Mübariz ƏLİOĞLU - MƏRİFƏTULLAHA DOĞRU ADDIM-ADDIM

      Share

      Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Allah (c.c) sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın (c.c) nemətini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur”. (İbrahim, 34)

      Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

       

       Uca Allahın (c.c) təqdiri ilə Hz. Süleyman əleyhissalam tükənməz ölçülərdə yeraltı və yerüstü zənginliklərə sahib idi. İnsanlara, cinlərə, quşlara, yırtıcı heyvanlara da hakim olan və maddi-mənəvi səltənəti hüdud tanımayan peyğəmbər bir gün Rəbbindən bunları istədi: “Ya Rəbbi! İzin ver yer üzərində yaşayan bütün canlıların bir illik ruzisini mən verim”. Uca Haqdan nida gəldi: “Ey Süleyman! Sənin bu işə gücün yetməz”. Süleyman peyğəmbər də:“Elə isə, Rəbbim, bir günlük yeyəcəklərini verməyimə izin ver”, - deyə yalvardı. Uca Allah (c.c) izin verdi. Süleyman əleyhissalam dərhal bütün insanları və cinləri bir araya toplayaraq yer üzü canlıları üçün bir günlük yemək hazırlamalarını əmr etdi. İnsanlar cinlərlə birgə əmrə canla-başla yanaşaraq tam 40 gün müddətində buna müvəffəq oldular. Yemək və içmək növləri geniş meydanlarda qurulan və uzunluğu bir aylıq piyada yolu alan süfrələrə düzüldü. Uca Allah (c.c) ilk öncə dənizdəki balıqların süfrələrə axın etməsini əmr buyurdu. Bütün balıqlar bir-bir gələrək: “Ey Süleyman! Bu gün ruzimizi sən verəcəksən. Bu, Rəbbimizin əmridir”, - dedilər. Süleyman peyğəmbər də: “Xoş gəldiniz, buyurun, yeyin”, - deyə cavab verdi. Sayı-hesabı təkcə Rəbbimizə məlum olan balıqlar sıra ilə bir loğma yedikdən sonra baxdılar ki, önlərindəki yemək tükənib. Hamısı bir ağızdan: “Ey Süleyman! Madam ki bizi dəvət etdin, qarnımızı doyuzdur, çünki ac qaldıq”, - deyə müdhiş bir fəryada başladılar. Bütün insan və cinlərin 40 gün ərzində hazırladıqları o qədər yeməyi balıqların bir loğma ilə tükətdiyini görən Süleyman əleyhissalam, böyük bir xətaya düşdüyünü anlayaraq səcdəyə qapandı və kainatın bənzərsiz Sahibinin ehtişamı qarşısında xətasını etiraf etdi: “Ey Allahım! Sən ağlımın qavrayamayacağı şəkildə yerlərdə, göylərdə, bilinən-bilinməyən aləmlərdə zərrələrdən kürələrə kimi bütün mövcudatın maddi və mənəvi ruzisini fasiləsiz olaraq ehsan edən Rəbbimsən. Ey Rəbbim! Sən bütün nöqsanlardan uzaqsan. Uca hüzuruna  fani varlığımla deyil, yoxluğumla baş qoyuram. Ey şanına hər zaman gözəlliklər yaraşan Rəbbim! Məni əfv eylə!”.

      Öz-özümüzə belə bir sual verək, hər gün ilahi rəhmətin sərhəd tanımayan ikramı olaraq bizlərə ehsan edilən sonsuz nemətlərin sayı və keyfiyyəti haqqında nə qədər məlumatlıyıq? Son elmi araşdırmaların işığında normal çəkiyə sahib bir insanın bədənində 50 trilyon hüceyrənin olduğunu və hər bir hüceyrənin də saniyədə 6 trilyon əməliyyatı yerinə yetirdiyini biliriksə, onda bu qədər hüceyrənin tələb etdiyi lazımi keyfiyyətdə hazırlanmış mikro ruzi paylarının hansı dəqiqliklə ünvanlara daşındığını və bədəni ayaqda tutduğunu təsəvvür edə bilirikmi? Sadəcə bir hüceyrəni təşkil edən və sayı Yaradana məlum olan daha xırda zərrəciklərin ruzi paylaşımı haqqında doğru-dürüst bir mülahizəmiz varmı? Suda və quruda yaşayan başqa canlıların, bitkilərin, sayı bilinməyən mikroorqanizmlərin, elementar zərrəciklərin fasiləsiz ruzi paylaşımı haqqında heç fikirləşmişikmi? Göylərdə nizamlı hərəkət edən göy cisimlərinin, xüsusən də diametri bir milyon 400 min kilometrə çatan Günəşin 20 milyon dərəcə temperaturdakı ulduzdaxili ruzi mübadiləsini və yerdəki möcüzəvi həyata min bir rəng qatan bəsləyici təsirini hansı qaneedici ifadələrlə gün işığına çıxara bilərik? İlahi əzəmətin ehtişamı qarşısında acizliyimizi etiraf etməyə məcburuq. Lakin qəflətimiz bizləri bu etirafdan hər zaman faciəvi şəkildə uzaq tutmaqdadır. Unutmayaq ki, qəlblərdəki qəfləti mərifətlə, nifrəti sevgi ilə əvəzləmiş Hz. Muhamməd əleyhissalamın və onun əsrlərə mərifətullah rüzgarı əsdirən sadiq davamçılarının qurtuluş mirası mənəvi boşluğumuzu dolduracaq səviyyədədir. İbn Ataullah İskəndəri həzrətlərinin Aləmlərin Rəbbi olan Uca Allahın (c.c) təfəkkürləri aciz buraxan ehtişamına bütün varlığı ilə təslim olma və böyüklüyünə layiq olacaq şəkildə həqiqi qul olma səadətinin ecazkar mahiyyətini tükənməz bir  həyat eşqi ilə ümmətə tanıtması, mənəvi mirasın ağır itkilərə məruz buraxıldığı indiki dövrdə mərifətullahı addım-addım anlama və yaşama istiqamətində hər birimizə səadət qapılarını aralayan ümid çağırışıdır:

       

       “Allah-Təalanın (c.c) səni zahirdə əmrinə boyun əyən bir qul, batin və könül aləmində isə qüvvət və qəhrinə tam təslim olan bir mömin olaraq (mərifətullahı və məhəbbətullahı ilə) mənən ruziləndirdiyi an sənə lütf və ehsanının ən böyüyünü vermiş deməkdir”.     

      • Hits: 182 clicks

      Tecox component by www.teglo.info