Əziz SULTANOV - NÖVBƏ KİMİNDİR?

      Share

      Dan yeri yenicə ağarırdı. Həyətin ortasında, ən çox Günəş görən, tala kimi açıq meydançanın şimala yaxın tərəfində yerə bərkidilmiş konusvari bir klyonka peyda olmuşdu. Gecəynən gətirib qoymuşdular. Klyonkanı külək aparmasın deyə yanlarını da torpaqla yaxşıca bərkitmişdilər.

      Nəhayət, Günəş hündür dağların arxasından daha da hündürə qalxaraq ətrafa nur səpən saçaqlarını tökdükdən, bütün kölgələr onun istisində əriməkdən qorxaraq öz sahiblərinin arxasında gizləndikdən sonra hər kəs gecədən bəri gördüyü bu qaraltı haqda müəyyən bir fikrə sahib oldu. Narın, şəffaf klyonkanın altında bulanıq halda sezilən körpə, yaşıl varlıq orada bir həyatın mövcudluğundan xəbər verirdi. Xüsusi qayğıya möhtac, qorunmuş, əhəmiyyət kəsb edən bir həyat.

      - Görəsən, kimdir? – aralarında ən böyük sayılan, dərisi – qabığı cadar-cadar olmuş, qolları qabar-qabar olmuş yaşlı ərik ağacı dilləndi.

      - Ya xiyar olacaq, ya da qarpız, - deyə böyük albalı ağacının dibində pöhrə vermiş balaca albalı ağacının cır səsi eşidildi. Böyüklərin söhbətinə onun bu şəkildə müdaxil olması, öz yerini bilmədən, söz verilmədən danışması böyük ağacları narahat etsə də, dillənmədilər. Çünki onların bundan daha böyük dərdləri, daha ağır qayğıları var idi. Onlar öz gələcəklərinin bu çağırılmamış qonağın taleyi ilə yaxından bağlı olduğunu çox yaxşı bilirdilər. Vaxtilə bu meydançada yer alan qoca tut ağacının aqibətini unutmamışdılar.

      Cavan albalının söz deməsindən cəsarətlənən armud ağacı da öz fikrini dilə gətirdi:

      - Yapon əzgili, yaxud kivi ola bilər. Mən yeni çıxan belə ağacların digərlərindən daha çox satıldığını görmüşəm. – Armud bu bağçaya bir il əvvəl gəlmişdi. Bazarda satışa çıxarıldığı on gün ərzində nələr görmüşdü, nələr...

      - Məncə insan bu qədər vəfasız olmamalıdır, - yaşca ərikdən bir neçə il cavan olan, lakin bağçada ikinci ağsaqqal sayılan alma ağacı dedi. – Ümid edirəm ki, bu bağçaya uzun illər xidmət göstərmiş tut ağacının yerini tutacaq yeni bir tut ağacı gətirərlər.

      İnsanın bəzən həqiqətən çox insafsız hərəkət etdiyini hamısı bilirdi. Gündən-günə çirklənən təbiət, hektarlarla od vurulan taxıl sahələri, məsuliyyətsizlik ucbatından yanıb külə dönən meşələr...

      Öskürük səsi eşidiləndə hamı susdu. Bağçanın sahibləri – ata və oğul gəlib klyonkanı açdılar.

      - Satıcının dediyi kimi, üstünü klyonka ilə örtdüm, banan ağacı soyuğa qarşı həssas imiş, - oğul dedi.

      - Banan imiş, - ağaclar bir ağızdan dedilər. Hərçənd, onların səsi ata-oğul üçün küləyin tərpətdiyi ağac budaqlarının xışıltısından başqa bir şey ifadə etmədi. – Xoş gəlmisən, balaca!

      ...

      Aradan həftələr, aylar keçdi. Banan ağacının görünüşündə elə də ciddi bir dəyişiklik görünmürdü. Bir gün yaşlı ərik ağacı dilləndi:

      - Bizim körpə ağaclara bax, necə də tez böyüdülər. Sən niyə belə balaca qalmısan?

      - Eh! – cavan ağac qoca bir ah çəkdi, - mənim vətənimdəki banan ağaclarının boyunu görsəydiniz, meyvələrinizin ağzı açıq qalardı. Burada özümü böyük bir səhranın ortasında susuz qalmış kimi hiss edirəm.

      Onun yanına su gətirən arxın kənarında bitərək enli və tikanlı yarpaqları ilə digər otları öz həndəvərindən kənarlaşdıran və sanki bütün suyu təkbaşına içmək istəyən qanqal da rəhmə gəldi, dözə bilməyib soruşdu:

      - Qardaş, niyə içmirsən ki? Yoxsa bizim suyu bəyənmirsən?

      Banan bu səfər ah çəkmək yerinə göz yaşı tökmək istədi. Nə qədər gözlərini sıxsa da, susuzluqdan çatlayan gözlərini nəmlədə bilmədi.

      - İnsan!.. – dedi. - Bura gətirilmədən əvvəl mənə akasiya geni vurdular ki, guya köklərim daha möhkəm olacaq. Halbuki mən təkcə kökdən ibarət deyiləm. Mənə öz yurdumun torpağı, havası, rütubəti və Günəşi lazımdır. Bir də ki, məni sevgi ilə qucaqlayan meymunlar, həşəratlar, quşlar... İndi mənim keçmişimə yad olan köklərim mənə nə qədər su daşısa da, bu su mənim arzuladığım dadda deyil.

      Albalının fidanları çoxdan böyüyüb iki metri keçmişdi. Təşəxxüslə dillənərək dedi:

      - Gözlərini yum, elə bil ki, Afrikadasan. İç getsin!..

      Banan gözlərini yumdu. Suya görə yox, utandığından. Bu səfər acı xatirələri gözünün qarşısında canlandı: Əlində ucu şiş bir alət ilə ona yaxınlaşan mavi paltarlı mütəxəssis... Ağzına maska taxmış və heyrətlə onu müşahidə edən köməkçisi... Qayçı, bıçaq səsləri altında digər ağacların iniltisi... Dəmirin cingiltisi...

      İrkilib gözlərini açdı. Heç nə görə bilmədi. Hava çoxdan qaralmış, hər kəs yatmışdı; hətta qara bəxti də.

      Səhər açılanda digər ağaclar gördülər ki, banan ağacının yerində böyük bir çuxur qalıb. Görəsən, kimin üçün qazmışdılar? Ağaclar bilmədilər bu işə sevinsinlər, ya kədərlənsinlər... Axı bir can bir can idi, bir-bir azalırdılar.

      Kənara atılan sellofana baxdılar. Altında həyat əlaməti axtardılar, tapa bilmədilər. Görəsən, o klyonkanı indi kimin başına keçirəcəkdilər?

      • Hits: 57 clicks

      Tecox component by www.teglo.info