyasiya məntəqəsinə çevrilən evlərimizi mənəvi olaraq məscidə, məktəbə, etikaf məkanına çevirə bilirikmi?

      Etikaf ayı Ramazani-Şərif

      Virus təhlükəsi ilə evlərimizdən çıxmadığımız bu günləri Ramazani-Şərifin mühüm əhyası olan “etikaf” üçün fürsət bilməliyik.

      Rəsulullah r -in ilk vəhy gəlməzdən əvvəl Hira mağarasında inzivaya çəkilərək yaşadığı təfəkkür ibadətini biz də gücümüz nisbətində evlərimizdə tətbiq edə bilərik. Haqq dostlarının qəlbi təkamül üçün girdikləri, zaman-zaman sevdiklərinə tövsiyə etdikləri uzlət təlimindən, çilə çıxarma tərbiyəsindən biz də gücümüz nisbətində nəsib almalıyıq.

      Belə olduğu zaman bizə zəhmət kimi görünən evə qapanma məşəqqəti Allahın lütfü ilə müstəsna rəhmətə çevrilər.

      Nafilə etikaf üçün müəyyən bir zaman şərti olmasa da, Allah Rəsulunun mühüm bir sünnəsi olan etikafa daha çox Ramazanın son on günündə girilir. Necə ki, Həzrət Aişə c anamız:

      “Rəsulullah r Ramazanın son on günündə etikafa girərdi”, - demişdir. (Buxari, Etikaf, 6)

      Bir sözlə, etikaf Qədr gecəsini ibadət vəcdi ilə əhya etməyin ən gözəl yollarından biridir. Peyğəmbərimiz r ümmətini günahların bağışlanmasına, cəhənnəmin uzaqlaşdırılmasına vəsilə olan etikafa  girməyə təşviq etmişdir.

      Min aydan xeyirli Qədr Gecəsi

      Ramazani-Şərifin bir hissəsi artıq geridə qaldı. Lakin hələ son dərəcə qiymətli olan günlər qabaqdadır. Çünki Ramazani-Şərifin böyük bir lütf ayı olmasının ən mühüm səbəblərindən biri “Qədr gecəsi” kimi müstəsna ilahi ikramın onda var olmasıdır.

      Qədr gecəsi ilahi məğfirətin coşub-daşdığı, ümməti-Muhammədə sonsuz ehsanların bəxş edildiyi bir gecədir. Qədr gecəsi peyğəmbərlər arasında yalnız Rəsulullah r -ə və Onun hörmətinə ümməti-Muhammədə bəxş olunan xüsusi bir lütfdür. Rəbbimizin bu qədər dəyərli mənəvi xəzinəni ehsan etməsi Onun Həbibinə olan dərin məhəbbətinin təzahürüdür.

      Ona görə də daima Hz. Peyğəmbərə minnətdar olmalı, Onun bizim üçün böyük ilahi lütf olduğunu dərk etməliyik. Ayeyi-kərimədə belə buyurulur:

      “Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi…” (Ali-İmran, 164)

      Bu qədər qiymətli bir Peyğəmbərə ümmət olduğumuz üçün Allaha olan şükrümüzü nə qədər artırsaq, yenə də azdır.

      Qədr gecəsinin müstəsna fəziləti səbəbi ilə Allah Rəsulu r şəxsən o gecəni Ramazan gecələri içində axtarmış və bunu ümmətinə də tövsiyə etmişdir.

      Bu ilahi xəzinədən məhrum qalmamaq üçün Qədr gecəsini Ramazanın ilk gecəsindən etibarən, xüsusilə də iyirmisindən sonrakı tək gecələrdə axtarmaq lazımdır. Gəlinən ümumi qənaətə görə, Qədr gecəsi Ramazanın 27-ci gecəsidir. Lakin başqa zamanlara da təvafüq edə bildiyi üçün Ramazan ayının bütün gecələrinə xüsusi diqqət göstərmək lazımdır.

      Bu gecə Qurani-Kərimin nüzulu ilə nurlanmış, bu gecənin ehtişamı səbəbi ilə haqqında xüsusi surə nazil olmuşdur. Ona görə də bu müstəsna zamanda Quran ilə daha yaxından həmhal olmaq lazımdır.

