İbrahim Furkan ÖZDEMİR - QÜDSDƏ RAMAZAN BAŞQADIR

      Share

      Məscidi-Əqsanın həyətində çadır qurmaq üçün dəmir dirəkləri qurulmağa başlayıbsa, gənclər əllərindəki uzun məftillərlə küçədədirsə və divarlara nə isə asırlarsa, üzlərdə təbəssüm artışı müşahidə edilirsə, deməli, Qüdsdə mübarək Ramazan ayı yaxınlaşır.

      Bir çox ərəb ölkəsində olduğu kimi Fələstində də küçələr, evlər və iş yerləri Ramazanda qəndillərlə işıqlandırılır. Şərqi Qüdsdə qədim şəhər surlarının xaricində qalan Zəhra və Səlahəddin prospektindən Şam və Sahira qapısı başda olmaqla Məscidi-Əqsaya çıxan bütün küçələr qəndillərlə işıqlandırılır.

      Ramazan qüdslülərə on bir ay ərzində yaşadıqları təzyiqlərdən bir az uzaq qalma imkanı verir. Bu coğrafiyada yaşayanlar ümumiyyətlə istiqanlı və gülərüzdürlər. Fələstinlilər də gülərüz olmağa çalışsalar da, işğal səbəbi ilə üzlərindən əsəbi olduqları oxunur. Sudandan Qüdsə gəldiyim ilk həftə bunu dərindən hiss etmişdim. Üzlərdəki əsəbi gərginlik Ramazanın gəlişi ilə xoş təbəssümlə əvəz olunur.

      Ramazan ayında sadəcə müsəlmanlar deyil, xristianlar da bu bərəkət iqlimindən faydalanırlar. Yalnız Ramazanda hazırlanan şirniyyat və şərbətlərdən almaq imkanı əldə edirlər. Ən məşhuru olan “kadayıf”ı[1] zikr etmək yerində olar. Soyuq şərbətlərdən “sus”, “tanir-hindi” və “harrub” qəlblərə sərinlik verir. Sahur və iftarda yemək çeşidləri bir o qədər fərqlənməsə də, iftarda içilən səbzi və şəhriyə şorbası evlərin ən sevilən yeməyidir.

      Qədim şəhərdə adətən axşam 6-da bağlanan dükanlar gecə yarısına qədər açıq olur. Surların ətrafında səyyar çay dəzgahları qurulur. Şam qapısında təravih namazından sonra bəzi günlər kiçik məclislər qurulur. Adətən bu məclislərdə ilahi və qəsidələr oxunur.

      Səhər tezdən oruclu halda nəzarət məntəqələrində saatlarla gözləyərək sadəcə Məscidi-Əqsada cümə namazı qılmaq üçün Qərbi Şəriə bölgəsindən yola çıxan yüzlərlə müsəlmanı Şam qapısında qarşılamaq… Ömürlərində ilk dəfə Qüdsü görən fələstinlilərin həyəcanlarına, sevinc və göz yaşlarına şahidlik etmək… Mənə telefonlarını uzadıb fotolarını çəkməmi istəyənlərin coşqusu…

      Ramazan ayında bir cümə səhəri qonağımı hava limanına aparıb geri qayıdarkən və qədim şəhərdə yerləşən evimə gedərkən Şam qapısında qarşılaşdığım bu mənzərəni əsla unutmayacağam. Qüdsdə Ramazanın ən unudulmaz tablolarından biri də budur.

      Ramazan ayında hər cümə namazından sonra qədim şəhərdə yolunu azan onlarla insanın “Şam qapısına necə gedə bilərəm?” sualı ilə qarşılaşarsınız. Bu sualı Əbu-Disdə, Ramda yaşayanlar, yəni əslində Qüdsün sakinləri verər sizə. Şam qapısını soruşmalarının səbəbi yaşadıqları bölgəyə gedən avtobusların oradan hərəkət etməsidir. Fələstində doğulan, burada boya-başa çatan insanların Qüdsə gələ bilməməsini, şəhəri tanımamasını beləcə fərq edərsiniz.

      Məscidi-Əqsada sübh, axşam və yatsı namazlarını (bazar ertəsi xaric) Şeyx Yusuf Əbu Süneynə qıldırır. Ramazanda yatsının fərzi də Şeyx Yusuf tərəfindən qıldırılır. Sonra təravih namazı dörd imam tərəfindən iki-iki olmaqla 20 rükət qılınır. İlk səkkiz rükətdən sonra camaatın yarısı dağılışır. Təravihi qadınlar Qübbətus-Səxrada, kişilər Qiblə məscidində qılırlar. Məscidə sığmayan camaat həyətə daşır.

      Adətən yatsı namazından bir saat sonra bağlanan Əqsa məscidi Ramazan ayında gecə saat 12-də bağlanır, saat 4-də təhəccüd namazı üçün yenidən açılır. Bir çox ərəb ölkəsində olduğu kimi, təhəccüd namazı üçün bir azan (sübh namazından əvvəl su içmək və oruca niyyət üçün xatırlatma azanı) və sübh azanı oxunur. Ramazanın son on günündə Qərbi Şəriə bölgəsindən gələn müsəlmanların bəzisi geri qayıtmadan Məscidi-Əqsada etikafa girirlər.

      Ramazanın ən qələbəlik və coşqulu anları Qədr gecəsində yaşanır. Məscidi-Əqsa ərazisi ağzına qədər dolu olur. Hər kəs dua və ibadətlə məşğuldur. Sonra bayram gəlir mübarək məkana…

      Qüdsdə Ramazan başqadır. İşğal və kədərə rəğmən Ramazan bir bahar təravəti kimi gəlir Qüdsə. Bayrama qədər bambaşqa bir zaman yaşadır qüdslülərə…

       


      [1] Türk mətbəxindəki kadayıfdan fərqli bir şirniyyat növüdür

       

      • Hits: 89 clicks

      Tecox component by www.teglo.info