Həzi ASLANOV - GÜNAHLARDAN “BƏRAƏT” GECƏSİ

      Share

      Zaman məfhumu dinimizdə çox əhəmiyyətli bir yerə malikdir. Dinimiz vaxtın qiymətini bilməyi, onun fərqində olmağı və onu dəyərləndirə bilməyi bizə öyrətməkdədir.

      Zaman dilimi içərisində elə vaxtlar var ki, digər vaxtlardan fərqlənir. Məsələn, aylardan Üç aylar və Ramazan, günlərdən cümə və bayram günləri, gecələrdən Qədr, Merac, Rəğaib, Mövlud, Bəraət və s.

      Bəzi insanların digərlərindən, bəzi yerlərin digər yerlərdən fərqi olduğu kimi, gecə xüsusunda da bəzi gecələrin digər gecələrdən fərqi vardır. Belə fərqli gecələrdən biri də məhz Bəraət gecəsidir.

      Qurtuluş, əfv və təmizlənmə mənasına gələn Bəraət, möminlərə qulluq və haqq-hesab şüuru ilə xətalardan, günah və yanlış işlərdən təmizlənməyi, əfv olunmaqla birgə əfv etməyi və bağışlanmaqla yanaşı bağışlaya bilmə şüurunu da qazandırır.

      Bəraət gecəsi hicri-qəməri ayların səkkizinci ayı olan Şaban ayının on dördüncü gününü on beşinci gününə bağlayan gecədir. İslam aləmində məğfirət və qurtuluş gecəsi olaraq bilinir. Hz. Peyğəmbərimiz (s.ə.s) bir hədisində belə buyurmuşdur: “Şaban ayının on beşinci gecəsində ibadət etmək üçün qalxın. Həmin günün gündüzündə isə oruc tutun. Çünki o gün Günəş batdıqda Uca Allah dünya səmasına enərək  (rəhmət nəzəri ilə baxaraq) dan yeri sökülənə qədər belə buyurar: “Məndən bağışlanmaq istəyən yoxdurmu, onu bağışlayım? Məndən ruzi istəyən yoxdurmu, ona ruzi verim? Bir bəlaya mübtəla olan yoxdurmu, onu bəladan xilas edim? Elə olan yoxdurmu, belə olan yoxdurmu, onlara da istədiklərini verim?”. (İbn Macə)

      Başqa bir hədisdə Hz. Peyğəmbər (s.ə.s): “Bu gecədə Allah-Təala Bəni-kəlb qəbiləsinin qoyunlarının tüklərinin sayı qədər insanı cəhənnəmdən qurtarar”, - buyuraraq gecənin əhəmiyyətinə diqqət çəkmişdir.

      Hz. Aişə anamız (r.anhə) deyir: “Bir gecə Rəsulullah (s.ə.s) qalxdı və  namaza durdu, nəhayət, səcdəyə getdi. Səcdəsini o qədər uzatdı ki, mən ruhunun alındığını (yəni vəfat etdiyini) düşündüm. Qalxıb yanına getdim. Barmağına toxundum, canlı olduğunu görüncə geri döndüm. O əsnada səcdədə olan  Rəsulullah (s.ə.s) Allaha yalvararaq belə dua edirdi:

      “Allahım! Əzabından əfvinə sığınıram, qəzəbindən rizana sığınıram, Səndən yenə Sənə sığınıram. Səni Sənin özünü tərif etdiyin kimi əsla tərif edə bilmərəm, Səni ancaq Sən layiqincə tərif edə bilərsən. Zatına yaraşan tərifi ancaq sən edərsən, Allahım!..”

      Rəsulullah başını səcdədən qaldırdı, namazını tamamladı və dedi:

      - Ey Aişə! Bilirsənmi bu gecə hansı gecədir?

      - Allah və Rəsulu daha yaxşı bilir, - dedim.

      - Bu gecə Şabanın yarısı, yəni on beşinci gecəsidir. Allah bu gecə qullarına və qullarının əməl və davranışlarına baxar, bağışlanmaq istəyənləri  bağışlayar, mərhəmət diləyənlərə mərhəmət edər. Kin, həsəd və pis əməl sahiblərini, tövbə etməzlərsə, onları bağışlamaz, olduğu kimi saxlayar”. (Ət-tərğib vət-tərhib)

      Arif kəslər də bu duanın həm bu gecədə, həm də digər vaxtlarda oxunmasını tövsiyə etmişlər.

      İnsanların qədəri dünyaya gəlməmişdən əvvəl lövhi-məhfuzda yazılmışdır. Bəzi alimlər dünya ilə əlaqədar işlərin lövhi-məhfuzdan vəzifəli mələklərə Bəraət gecəsində bildirildiyini qeyd edirlər. Katib mələklər bu gecədən növbəti ilin bu gecəsinə qədər olacaq hadisələri lövhi-məhfuzdan yazar və bu işlər Qədr gecəsində bitər.

      Bu və digər xüsusi gecələri fürsət bilmək, ondan istifadə etmək və belə zamanları lehimizdə istifadə etmək karlı bir əməldir. Axı əldən çıxan fürsətlər bir daha geri gəlməyə bilər. Hər dəfə üç aylar və Ramazan başlayanda moizələrdə bu ifadəni eşidirik: “Keçən Ramazan (Bəraət, Qədr və s.) aramızda olub, bu Ramazan aramızda olmayan neçə-neçə insan vardır...”

      Bir söz dəfələrlə təkrarlanarsa, o söz adiləşər və insanlarda həmin sözə qarşı bezginlik yaranar. Lakin bu ifadə elə deyildir. Çünki bu ifadənin doğruluğunu gözlərimizlə görməkdə, qulaqlarımızla eşitməkdə və həqiqiliyini anlamaqdayıq. Ona görə də həm bu kimi gecələri, həm də üç ayları və xüsusilə də on bir ayın sultanı olan Ramazanı sanki son fürsət imiş kimi lazımi şəkildə dəyərləndirməliyik.

      Unutmayaq ki, dinimizdə vaxtı öldürmək yox, onu diriltmək, fürsət bilmək, dünya və axirətimiz üçün əhya edərək azuqə əldə etmək vardır.

      • Hits: 79 clicks

      Tecox component by www.teglo.info