      Bu gecə Cəbrayıl u və digər mələklərin yer üzünə axın etməsi ilə də ayrı bir ruhaniyyət qazanmışdır. Möminlərə gözlə görülməyən nurani varlıqlar tərəfindən salam verilən, feyz və bərəkət dolu bu gecənin qiymətini Hz. Peyğəmbər bir hədisi-şərifində necə də gözəl bəyan edir:

      “Hər kim fəzilətinə inanaraq və savabını yalnız Allahdan gözləyərək Qədr gecəsini ibadət və itaətlə keçirərsə (qul haqqı xaric) keçmiş günahları bağışlanar”. (Müslim, Müsafirin, 175/760)

      Haqq-Təala Qədr gecəsi səbəbi ilə min ayın, yəni 83 illik bir ömrün fəzilət və əcrini möminlərə bir gecədə ehsan edir. Hədisi-şərifdə buyurulur:

      “Ramazanda Allahın elə bir gecəsi var ki, min aydan daha xeyirlidir. Kim o gecənin xeyrindən məhrum qalarsa, həqiqətən, böyük bir qazancdan məhrum qalmış olar”. (Nəsai, Siyam, 5; Əhməd, II, 230, 385, 425)

      Ramazani-Şərif və ömrün təfəkkürü

      Ramazani-Şərif ömür təqvimi üzərində dərin bir təfəkkür vəsiləsidir. Xəstəlik və vəfat xəbərlərinin gündəmimizdə tez-tez yer aldığı bir zamanda yaşayırıq. Rəsulullah r –in tövsiyələri arasında nəfsani çılğınlıqların və qəflətin dəf edilməsi üçün ölümü tez-tez təfəkkür etməyin xüsusi yeri var.[4] Bu təfəkkürlə qəlblərimizi canlandıra bilsək, böyük mənəvi qazanca çevrilər.

      Təəssüf ki, bu gün “hər kəs istədiyini etsin” deyən kapitalist, liberal və mənfəətpərəst bir anlayış bütün dünyaya hakimdir. Bu sistem heç bir mənəvi məsuliyyət hissi daşımadan, vicdani və əxlaqi qayğı güdmədən dünya qaynaqlarını acımasızcasına istismar edir. Havanı, suyu, torpağı kirlədir, nəbatat və heyvanata zərər verir. Hətta maddi-mənəvi dəyərlərini istismar edərək insanların da canına qəsd edir. “Axirətsiz dünya” xəyalı ilə zülm edir, bəşəriyyəti də bu xam xəyala inandırmağa çalışır.

      İnsan axirəti unutduğu zaman dünyanın və nəfsinin əsirinə çevrilir. Cəmiyyət öz fəlakətini səadət zənn edəcək qədər dərin qəflət çaşqınlığına sürüklənir.

      Məhz bu nöqteyi-nəzərdən baxanda Ramazani-Şərif sanki qəflət bataqlığına dalan dünyaya yenidən silkinərək özünə gəlmək və təmizlənmək üçün xilasedici dairəyə çevrilir. Başda oruc olmaqla Ramazani-Şərifin bütün irfan dərsləri insanın təfəkkür qabiliyyətini açır, qəlbini zərifləşdirir, vicdanını canlandırır.

      Rəbbimizə sonsuz həmd-sənalar olsun ki, bu ilin Ramazani-Şərifinə qovuşduq. Lakin gələn ilin Ramazanına qovuşacağıqmı, bu, məchuldur… Keçən Ramazan aramızda olduğu halda bu il aramızda olmayan bir çox qardaşımızı xatırlayaq. Bu həqiqətin verdiyi ibrət dolu mesajı ciddi qarşılamalıyıq. Ömrümüzün qalan hissəsini keçən hissəsindən xeyirli edə bilmək üçün əlimizdən gələn heç bir xeyrə laqeyd qalmayaq. Çünki əcəl məchuldur. Ömür neməti bir dəfəyə məxsusdur, təkrarı yoxdur…

      Hər birimiz bu fani dünya məktəbinin tələbələriyik. Təhsilimiz son nəfəsimizlə tamamlanacaq, iman və əməllərimizlə birlikdə torpağa gömüləcəyik. Qiyamətdən sonra isə əsas və əbədi həyat başlayacaq. Orada dünya məktəbinin diplomunu bizə verib:

       “Oxu, kitabını (əməl dəftərini). Bu gün sən haqq-hesab çəkməyə özün-özünə (özün öz əməllərinin şahidi olmağa) kifayətsən!” (əl-İsra, 14) - buyurulacaq.

      Elə isə əcəl gəlib çatmadan tövbə edib saleh əməllər işləməyə tələsməliyik.

