Kamran MƏMMƏDOV - TÖVHİD

      Share

      Kəlmeyi-tövhid (Lə iləhə illəllah) ilin on iki ayı kimi on iki hərfdən meydana gəlir. Peyğəmbərimiz (s.ə.s): “Kim lə iləhə illəllah desə, cənnətə girər”, - buyurmuşdur. Kəlmeyi-tövhidin ikinci hissəsi olan “Muhammədun Rəsulullah” ilə birlikdə kəlmeyi-tayyibə (ən gözəl ifadə) olan, “tövhid və peyğəmbərliyi” içinə alan iki cümlə yeddi söz və iyirmi dörd hərfdən ibarətdir. Bir gün iyirmi dörd saatdır. Kəlmeyi-tövhid də “Muhammədun Rəsulullah” qismiylə birlikdə iyirmi dörd hərfdən meydana gəlir.

       Hər bir hərfi günün bir saatında işlənən günahlara kəffarə olar və iyirmi dörd saat onunla məşğul olma gərəyinə işarə edər. Kəlmeyi-tövhid birlikdə yeddi sözdür. Cəhənnəmin qapıları da yeddi dənədir. Hər bir söz cəhənnəm qapılarından birini bağlayar.

      Fəxrəddin Razi həzrətləri “Əsrarun-Nüzul” kitabında belə izah edir: “İnsan yeddi üzvü üzrə səcdə edər, cəhənnəm qapıları da yeddidir. Kəlmeyi-tövhidin sözü də yeddidir. Kəlmeyi-tövhidə və namaza davam edən kəs cəhənnəmin yeddi qapısını üzünə bağlayar  və cəhənnəmdən xilas olar”.

      Qurani-Kərimdə də bu böyük sözün əsrarına işarə edilir: “Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz (lə iləhə illəllah, Muhammədun rəsulullah) kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac (xurma ağacı) kimidir. O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verər. Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar! (Ağacın kökü yerdə, budaqları göydə olduğu kimi, möminin də imanı qəlbində sabit qalır, əməlləri isə göyə - Allah dərgahına yüksəlib ona daim savab qazandırır)”. (İbrahim, 24-25)

      Kəlmeyi-tövhid bir ağaca bənzədiyinə görə bunun kökləri iman və ixlas, damarları təsdiq, budaqları İslamın şərtləri və əsasları, meyvələri saleh əməl, yarpaqları gözəl sözlər, çiçəkləri də gözəl əxlaqdır. Kim bu tövhid ağacının kölgəsinə sığınarsa, hər bəladan və çətinlikdən xilas olar. Ağac göyə yüksəldiyi kimi, kəlmeyi-tövhid də uca Mövlaya yüksələr.

      Kəlmeyi-tövhid ən təmiz ağac və meyvə olan xurmaya bənzədilmişdir. Kəlmeyi-tövhid də zikrlərin ən şərəflisidir. Peyğəmbərimiz (s.ə.s): “Zikrlərin ən fəzilətlisi lə iləhə illəllah, şükrün ən üstünü isə əlhəmdülillah deməkdir, - buyurmuşdur.

      Kəlmeyi-tövhidin yeddi sözü ayrıca yeddi qat səma və ərzə, Fatihənin yeddi ayəsinə, Quranın yeddi qiraətinə, tövhid və peyğəmbərliklə olan münasibətinə diqqətimizi çəkərək ağıl sahiblərini hikmətlərini araşdırmaq mövzusunda təşviq edir. Bu mənada Qurani-Kərim bizə yol göstərir:

      “Hər kəs (dünyada) izzət-qüdrət (şərəf-şan) istəsə, (bilsin ki, dünyada da, axirətdə də) bütün izzət-qüdrət (şərəf-şan) ancaq Allaha məxsusdur. (Buna yalnız Allaha itaət və ibadət etməklə nail olmaq mümkündür). Pak söz (tövhid kəlməsi, zikr, həmd-səna) Ona tərəf yüksələr və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar. (Allah pak sözü eşidəndir, saleh əməli də qəbul edər). Pis əməllər edənləri şiddətli bir əzab gözləyir. Onların qurduqları hiylələr boşa çıxar”. (əl-Fatir, 10)

      İman etmiş bir şəxs (tövhid əhli)  aşağıdakıları gücü çatdığı nisbətdə yerinə yetirərsə, dünyasını da, axirətini də xilas etmiş olar. Belə ki, mömin:

      - Allahı və Peyğəmbəri hər kəsdən çox sevməli,

      - Quran oxumağı öyrənməli və davamlı oxumalı,

      - Ata-anasına itaət etməli,

      - Qohum-əqrəbadan əlaqəsini kəsməməli,

      - Allaha üsyan edilən yerlərdə olmamalı,

      - Haram qazanc yollarına baş vurmamalı,

      - Faiz alıb-verməməli,

      - Rüşvət alıb-verməməli,

      - İbadətlərinə diqqət yetirməli,

      - Namaz və orucu tərk etməməli,

      - Zəkat və həcc ibadətlərinə can atmalı,

      - Elm öyrənməli,

      - Qüsur və eyibləri örtməli,

      - Əlini və dilini faydasız əməllərdən qorumalıdır.

      Unutmayaq ki, İslam təkcə nəzəriyyə deyil. Bilmək kifayət etməz. Bildikləri ilə əməl etmək və əməlində səmimi olmaq lazımdır. Gözəl insan ola bilmək üçün gözəl bir müəllimə ehtiyac olduğu kimi, gözəl bir çevrəyə də ehtiyacımız var. Rəbbimizin bu təlimatını unutmayaq: “Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla birlikdə olun!” (ət-Tövbə, 119)

       

      • Hits: 61 clicks

      Tecox component by www.teglo.info