      Tabeundan Amir bin Abdiqays g ölümü yaxınlaşdıqda ağlamağa başladı. Ondan nə üçün ağladığını soruşdular. Bu cavabı verdi:

      “Nə ölüm qorxusu, nə də dünyaya olan ehtirasıma görə ağlayıram. Lakin isti günlərdə oruc tutmaqdan, gecələri ibadətə qalxmaqdan (təhəccüddən) məhrum qalacağım üçün ağlayıram”. (Zəhəbi, Siyər, IV, 19)

      Ona görə zahirən hər nə qədər uzun görünsə də, əbədi həyatın yanında bir aylıq Ramazandan da qısa bir müddət olan fani ömrümüzü ilahi əfv bəraətini ala biləcək keyfiyyətdə olan saleh əməllərlə dəyərləndirməyə çalışmalıyıq.

      Bayram həqiqəti

      Əsl bayram həqiqətinə qovuşa bilmək üçün Ramazani-Şərif kimi bayramı da ciddi qulluq şüuru ilə qarşılayıb layiqincə idrak və əhya etmək lazımdır. Çünki Ramazan bir təqva məktəbi, bayram isə onun mənəvi şəhadətnaməsidir.

      Bayramlar əsla tətil və əyləncə kimi fərdi səfa günləri deyil. Əksinə, qohum-əqrəba ziyarəti, keçmişlərimizi xeyirlə yad edib ruhlarını şad etmək, küsülülükləri aradan qaldırmaq və iman qardaşlığını ictimai olaraq yaşatmaq kimi mükəlləfiyyətlərimizin ədasına vəsilə olan ictimai ibadət günləridir.

      Bu sevinc günlərinin həqiqətinə qovuşmaq isə xüsusilə möhtac və qəriblərin könüllərini xoş etməklə mümkündür. Çünki əsl bayram səadətinin seyr ediləcəyi ən şəffaf ayna bayram sevinci yaşadılan qırıq könüllərdir. Unutmayaq ki, mərhəmət edənə mərhəmət olunar. Haqqın rizası üçün başqalarını sevindirəni Allah-Təala da sevindirər.

      Necə ki, əsri-səadətdə bayram hazırlığı infaq, ikram və sədəqələrlə görülər, bayram Allah üçün göstərilən fədakarlıqlarla qarşılanardı.

      Ramazan ayının təşrifi ilə ehtiyac içində qıvranan möhtacların gözündə bir ümid işığı parıldayar. Çünki zəkat, fitrə və sədəqə kimi mali ibadətlər təbəssümü unutmuş üzləri məhz bu ayda sevincə qovuşdurar.

      Bu mübarək ayda fitrə / fitr sədəqəsi, şəri olaraq zəngin sayılan hər möminə vacib, hətta bəzi görüşlərə görə fərzdir. Fitrə bayram namazına qədər verilərsə, məqbul olar. Daha sonra isə fitrə olmaqdan çıxar, nafilə sədəqə olar.[5] Peyğəmbərimiz r kasıb möminlərin də bayrama könül xoşluğu ilə girə bilmələri üçün fitrələrin bayramdan əvvəl verilməsini istəmiş, “Onları bu gün (bayram günü) ac dolaşmaqdan qurtarın!”, - buyurmuşdur. (İbn Sad, I, 248)

      Biz də bu həqiqətlər işığında ölkəmizdəki mühacirlərə ənsar olaq. Kimsəsizlərin kimsəsi, çarəsizlərin ümid işığı olmağa çalışaq. Onların halını xəbər alaq. Dünyanın dörd bir tərəfindən yüksələn imdad səslərinə, səssiz fəryadlara qulaq verək. Gücümüzün yetdiyi yerə əlimizi uzadaq, qəlbimizi açaq.

      Bayramlar ruhani sevinc və ibadət vəcdi ilə yaşanmalıdır. Necə ki, bayram günlərində və gecələrində edilən həmd, şükür, zikr, təsbih, təkbir ilə fərdi və ictimai olan bütün qulluq təzahürlərinə Allah-Təalanın müstəsna mükafatları var. Hədisi-şərifdə buyurulur:

      “Savabını Allahdan umaraq Ramazan və Qurban bayramı gecələrini ibadətlə əhya edənlərin qəlbi - bütün qəlblərin öldüyü gün - ölməyəcək”. (İbn Macə, Siyam, 68/1782)

      Bu etibarla bayram gecələrini də qənimət bilməliyik. Unutmamaq lazımdır ki, əsl bayram səlim bir qəlb, rahat vicdan və ağ üzlə Allahın hüzuruna çıxarkən yaşanacaq bayramdır. Bəhlul Danəndə həzrətlərinin bu sözü necə də ibrətlidir:

      “Bayram yeni və gözəl paltar geyinənlərə deyil, ilahi əzabdan əmin olub əbədi ziyandan qurtuluşa nail olanlaradır. Bayram yaxşı miniyə minənlərə deyil, xəta və qüsurlarını tərk edərək xalis qul olanlaradır…”

      Xülasə, əsl bayram Haqq-Təalanın bizdən razı olmasıdır.

      Ramazan iqlimində yaşanan ömür

      Müsəlmanlıq sadəcə Ramazana məxsus, müəyyən günlərə aid bir mərasim deyil, son nəfəsə qədər yaşanacaq bir təqva həyatıdır. İbadətlər müəyyən vaxtlarda əda edilib tamamlanar, lakin qulluq daimidir.

      Ramazani-Şərifi də ildə bir dəfə bizə baş çəkən və sadəcə gəldiyi günlərdə razı salınacaq qonaq kimi yox, ömrümüzü necə sürəcəyimizi təlim etmək üçün bizə lütf edilən, hər il təkrar olunan bir aylıq kurs kimi görməliyik.

      Ona görə Ramazan tərbiyəsi altında qazandığımız mənəvi dəyərləri heç vaxt unutmamalıyıq. Bu ayda qazandıqlarımızı itirmədən gələcək ilin Ramazanına vasil olmaq üçün əlimizdən gələni əsirgəməməliyik. Beləliklə də ömrümüzü Ramazani-Şərif iqlimində yaşamalıyıq.

      Həzrət Əli t belə xəbərdarlıq edir:

      “İşlədiyiniz saleh əməllərə göstərdiyiniz əhəmiyyətdən daha artığını onun qəbulu və qorunması üçün göstərin”.

      İbadətlərlə keçirilən bir Ramazanın ardından yenidən günah və qəflətə düçar olmaq, yanlış əməl işləmək qazanılan sərvəti hədər etməyə bənzəyir.

      Bu etibarla Ramazan ayında qazandığımız mənəvi dəyərləri Ramazandan sonra da itirməyək:

      P Sağlamlığımız və yaşadığımız şərtlər əlverişlidirsə, qəməri ayların on üç, on dörd və on beşinci günlərində, eləcə də bazar ertəsi və cümə axşamları oruc tutaraq bu ibadətin könül feyzindən mümkün mərtəbə istifadə edək.

      P Orucun təlqin etdiyi mərhəmət, şəfqət, qayğıkeşlik, comərdlik və fədakarlığı heç vaxt silinməyəcək şəkildə şəxsiyyətimizə nəqş edək.

      P Sahura qalxma vərdişini ömürlük təhəccüd vərdişinə çevirək.

      P Oxuduğumuz müqabilələri, xətmləri, Quran ilə ünsiyyətimizi hər günümüzə şamil etməyə çalışaq.

      Unutmayaq ki, ilahi rəhmət hər zaman təcəlli halındadır. Ömrün hər anı ilahi rizanı qazanmaq üçün bir fürsətdir. Mühüm olan hər bir halda bizi ilahi rəhmətə çatdıracaq vəsilələrin arayışında olmaqdır. Ona görə “hər keçəni Xızır, hər gecəni Qədr” bilərək bütün ömrümüzü feyzli bir Ramazan iqlimində yaşamağa cəhd etməliyik.

      Haqq-Təala lütf-kərəmi ilə hər birimizə Ramazani-Şərifin feyz və ruhaniyyətini ömür boyu davam etdirə bilməyi, son nəfəsimizin də əbədi bayram müjdəçisi olmasını nəsib etsin.

      Rəbbimiz Muhamməd ümmətini qəzalardan, bəla və müsibətlərdən mühafizə etsin. Yaşadığımız bu çətin günlərdə əhli-İslam başda olmaqla bütün dünyanı əmin-amanlığa çıxartsın.

      Amin!..

       


      [1] Əli əl-Müttəqi, VIII, 477/23714.

      [2] İbn Kə­sir, Təf­sir, I, 27.

      [3] Bax. Tirmizi, Zəkat, 28/664; Süyuti, əl-Camius-Sağir, I, 108.

      [4] Tirmizi, Zöhd, 4/2307.

      [5] Bax. İbn Macə, Zəkat, 21.

       

      • Hits: 993 clicks

      Tecox component by www.teglo.info